Avropa İttifaqı Rusiyaya qarşı gələn ayın əvvəlində təqdim oluna biləcək yeni, 12-ci sanksiyalar paketinin müzakirəsinə başlamağa hazırdır.
Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Agentliyə məlumat verən şəxslərin sözlərinə görə, oktyabrın birinci yarısında yeni məhdudlaşdırıcı tədbirlər təqdim oluna bilər. Agentlik qeyd edir ki, onlar oktyabrda da planlaşdırılan Aİ-ABŞ sammiti zamanı elan oluna bilər, lakin onun keçirilməsinin dəqiq tarixi hələ açıqlanmayıb.
Agentliyin məlumatına görə, Aİ-nin bir qrup ölkəsi Rusiyanın nüvə sektoruna məhdudiyyətlər qoymağa çağırıb. Mənbələrin sözlərinə görə, sanksiyaların tətbiqinə çox az vaxt qalıb. Agentlik xəbər verir ki, həmçinin Aİ-nin 12-ci sanksiyalar paketinə Rusiya Federasiyasından almazların idxalına qadağa da daxil ola bilər.
Bloomberg qeyd edib ki, bəzi Aİ ölkələri yeni paket çərçivəsində Rusiya Federasiyasından və Rusiyanın İT sektorundan LNG-yə məhdudiyyətlər qoymağa çağıracaqlar.
Agentlik həmçinin iddia edir ki, Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən Ukraynaya kömək etmək üçün istifadə mexanizmi təklif edə bilər. Bloomberg yazır ki, bundan əlavə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen yəqin ki, Rusiya vətəndaşlarının dondurulmuş aktivlərindən gözlənilməz gəlir vergisi tətbiq etməkdə israr edəcək.
Avropa İttifaqı Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir çox iqtisadi və fərdi sanksiyalar paketi qəbul edib.
Bunlara rusiyalı iş adamlarına, jurnalistlərə və şirkətlərə qarşı sanksiyalar daxildir.
Qadir, Bizimyol.info