Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev sentyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, sentyabrın 15-də “Xural yayımları” MMC-nin təsisçisi - “Xural” internet kanalının rəhbəri Əvəz Zeynallı və onunla birlikdə mühakimə olunan “Səda TV” adlı “YouTube” kanalının idarəedicisi Elnur Şükürovun məhkəməsində şahid qismində ifadə verib.
Bizimyol.info xəbər verir ki, icra başçısı Adil Vəliyev Sabunçu qəsəbəsində yerləşən qeyri-yaşayış obyekti ilə bağlı Əvəz Zeynallı ilə aralarında olan telefon danışığı haqda məhkəmədə ifadə verib. Söhbət Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsi 15 ünvanındakı “Nur” marketdən gedir. Əvəz Zeynallıya qarşı ittihamlardan biri də vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir göstərməkdir. Cinayət işinin materiallarına əsasən, o, Sumqayıtda, Sabunçuda obyekt tikmək istəyən vətəndaşlar üçün icra hakimiyyətlərindəki məsul şəxslərin qərarlarına təsir göstərib, onları qanunsuz qərarların qəbuluna təhrik edib. İttihama görə, bu işlərin görülməsi müqabilində həmin vətəndaşlardan pul alınıb. Məsələn, Sabunçu qəsəbəsindəki obyektin sahibi Ruslan Vəliyevdən 7000 manat pul alındığı ittihamda yer alıb.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında icra başçısı təsdiqləyib ki, Əvəz Zeynallı ona Sabunçu qəsəbəsində obyektin tikintisi üçün zəng eləmişdi: “Sabunçu qəsəbəsində qeyri-yaşayış sahəsinin tikintisinə görə, qəsəbə icra nümayəndəsi ilə tikinti sahibi arasında mübahisə olmuşdu. Birinci dəfə tikinti qanunsuz olduğuna görə sökülmüşdü. Sonradan Əvəz Zeynallı mənə zəng elədi. Xahiş elədi ki, müdaxilə eləməsinlər, kasıb adamdır, tiksin. Mən də göstəriş verdim ki, müdaxilə eləməsinlər”.
İcra başçısı Adil Vəliyev əlavə edib ki, obyektin tikildiyi ərazi Dövlət Neft Şirkətinə məxsus olub. Lakin bunu sonradan bilib. Bu barədə Sabunçu qəsəbəsi üzrə icra nümayəndəsi ona məruzə edib. İcra başçısı etiraf edib ki, əslində, tikinti qanunsuz olsa belə, məhkəmə qərarıyla sökülməlidir. Lakin icra hakimiyyətinin nümayəndələri müdaxilə edib, özləri sökürlər.
Vəkil icra başçısından soruşub ki, səlahiyyəti olmadığı halda, icra hakimiyyətinin nümayəndələri niyə bu cür davranır? “Elə danışırsınız ki, sanki Azərbaycanda yaşamırsınız...”, - icra başçısı belə cavab verib. İcra başçısı Əvəz Zeynallını necə tanıdığını da məhkəmədə açıqlayıb. O, bildirib ki, “Xural TV”də bir qadın şikayətçinin çıxışından sonra onunla əlaqə saxlayıb. Həm qadını, həm də “Xural TV” rəhbərini qəbuluna çağırıb: “Məsələni biləndən sonra Əvəz Zeynallı haqlı olduğumuzu başa düşdü, qəbul elədi. Amma qadın yenə də narazı qaldı. Onları birlikdə qəbul eləmişdim. Qadına qarşı haqsızlıq olmamışdı. Vəkil icra başçısından ikinci dəfə tikintiyə icazə vermək üçün pul alıb-almadığını soruşub.
“Mənə heç kim pul verməyib, verə də bilməz...”, - deyə icra başçısı cavab verib. Əvəz Zeynallı və Elnur Şükürovun məhkəməsi sentyabrın 22-də davam edəcək. Əvəz Zeynallı və Elnur Şükürov 2022-ci ilin sentyabrında həbs olunub. Onlar külli miqdarda rüşvət alma, dələduzluq, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə kimi əməllərdə ittiham olunurlar. Lakin onların heç biri özünü təqsirli bilmir.
Aytən, Bizimyol.info