Maliyyə Nazirliyi bu ilin iyun ayında "Standard and Poor’s" ("S&P") beynəlxalq kredit reytinq agentliyinin təsdiq etdiyi reytinq üzrə proqnoz göstəricisi ilə müqayisədə “Fitch Ratings" beynəlxalq reytinq agentliyinin ötən gün dərc etdiyi hesabatda ölkənin uzunmüddətli yerli və xarici valyutada reytinqinin “BB+” səviyyəsində, reytinq üzrə proqnozun isə “pozitiv” təsdiq etməsini müsbət hal kimi qiymətləndirir. Baxmayaraq ki, Nazirlik daha əvvəl bəyan etdiyi kimi, hər iki agentliyin ölkəmizin kredit reytinqi məsələsinə xəsislik nümayiş etdirdiyi fikrində qalır. Bu barədə Maliyyə Nazirliyinin məlumatında qeyd eidlib. Həmçinin bildirirlir ki, “Fitch Ratings"in hesabatında bir sıra qeyri-dəqiq və mübahisəli rəqəmlər, proqnozlar verilib, eləcə də Azərbaycan tərəfindən qəbul edilməyən qiymətləndirmələr aparılıb.
İqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Maliyyə Nazirliyinin Azərbaycana kredit reytinqi məsələsində beynəlxalq qurumların xəsislik göstərməsi haqqında açıqladığı münasibət onu deməyə əsas verir ki, həmin qurumlar Azərbaycanın mövcud maliyyə imkanlarının çox qısqanclıqla qarşılayırlar, ölkəmizin kredit ödəmə qabiliyyətini qısqanclıqla qiymətləndirirlər. Məhz bunun nəticəsidir ki, həmin o kredit reytinqinin verilməsində əslində düzgün yanaşma nümayiş etdirilməyib və qiymətləndirmələr nazirliyin məlumatında da açıqlandığı kimi Azərbaycanın müvafiq dövlət strukturlarının məlumatları, təhlilləri analizlərinə əsasən aparılmayıb. Onun sözlərinə görə, həmin qurumların, beynəlxalq reytinq təşkilatlarının, maliyyə qurumlarının bu və digər ölkə haqqında verdikləri rəylər, söylədikləri qiymətləndirmələr nisbi xarakter daşıyır. Bu qurumlar hər hansı bir ölkənin müvafiq maliyyə imkanlarının qiymətləndirilməsində sırf öz mənafelərini və həmin qurumların yerləşdiyi ölkələrin dövlət maraqlarını əsas götürürlər.
“Azərbaycan 90-cı illərdə dünyanın aparıcı maliyyə qurumlarından kredit təşkilatlarından olduqca asılı vəziyyətdə idi. Hətta 90-cı illərin əvvəllərində büdcə kəsirinin belə ötürülməsi üçün biz beynəlxalq valyuta fondundan, dünya bankından vəsait alınması baxımından asılı idik. Amma Azərbaycan iqtisadiyyatı həmin böhrandan çıxdı. Ötən onilliklər ərzində Azərbaycan gəlib bu günki səviyyəyə çatdı, illər öncədən belə, bizim həmin qurumlardan asılılığımız sıfıra endi. Maliyyə imkanlarımız genişləndi. Azərbaycanın böyük maliyyə gücü əldə etməsi ortaya çıxdı. Və elə bunun nəticəsidir ki, həmin qurumlar artıq Azərbaycan tərəfdən onlarla əməkdaşlığın əslində zəruri olmadığı reallığı ilə üz-üzə qalıblar. Yenə də dünyanın bu quruluşu, iqtisadi vəziyyət belədir ki, borc alıb, borc verməsən inkişaf əldə edə bilməzsən. Bu səbəbdən də Azərbaycan bu qurumlarla bu gün də əməkdaşlıq edir”-deyə iqtisadçı bildirib. Onun sözlərinə görə, məhz bu səbəbdən Azərbaycan həmin qurumlardan, Dünya Bankından, Avropa Yenidənqurma və İnkişaf bankından və s. müxtəlif lahiyələr üçün maliyyə vəsaitləri cəlb edir. Artıq Azərbaycan bunu düşünülmüş şəkildə həyata keçirir. Azərbacanın maliyyə vəziyyəti imkan verir ki, bu vəsaitləri vaxtında və hətta vaxtından əvvəldə qaytarılır. Bu səbəbdən də həmin qurumlar, reyting qurumları bu və ya digər ölkələrə müvafiq qiymət verirlər. O zaman isə, belə xəsislik ortaya çıxır. Yəni bu xəsislik əslində bir qısqanclıq, paxıllıq hissinə daha yaxındır. Ona görə də biz belə dəqiq olmayan qeydləri, mübahisəli rəqəmləri və proqnozları müşahidə edirik və gələcəkdə də şahidi olacağıq.
İradə Cəlil, Bizimyol.info