Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu sellər ya körpüləri aparacaq, ya da məsul qurumları...
Bu sellər ya körpüləri aparacaq, ya da məsul qurumları...

Qudyalçay üzərindəki körpü uçandan sonra sosial mediada Astaradan şəkillər paylaşılmışdı. Burada körpülərin vəziyyətinin necə bərbad olduğu görünürdü. Astara sakinləri bununla da diqqəti ciddi problemə çəkmək istəmişdi. Amma Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin başı Qudyalçay üzərindəki körpünün dağılmasını selin "ayağı"na yazmağa qarışmışdı.

Astaradan yaxşı xəbərlər gəlmir. Körpüləri sel aparır, kəndləri su basır. Azı 40 kəndlə əlaqə kəsilib. Pensər-Toradi yolu tamamilə çöküb. “Astara-1” Kiçik Su Elektrik Stansiyasının bəndi dağılmaq təhlükəsi ilə üzləşib. Kənd sakinlərinin təsərrüfatları sıradan çıxıb. Tərəvəz sahələri bir-birinin ardınca məhv olub. Ərkivan kəndinin sakinləri yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıblar.

Xəbərləri ürəkağrısı ilə oxumaq lazım gəlir. Bəzi məsul dövlət qurumlarının məsuliyyətsizliyi insanların həyatını alt-üst edir. Bütün məsuliyyəti selin, yağıntıların üzərinə atmaq asan məsələdir. Faktiki məsul qurumlar vəzifəsinin doğru yerinə yetirmir.

Kəndlər baxımsızlıqdan dağılır. Azərbaycan telekanalları Qərb ölkələrini pisləməyə alışıb. Avropanın ucqar yaşayış məntəqələrində belə, standartlara uyğun yol və infrastruktur var. Azərbaycan kəndlisi isə çarəsiz durumdadır. Səsini eşidən yoxdur. İnsanlar son günlər sosial mediada imdad diləyirdilər ki, onların kəndinə aparan yolun keçdiyi körpülər bərbad vəziyyətdədir, uçacaq. Amma Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi heç bir reaksiya vermədi.

Ölkə əhalisinin yarısı Bakı şəhəri və ümumilikdə Abşeron yarımadasına sığınıb. Onsuz da bölgələrdə işsizlik baş alıb gedir. Üstəlik, infrastruktur bərbad gündədir. Paytaxtdan hansısa kəndə gedəndə sanki bir neçə əsr keçmişə qayıdırsan. Həyat əlamətləri yoxa çıxır. Məsul dövlət qurumları insanların ən adi qayğıları ilə maraqlanmır, kiçik problemləri ilə məşğul olmurlar.

Bu sellər hələ çox körpülər aparacaq. Korrupsiya seli, məsuliyyətsizlik daşqını bizə çox zərər vuracaq. Problemləri vaxtında həll etmək lazımdır. Kəndlərdə yaşamaq onsuz da asan deyil. Bir zərbəni də məsul qurumların məsuliyyətsizliyi vurur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »