"İlin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması mümkündür, İrəvan bunun üçün bütün lazımi addımları atır".
Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.
“Aydındır ki, Qarabağdakı ağır humanitar böhran sülh prosesinə mənfi təsir göstərir. Biz Laçın dəhlizinin bağlanmasına, Qarabağdakı humanitar böhrana çox vaxt sərf edirik. Bu enerji və vaxt sülh müqaviləsi üzərində işləməyə yönəldilməli idi. Mən həmişə sülh müqaviləsinin ilin sonuna qədər imzalanmasını mümkün hesab edirəm, çünki belə bir sazişi imzalamaq üçün öz üzərimə siyasi öhdəlik götürmüşəm. Bəli, ilin sonuna qədər imza atmağı mümkün hesab edirik. Məhz bundan sonra regionda sakitlik bərqərar olacaq”, - deyə o bildirib.
2020-ci ilin payızında Azərbaycanın Qarabağ iqtisadi rayonunda hərbi əməliyyatlar başa çatdıqdan sonra Ermənistan və Azərbaycan sülh sazişi üzrə danışıqlar aparır. Ciddi maneələrdən biri də sərhədin ümumi hissəsinin demarkasiyası məsələsi idi. İki ölkənin liderləri Paşinyan və İlham Əliyev Rusiya və Aİ-nin vasitəçiliyi ilə bir sıra şəxsi görüşlər keçiriblər, tərəflər sülh sazişi layihəsi ilə bağlı mütəmadi olaraq bir-birlərinə yeni təkliflər və şərhlər verirlər, lakin vaxtaşırı sərhəd bölgədə atışma hadisələri də baş verir.
Bu sazişin İrəvanda bağlanmasına mane olan digər məqam Azərbaycan tərəfindən Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması və Qarabağa gedən bu yol üzərində hüquqi əsaslarını bərpa etmək olub ki, bu da Ermənistan tərəfinin fikrincə, regionda humanitar böhranın yaşanmasına səbəb olub.
Əslində bölgədə hər hansı humanitar böhrandan söhbət getmir. Bu sadacə təzyiq vasitəsi kimi istifadə edilən "hümanitar oyun"dur. Bakının Xankəndinə göndərdiyi ərzaq yükü həftələrdir şəhərə buraxılmır. Böhran vəziyyətində olan bölgə, ölkəsinin göndərdiyi hümanitar yardımdan imtina etməz. Demək, vəziyyət heç də Ermənistanın səs-küy salmağa çalışdığı kimi "ağır" deyil.
Qadir, Bizimyol.info