“S Money” şirkəti aylıq qazancların məbləğinə görə xoşbəxt olmaq ehtimalı ilə bağlı araşdırmasını açıqlayıb. İddia olunur ki, Azərbaycan vətəndaşı ildə 16 min 279 dollar qazanacağı halda özünü xoşbəxt hiss edir. Aya orta hesabla 1356 dollar və ya 2306 manat düşür. “S Money” əmindir ki, azərbaycanlı ayda bu qədər qazanarsa, xoşbəxt olmamağa əsası yoxdur.
Bizimyol.info xəbər verir ki, “S Money” şirkəti araşdırmada dünya ölkələrinin əksərinə yer verib. Azərbaycanın yerləşdiyi bölgədəki rəqəmlər bir-birinə çox yaxındır. Yalnız İranla bağlı göstərici çox yüksək görünə bilər.
Azərbaycanda 2306 manata xoşbəxt olmaq mümkündürmü?
Əlbəttə, suala cavab vermək asan deyil. Çünki xoşbəxtlik bir az da mənəvi məsələdir. Amma qazanc həm də sosial rifah göstəricisidir. Azərbaycanda işləyənlərin böyük əksəriyyəti bunu pis şərtlər altında edir. Hətta gənclər belə, gündə 10-12 saat işləmək məcburiyyətində qalır. Həmkarlar İttifaqı anlayışı cəmiyyətə yaddır. Yəni işçi kəsimin hüquqları qorunmur. İş yerində haqqını tələb etmək təhlükəlidir. Konkret işini itirə bilərsən. Buna görə də insanlar aşağı məvaciblə razılaşmaq məcburiyyətində qalır.
Azərbaycanda iş yerləri də azdır. Nəzərəçarpan kəsim günəmuzd işləyir. Xüsusilə, bölgələrdə vəziyyət məhz bu cürdür. Çoxunun daimi iş yeri yoxdur.
Məvacib məbləğlərindən danışmağa dəyməz. Dövlət Statistika Komitəsinə inansaq, ölkədə orta aylıq əməkhaqqı 922 manatdır. Əlbəttə, inandırıcı deyil. Hətta bu da “S Money” şirkətinin standartlarından çox uzaqdır.
Yazılarda həmişə xüsusi vurğulayırıq ki, ən əsası median əməkhaqqına diqqət yetirmək lazımdır. İşləyənlərin yarısı heç 420 manat maaş almır. Median əməkhaqqı ölkədə sosial vəziyyətin necə pis olduğunu bariz göstərir. Paytaxtda bir ailənin dolanması üçün 1500-2000 manat ehtiyac var. Ailə bu pulla gündəlik qayğıları həll edə bilər. Amma çox uzağa getmək mümkün deyil. Məsələn, səyahət etməyi, keyfiyyətli avtomobil almağı ağlına gətirməməlisən. Ola bilər ki, Azərbaycanda 2306 manata xoşbəxt olmazsan. Lakin ailədə işləyən şəxslərdən birinin bu qədər məvacib alması qayğıların öhdəsindən lazımınca gəlməyə kömək edə bilər.
Aytən, Bizimyol.info