Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Etnik təmizləmə", yoxsa "etnik çirkinləşdirmə"?!
"Etnik təmizləmə", yoxsa "etnik çirkinləşdirmə"?!

Hanı bəs acından ölənlər?! Hardadır etnik təmizləmə?!

Azərbaycan ərazisindən - Ağdam-Xankəndi yolu ilə Qarabağ iqtisadi rayonuna Rusiyadan gələn humanitar yardım da göndərildi. Daha əvvəl Azərbaycan Qızıl Aypara Cəmiyyəti də yardım göndərib, ancaq Qarabağdakı erməni separatçı rejimi o yardımı qəbul etməyib.

Bunlar göz qabağında olan faktlar, hamıya məlum hadisələrdir. Xankəndində "aclıqdan bayılanlar" unla dolu iki yük maşınını niyə qəbul etmədi?! "Bizə türk çörəyi lazım deyil" deyə bir şüar da səsləndirdilər. Türkün torpağına köçüb yaşayırlar, türkün çörəyini niyə yeməsinlər?! Deməli, icazə yoxdur. Həm də aclıq, qıtlıq haqqında deyilənlər də yalandır.

Bu yalanların arxasında Ermənistanın revanşist dairələri, onların xarici havadarları dayanır. Qarabağın ermənilər yaşayan ərazisinin Azərbaycanın suverenliyi altına keçməsini istəmirlər.

44 günlük müharibədəki qələbələrdın sonra həm ABŞ, həm Fransa, həm Rusiya Minsk Qrupunu reanimasiya etməyə çalışdılar. Alınmadı. Sonra da Ermənistan-Azərbaycan sərhədlərində toqquşmalara rəvac verildi. Azərbaycan duruşunu pozmadı. Daha sonra "humanitar yardım" oyunu qurdular; Laçın yolundan istədikləri yükü istədikləri kimi daşımaq istədilər. Hətta məsələni BMT Təhlükəsizlik Şurasından keçirməyə uğursuz cəhd olundu. Azərbaycan buna qarşılıq olaraq Ağdam-Xankəndi yolunu təklif etdi. Daha sonra hər iki yolun eyni vaxtda açılmasını mümkün saydı. Bu gedişlərlə "humanitar" hücumun qarşısını aldı. Bütün bunlar baş tutmadıqdan sonra isə Azərbaycana böhtan atmaq yolu seçildi: rəsmi Bakının Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli əhaliyə qarşı guya "etnik təmizləmə" apardığı iddia edilir. Ən qəribəsi və təəssüfləndirici hal da odur ki, bu iddianı ABŞ kimi dövlət də irəli sürür; ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimin dilindən bu ifadə səslənib. Bundan daha əvvəl Birləşmiş Ştatların başqa rəsmiləri də bu cür qarayaxma kampaniyasında iştirak etmişdilər.

Qarabağda, bəli, etnik təmizləmə aparılıb. Bu, 1991-1994-cü illərdə baş verib. Həmin etnik təmizləmə nəticəsində indiki Qarabağ iqtisadi rayonundan, eləcə də, Şərqi Zəngəzurdan yüz minlərlə Azərbaycanlı - türk, kürdəsilli insanlar, eləcə də, başqa xalqların nümayəndələri öz evindən, yurdundan zorla qovulub çıxarılmışdı. Elə təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində (yəni hazırda böyük bir hissəsi hələ də qanunsuz, separatçı rejimin əlində olan ərazidə) 50 mindən çox azərbaycanlı yaşayırdı. Bəli, həmin insanlara qarşı etnik təmizləmə aparılıb; o insanlar öz torpağında Ermənistan ordusunun və yerli separatçıların qanunsuz silahlı dəstələrinin zorakılığına, hətta Xocalı, Meşəli, Qaradağlı və sair məntəqələrdə soyqırıma məruz qaldılar. Təəssüf ki, qonşu Rusiyanın o zamankı hərbi, siyasi və kəşfiyat dairələrinin dəstəyi və hətta iştirakı ilə.

Həmin vaxt keçmiş Yuqoslaviya ərazisində serb birlikləri müsəlman boşnaqlara qarşı kütləvi qətliam, soyqırım, qarət, zorlama cinayətləri törədidi. ABŞ və NATO həmin 90-cı illərin əvvəllərində keçmiş Yuqoslaviya ərazisində bu cinayətləri törədən Serbiya hökumətinə və Bosniyadakı serb separatçılarının başçılarına qarşı ən sərt cəzalar tətbiq etdi. Hərbi, siyasi, iqtisadi-maliyyə təzyiqlər, cinayət təqibi, media təsiri olmaqla bütün resurslarla Serbiyanın və serb separatçıların üstünə gedən ABŞ elə həmin vaxt Azərbaycana qarşı törədilən işğala, azərbaycanlılara qarşı müharibə cinayətlərinə seyrçi qaldı. Yox, seyrçi də qalmadı, əksinə, öz parlamentində "Azadlığı müdafiə aktı"na 907-ci düzəlişi qəbul edərək, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə mane oldu. Azərbaycanlılara qarşı soyqırımı dayandırmağı əngəllədi. Üstəlik işğalçı Ermənistana, separatçı rejimə maliyyə dəstəyini artan xətt üzrə davam etdirdi.

