Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bir müddət əvvəl ölkədə fəaliyyət göstərən apellyasiya məhkəmələrinin, eləcə dəB akı və Sumqayıt şəhərlərində yerləşən məhkəmələrin sədrləri ilə görüşmüşdü. Görüş "Məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi" mövzusunda idi.
Bizimyol.info xəbər verir ki, həmin görüşün, eyni zamanda, Məhkəmə-Hüquq Şurasının son iclaslarının nəticəsi olaraq, bugünlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev bu məhkəmənin ərazi yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri ilə konfrans keçirib. Konfransda Tofiq Paşayev Məhkəmə-Hüquq Şurasının qaldırdığı hallara, o cümlədən şəffaflığın təmin edilməsi, işlərə məhkəmədə baxılması zamanı süründürməçilik hallarına yol verilməməsi, qanunvericiliyin bütün tələblərinə ciddi riayət olunmasıyla bağlı məsələlərə toxunub.
Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vurğulayıb ki, məhkəmə sistemində korrupsiyaya şərait yaradan hallara qarşı xüsusi qətiyyət göstəriləcək. O, həmçinin vətəndaşlarda haqlı narazılıq doğuran neqativ hallar üzrə təsir tədbirlərinin davamlı olaraq həyata keçiriləcəyini məhkəmə sədrləri və hakimlərinin diqqətinə çatdırıb. Məhkəmələrdə şəffaflığın təmin edilməsi ilə bağlı onların üzərinə düşən vəzifələr də qeyd edilib.
Bundan başqa, konfransda apellyasiya məhkəməsində ləğv edilmiş konkret işlər üzrə nöqsanlar, xarakterik pozuntular birinci instansiya məhkəmələrinin hakimlərinin diqqətinə çatdırılıb, mövcud məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinin zəruriliyi vurğulanıb. Konfrans iştirakçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
İşlərə baxılarkən qanunvericiliyin, Ali Məhkəmənin Plenumunun qərarlarının tələblərinə ciddi əməl olunması ilə bağlı birinci instansiya məhkəmələrinin hakimlərinə tövsiyələr verilib.
Aytən, Bizimyol.info