Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qanun zədələnir, məsuliyyətsizlik "sel"i körpü uçurur... - Kimdir günahkar: çay yoxsa rəsmi qurum?
Qanun zədələnir, məsuliyyətsizlik "sel"i körpü uçurur... - Kimdir günahkar: çay yoxsa rəsmi qurum?

Xaçmaz rayonunda Qudyalçay çayı üzərindəki körpü uçub. Körpünün üzərində olan avtomobillərdən biri çay dərəsinə düşüb. İki nəfər xəsarət alıb, təcili tibbi yardım briqadasına təhvil veriliblər. Yayılan videolarda görünür ki, bir avtomobil təsadüf nəticəsində dərəyə düşməyib. Hətta sürücünün son anda bəxtinin gətirməsi haqda dedikləri eşidilir.

Bizimyol.info xəbər verir ki, hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov gəlib. O, körpünün köhnə olduğunu deyib: “Deyirlər ki, körpü qəzalı olub. Mümkün deyil. Sellər nəticəsində körpünün su tənzimləyici qurğularında zədə olmuşdu. 2019-cu ildə təmir edilmişdi. Baxın, təmir edilmiş qurğu yerində qalır. Körpü 1974-cü ildə tikilib. Az qala 50 il keçib. O dövrdə də tikilən körpünün dayaqlarının bünövrəsi başmaq üsulu ilə qoyulmuşdu. Yəni svaylar üzərində qurulmayıb. Həmin dövrün tələblərinə uyğun tikilib. Yeni tələblərə uyğun bərpa edəyəcəyik. On günə bərpa yekunlaşar. Artıq qüvvələr səfərbər olunub. Günün ikinci yarısında sürətli iş rejiminə keçəcəyik”.

Körpü Xaçmazın Köhnə Xaçmaz kəndi ərazisinə düşür. Bərpa müddətində avtomobillər alternativ yollar barədə düşünməli olacaqlar. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildiriblər ki, sürücülər Qımılqışlaq kənd ərazisindən istifadə edə bilərlər.

Rəsmi mövqe budur ki, intensiv yağıntılardan sonra yaranmış güclü sel körpünün uçmasına səbəb olub. Halbuki körpünün sarsılması bir günün işi deyil. Qurğunun texniki vəziyyətinə kim nəzarət etməliydi? Bakı-Quba-Rusiya yolunda yüzlərlə insan həyatını itirib. Heç kim məsuliyyətə cəlb olunmayıb. Körpü uçanda hər hansı vətəndaş həyatının itirərsə, buna kim cavab verəcək?

Ümumiyyətlə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hara baxır, hansı işə baxır? Belə məsuliyyətsizlik olmaz. Deyilənə görə, 2019-cu ildə təmir işləri aparılıb. Halbuki illərdir həm Qudyalçay, həm də Quruçay üzərindəki körpülərin qəzalı vəziyyətdə olması müzakirə edilir. Təkcə, Bakı-Quba-Rusiya yoluna düşən neçə körpünün istismar müddətinin bitdiyini görmək olur. Əhəmiyyət verən yoxdur. Məsuliyyətsizlik isə həmişə baha başa gəlir. Günahı selin üzərinə yıxmaq asandır.

Yerli camaat danışır ki, son illər çayın yatağındakı qum və çınqıl sürətlə daşınır. Böyük qanunsuzluğa yol verilir. Bunun məsuliyyətini kim daşıyacaq? Körpünü sel uçurmur. Uçan qanunsuzluq və məsuliyyətsizlik körpüsüdür.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »