Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Manatın dollar qarşısında məzənnəsinin dəyişməsi hökümət üçün arzuolunan deyil"
"Manatın dollar qarşısında məzənnəsinin dəyişməsi hökümət üçün arzuolunan deyil"

"Fitch Ratings" agentliyi Dollar/Manat məzənnəsinin 1,70 səviyyəsində saxlanacağını gözləyir. Bir neçə gün əvvəl agentlik bununla bağlı press-reliz yayımlayıb. "Biz hesab edirik ki, hakimiyyətin ortamüddətli perspektivdə daha çox çevikliyə imkan vermək məqsədini bəyan etməsinə baxmayaraq, USD/AZN məzənəsinin 1,70 manat səviyyəsini de-fakto sabitliyini saxlamaq üçün hələ də güclü siyasi prioritet var", deyə qeyd edilib.

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, reytinq agentliyi eyni məqamı bu il ikinci dəfədir bildirir. Onun sözlərinə görə, mart ayında verilən açıqlama nədənsə ciddi müzakirəyə səbəb olmamışdı.

Pünhan Musayev Pünhan Musayev

İqtisadçının fikrincə, iki hesabat arasında bu məqam üzrə əsas fərq isə, mart ayında ümumiyyətlə makro siyasət çərçivəsinin proqnozlaşdırıla bilməyən olduğu bildirilirdisə, cari hesabatda bu hissə “məhdud proqnozlaşdırıla bilən siyasət çərçivəsi” başlığı altında yer alıb.

“İlk baxışdan ola bilər hiss edilməsin, ancaq faktiki olaraq proqnozlaşdırıla bilməyən siyasətlə məhdud proqnozlaşdırıla bilən siyasət arasında əhəmiyyətli fərq var”-deyə iqtisadçı vurğulayıb.

“Fitch”in bildirdiyi siyasi prioritet məsələsinə gəldikdə isə, iqtisadçı bildirib ki,agentlik tam olaraq nəyi nəzərdə tutması, bir qədər qeyri-müəyyəndir.

Pünhan Musayev hesab edir ki, bu sahədə səlahiyyəti olan orqanlar (məs. Maliyyə Nazirliyi və ya Mərkəzi Bank) agentlikdən daha təfərrüatlı açıqlama tələb edə bilərlər.

“Hesabatda vurğulanan “siyasi prioritet” ola bilsin ictimai inamı xarakterizə etmək məqsədi daşıyır. Çünki istənilən hökumət və siyasət ilk növbədə inam olmasa, dayanıqlı ola bilməz. Hökumət də bu gün kursu qorumağa ona görə səy göstərir ki, devalivasiyadan öncə manatla bağlı verdiyi bəyanatların sonradan özünü doğrultmaması ictimai inamı çox ciddi sarsıtmışdı. Ona görə də bu inamı bərpa etmək və qorumaq üçün hökumət iqtisadiyyatın da tələblərinə adekvat (məhdud diversifikasiya, idxaldan aslılıq və s.) kurs rejimini qoruyur. Ancaq, əlbəttə ki bunun da sonsuzadək davam etməyəcəyi, vaxtı çatanda (inflyasiya hədəflənməsinə keçid edildikdə) dəyişəcəyi gözləniləndir. O vaxta qədər isə “1.70” rəqəminin dəyişməsi məhz bu baxımdan hesab edirəm ki, hökumət üçün o qədər də prioritet və arzuolunan deyil”-deyə iqtisadçı vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »