Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhəti barədə məlumat vermək Rusiya Federasiyası Prezidentinin administrasiyasının səlahiyyətində deyil.
Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov Kadırovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirmək xahişinə cavab olaraq bildirib.
“Bizim bu məsələ ilə bağlı heç bir məlumatımız yoxdur. Hər halda, prezident administrasiyası çətin ki, sağlamlıq haqqında arayış versin. Ona görə də burada deməyə sözümüz yoxdur”, - deyə Kreml nümayəndəsi izah edib.
Peskov Kadırovun ötən bazar günü Moskvada olub-olmaması və Vladimir Putinlə görüşü olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala cavab olaraq deyib: "Həmçinin deməyə sözüm yoxdur. Putinlə heç bir görüş olmayıb".
Bundan əvvəl mediada Ramzan Kadırovun səhhətinin pisləşməsi və Moskva xəstəxanalarından birinə yatması barədə məlumatlar yayılıb. Eyni zamanda, Çeçenistan rəhbərinin özü belə söz-söhbətlərin ortaya çıxmasından sonra gəzintidən video yayımlayıb və “İnternetdə həqiqəti yalandan ayıra bilməyən hər kəsə təmiz havada gəzməyi və fikirlərini nizama salmağı” tövsiyə edən paylaşım edib.
Qadir, Bizimyol.info
P.S: Ramzan Kadırov hər nə qədər Çeçenistanın bir milyon beş yüz min əhalisindən biri olsa da, o, birbaşa Moskvanın təyinatı ilə milyonyarım insana rəhbərlik edən şəxsdir. Bilinən qədəri, Çeçenistan hələ də Rusiya Fedarasiyasında Respublika subyektidir və oradakı hakimiyyət Kreml qarşısında hesabat verir. Yəni, Peskovun dediyi kimi, Kadırovun Kremldən xəbərsiz xəstəxanaya getməsi, bu barədə Moskvanın məlumatsızlığı, yumuşaq desək, çox da inandırıcı görünmür.
Peskov da bilir ki, məlumatsızlıq şaiyələrin yaranmasına səbəb olur. Görünür, bu şaiyələr də Federasiyanın paytaxtında nəzərə alınmış və ya nəzarətdə saxlanılan qədər yayılır.