Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Televiziyalarda insanlara fayda verəcək verilişləri hazırlayan peşəkar kadr kifayət qədər deyil"
"Televiziyalarda insanlara fayda verəcək verilişləri hazırlayan peşəkar kadr kifayət qədər deyil"

Televiziya kütləvi informasiya vasitəsi kimi 1940-cı ildən artan sürətlə böyük bir auditoriya kütlələrinə çatmağa başlayıb. Xüsusilə, İkinci Dünya Müharibəsindən sonra texnoloji investisiyalar nəticəsində televiziya yayımları hər cəhətdən böyüdü və inkişaf etdi. Çap mediasının, kinonun, teatrın və radionun ictimai işi, funksiyaları televiziyaya da aiddir. Halbuki, televiziyanın texnoloji xüsusiyyətinə görə, bu funksiyaların bəziləri daha qabarıqdır. Televiziyanın xəbər vermək, əyləndirmək, öyrətmək, mal və xidmətlərin tanıdılması, inandırma və aktivləşdirmə, diqqətləri bir yerə toplaya bilmək və s. xüsusiyyətləri var. Televiziya proqramlarının istehsal prosesi baxımından təhsil proqramların hazırlanmasına diqqət yetirmək aktual mövzu kimi qarşıya çıxır. Maarifləndirici nəşrlərin istehsalına həm forma, həm də təqdimat baxımından diqqət göstərilməlidir. Qısacası təhsil, elmi-maarifləndirici, təhsil proqramlarının televiziyalarda yayımlanması cəmiyyət üçün önəmli məsələlərdən hesab edilir.

İnsanlar məhz televiziyalar vasitəsilə müəyyən məlumatlar əldə etdiklərinə görə, qeyd olunan proqramların çoxluq təşkil etməsi xüsusilə önəmlidir. Bu, Azərbaycan cəmiyyəti üçün də böyük əhəmiyyət daşısa da, təəssüf ki, bu gün telekanallarda maarifləndirici, təhsil, elmi proqramlarn sayı azdır. Sayı az olması bir kənara bu proqramların izləyici kütləsi də, qane edici deyil. Kütlə daha çox əyləncə, dedi-qodu, şou xarakterli proqramlara üstünlük verir. Bunun qarşılığında isə, təbii ki, televiziyalar da kütlənin marağının arxasınca qaçır. Uzun sözün qısası, televiziyalar kütlənin maraqlarına uyğun gəlməyə çalışır. Əslində isə, televiziyalar həm də kütlənin maraqlarnın formalaşmasında böyük rol oynamalıdır. Təəssüfedici olsa da, bu gün təhsil, mədəni-maarif və elmi mövzularda olan proqramların olması televiziyaların reklam bazarına da təsir edir. Yəni sahibkarlar bu mövzuda proqramlar üçün maliyyə ayırmaq istəmir, kütlə bu mövzularada proqramları izləməkdən imtina edir...

Televiziyalarda elmi-mədəni, maarifləndirici təhsil proqramlarının olması üçün hansı addımlar atılmalıdır?

Sosioloq Əhməd Qəşəmoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Azərbaycanın ən çox mədəni, elmi və təhsil mövzusunda proqramlara çox ehtiyacı var. Bu gün Azərbaycan televiziylarında bu mövzuda proqramların sayı azdır.

Əhməd Qəşəmoğlu Əhməd Qəşəmoğlu

Əhməd Qəşəmoğlu hesab edir ki, bu mövzuda proqramları yüksək səviyyədə hazırlayan, reklam toplayacaq səviyyədə maraqlı, diqqətçəkən televiziya əməkdaşlarının sayı da çox azdır. Onun sözlərinə görə, bu sahədə televiziya jurnalistikasının ixtisaslaşmasına ehtiyac var. Belə ki, televiziya əməkdaşları ilə bu mövzuda proqramların hazırlanması, reklam yığacaq səviyyəyə çatdırılması mövzusunda kurslar, treninqlər keçirilməlidir.

“Bu gün biz televizyalardan elm-təhsil, mədəni-maarif mövzularında proqramlar tələb etsək də, hazırlanan proqramların keyfiyyəti bizi onsuz da qane etməyəcək. Bizə yüksək səviyyədə hazırlanmış, insanlara fayda verəcək verilişlər lazımdır. Amma dediyimiz televiziya işçiləri bu mövzunu dərindən işləyəcək qədər hazır deyil”-deyən sosioloq hesab edir ki, jurnalistika fakültəsində də bu mövzu diqqətə alınmalıdır.

Əhməd Qəşəmoğlu həmçinin bildirib ki, bu sahədə treninqlərin keçirilməsi arzusunda olan televiziya kanalları ilə əməkdaşlığa açıqdır.

“Mən layihələr hazırlayıb, verə bilərəm. Unutmayın ki, məsələ sayda deyil, həm də keyfiyyətdədir”-deyə sosioloq vurğulayıb.

P.S. Deyirlər ki, tələb təklifi doğurur. Acınacaqlı olsa da, bu gün Azərbaycan tamaşaçısının tələbi elmi, mədəni və ya təhsil proqramları deyil. Azərbaycan tamaşaçısını insan taleləri üzərində qurulmuş şou-proqramlar daha dərindən maraqlandırır. Bu səbəbdən də televiziyada elmi proqramların olmamasında birbaşa televiziyaları günhalandırmaq olmaz. Burada kütlə və cəmiyyət günahkar sayıla bilər.

Sadə bir misal çəkək: bu gün Tiktok sosial şəbəkəsində bir jurnalistin açdığı təhsil mövzusunda canlı videonu izləyicisi hansısa “fenomenin” canlı yayının izləyicisindən çox olur. Bunun qarşısını isə, ancaq kütlə imtina edərək ala bilər. Ya da sosioloqun dediyi kimi, o qədər yüksək səviyyədə proqramlar hazırlanmalıdır ki, hər kəs bu proqramların yayınlanmasını tələb etsin. Bu isə, bu gün üçün mümkün görünmür.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması.

Son xəbərlər
Bütün xəbərlər »