Bəli, Serbiyanı və serb separatçılarını arxalarını Rusiyaya söykədiklərinə görə cəzalandırmışdılar. Bəs axı elə həmin vaxt Ermənistanın və erməni separatçılarının da arxasında Rusiya dayanırdı. Nə üçün Belqrada bomba, İrəvana isə pul və silah yardımı yağdırdılar. Bu ikili yanaşmanın sirri nədir?! Sonra da başqa münaqişələrə və Qarabağ problematikasına fərqli mövqe tuturdular. Məsələn, Ukrayna, Gürcüstan, Moldova ilə bağlı məsələlərə bir cür, Azərbaycana başqa cür yanaşdılar. Halbuki bu dörd postsovet ölkələrinin dördündə də problem eyni idi: işğal və ya real işğal təhdidi, aktiv separatçılıq. Hər dörd problemin də arxasında Rusiya dayanırdı. Necə olur ki, Ukraynanın, Gürcüstanın, Moldovanın ərazi bütövlüyünə və suverenliyinə onda da Vaşinqtondan tam dəstək vardı, indi də var, amma Azərbaycana bu, ən yaxşı halda sözdədir?! Hətta əməldə işğalçı dövlətin və separatçı rejimin başı sığallanır.

Bizdə bəzi səslər eşidilir ki, ABŞ-ın, Avropanın Ermənistanda demokratik bildiyi hökumət olduğu üçün Nikol Paşinyanı dəstəkləyir və sair. Xeyr! 1992-ci ildə Azərbaycanda da Qərbin, o cümlədən, ABŞ-ın demokratik saydığı, üstəlik qatı Qərbçi Əbülfəz Elçibəy hökuməti var idi. Ermənistan isə tam şəkildə Rusiyanın dediyi ilə oturub dururdu. Bəs onda niyə Elçibəy hökumətinin Qarabağdakı hücumunu əngəllədilər, Rusiyanın lakeyi olan Ermənistan iqtidarına arxa durdular?! Bununla da kifayətlənmədilər; Rusiya və İranın Azərbaycanda hakimiyyəti devirməsinə ya açıq-gizli dəstək verdilər, ya da seyrçi qaldılar.

Yox, məsələ kimin nə qədər demokratik olmağında deyilmiş! İndi də elə deyil. Söhbət maraqlardan gedir. Hətta ABŞ, Fransa kimi klassik demokratiyalar da öz maraqlarına görə öz dəyərlərinin üstündən adlayıb keçirlər. Ancaq əvvəl də yazdığım kimi: ABŞ, əslində, Ermənistanla deyil, Azərbaycanla işləsə, yaxud bölgədə sülhün və inkişafın əldə olunması üçün hər iki tərəflə səmimiyyətlə çalışsa, öz maraqlarını daha yüksək səviyyədə və daha əlverişli şərtlərlə təmin etmiş olar. Ancaq, təəssüf ki, biz bunun əksini görürük. Reallıq çox acıdır; ABŞ Azərbaycanı Qarabağdakı erməni əhaliyə qarşı "etnik təmizləmə" aparmaqda günahlandırıb. ABŞ rəsmilərinə sual: həmin o "etnik təmizləmə" getdiyini düşündüyünüz, dediyiniz ərazidə Azərbaycanın nəzarəti varmı?! Yox! Ora kim nəzarət edir? Ermənistan ordusunun qalıqları, qanunsuz yerli silahlı dəstələr və təbii ki, Rusiya hərbi kontingenti. Azərbaycan hətta iki maşın un keçirə bilmədiyi ərazidə necə "etnik təmizləmə" edə bilər?! Hə, mülki şəxslərin, eləcə də, mülki geyinmiş Ermənistan hərbçilərinin Xankəndini, Ağdərəni... tərk etməsinə gəlincə, əvvəla, müalicəyə, oxumağa gedənlər var və Azərbaycan onları öz sərhədindən buraxır. Nə etsin?! Buraxmasın?! İkincisi, mülki geyimdə Ermənistan hərbçiləri çıxıb gedirsə, bu, Azərbaycanla Ermənistan arasında Rusiyanın da iştirakı ilə imzalanmış razılaşmalara uyğundur. Azərbaycan hətta 44 günlük müharibədə Xankəndinə hərbi güclə daxil olmadı. Bu gün də Qarabağın ermənilər yaşayan hissəsində, təəssüf ki, hələ Azərbaycan qanunları işləmir, Azərbaycan əsgəri, polisi, məhkəməsi yoxdur. O halda Azərbaycanın olmadığı yerdə "etnik təmizləmə" apardığını iddia etmək yalnız ya qərəzin, ya da xüsusi maddi və siyasi marağın məhsulu ola bilər. O maraqlar sırasında Amerika cəmiyyətindəki erməniəsilli seçicilərin səsini almaq da ola bilər. Başqa səbəblər də var yəqin. Hər nədirsə, bu, sağlam düşüncə, sağlam siyasət deyil və böyük mənada ABŞ-ın özünə qarşı çevrilən nəticələr doğurması da mümkündür. Bunu daha əvvəl başqa bölgələrdə, başqa nümunələrdə də görmüşük.

Bir sözlə, Qarabağda "etkin təmizləmə"-filan yoxdur. Əksinə xarici təsirlərlə "etnik çirkləndirmə", "etnik çirkinləşdirmə" var. O bölgədə yaşayanları çirkin şüarlarla yükləyib çirkli işlərə həvəsləndirmək - Azərbaycan ərazisində erməni separatizminə süni nəfəs vermək cəhdi çox eybəcər görünür. Hardan baxırsan, bax, bu, belədir.

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »