Tarixin dərinliklərinə çox da baş vurmayacam. Hərənin bir işi var. Tarixdən tarixçilər danışsın. İllah da sentyabrın 15-də danışmağa çox söz var. Ancaq bəzi önəmli tarixləri xatırlatmadan da keçmək olmur.
105 il əvvəl sentyabrın 15-də Bakı işğaldan azad olunub. Kimdən azad olunub?! Erməni-rus qatillərdən. Kim azad edib? Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu. Kimdir, Nuru Paşa?! Osmanlı ordusunun sərkərdələrindəndir. Osmanlı kimdi?! Türk səltənəti.
105 il əvvəl Anadolu türkləri Qafqaz türklərini azad etməyə gəldi, etdi də. Gəncədən Bakıya qədər yol boyu döyüşə-döyüşə gəldilər və Bakını azad edib, Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtını Bakıya daşıdılar.
Mən hər zaman demişəm və deyirəm: Bakı dövlətimizin paytaxtıdırsa, Gəncə bütövlükdə istiqlal təfəkkürümüzün paytaxtıdır. Gəncəyə ikinci paytaxt statusunun verilməsi çox yaxşı olardı.
1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti qurulanda da Gəncə şəhəri, Gəncəbasar istiqlalımızın giriş qapısı, ilk paytaxtı oldu. 1920-ci ildə Bolşevik Rusiyası Azərbaycanı yenidən işğal edib Xalq Cümhuriyyətini devirəndə də Gəncə şəhəri, demək olar, bir ay boyunca təpədən-dırnağa silahlanmış rus-erməni birliklərinə qarşı dirəndi. Sovet işğalına qarşı uzun müddət ölkənin müxtəlif bölgələrində müqavimət olmuşdu. Ancaq Gəncə üsyanı Gəncəlilərin yeni rus işğalına dirənişi Azərbaycan tarixinin şərəfli qəhrəmanlıq səhifələrindən biridir. Gəncə üsyanı haqda tarixçilərin əsərlərindən oxumaq olar. Ədəbiyyatda isə bu hadisələri böyük Azərbaycan yazıçısı İsmayıl Şıxlı “Ölən dünyam” romanında ustalıqla təsvir edib.
Bəli, 15 sentyabrda Bakını azad edən Türk İslam Ordusu və Azərbaycan Korpusu Gəncədən gəldilər. Bakını xilas edib Azərbaycan türklərinə, eləcə də, bu şəhərin müxtəlif millətlərdən olan sakinlərinə bəxş etdilər. Bu gün həm də bilik günüdür. Məhz bu gün açılan məktəblərdə ilk dərs istiqlal dərsi, onun da içində Bakının azad olunması olsa, çox faydalı və maraqlı olar. Xüsusilə, Bakının azad olunmasında Qafqaz İslam Ordusunun, Ənvər Paşa, Nuru Paşa kimi sərkərdələrin, eləcə də, Azərbaycan Korpusunun rolu, qəhrəmanlıqları yeni nəsillərə öyrənilməlidir, aşılanmalıdır.
Bayram ovqatına köklənmiş olsaq da, bu gün məni narahat edən başqa bir mətləbi də deyəcəm. Hamıya – dosta da, düşmənə də bəllidir ki, Azərbaycanın müstəqillik qazanmasında, möhkəmlənməsində Türkiyə Cümhuriyyətinin əvəzsiz və danılmaz rolu var. 20-ci yüzilin əvvəlində Bakını, təkcə Bakını da deyil, bütün Azərbaycanı erməni-rus işğalından qurtarıb bizə Vətən edənləri unutmadıq. Eləcə də, 21-ci yüzilin 20-ci ilində Qarabağı işğaldan azad olunmasında yenə də Anadolu türklərinin rolu və dəstəyi əvəzsiz və danılmazdır. Ancaq tarixi dananlar var; Azərbaycanla Türkiyənin qardaşlığından, müttəfiqliyindən narahat olanlar var. Türk Dövlətləri Birliyinin – türk birliyinin real məzmun almasından, türk dövlətlərinin birlikdə və ayrı-ayrılıqda inkişafından yuxusu qaçanlar var. Bunlar, təəssüf ki, Azərbaycanda əvvəl də vardı, indi də var. Dayanmadan Osmanlının, Türkiyənin üzərinə gedirlər. Müxtəlif sənət adamlarını, ziyalı insanları da tapıb bu fitnələrinə alət edirlər. Bakının mərkəzində yaşayan adamlar, Bakıda çıxan neftin pullarında üzən adamlar, Bakının imkanlarından yararlanan adamlar, baxırsan, Bakını 105 il əvvəl azad edib bizə qaytarmış türrk qardaşlarımıza – Ənvər Paşa, Nuru Paşa kimi böyük sərkərdələrə dil uzadır, hədyan yağdrır, təhqirlər söyləməkdən belə çəkinmirlər. Bunun bir adı var: nankorluq! Yaxud 44 günlük Vətən müharibəsində qələbələr qazanılması üçün bizə birmənalı və tam siyasi, mənəvi və hərbi-texniki dəstək vermiş Türkiyə haqqında belə bir tezis atıblar ortalığa: “Türkiyənin marağı olmasa, bura gəlməz”.
Yüzillərdir rusları boynunda, erməniləri süfrsində oturdanlar deyir ki, Türkiyənin marağı var. Bakının neftinə susamış və bayrağını tapdalayan ingilisə səs çıxarmayanlar deyir ki, Türkiyənin marağı var. Farsa nökərçilik edənlər deyir ki, Türkiyənin marağı var. Fransaya hər cür dəstək göstəriləndə dilini dinməz yerinə qoyanlar, indi Fransa bizə dirsək göstərəndə də deyir: “Türkiyənin marağı olmasa, Qafqaza gəlməz”.
Adam, Türkiyə Qafqaza gəlməyib. Türkiyə bir Qafqaz ölkəsidir. Türkiyə Azərbaycana gəlməyib. Türkiyə həm də Azərbaycan deməkdir. Biz, sadəcə, dost deyilik, biz, sadəcə, müttəfiq deyilik. Hətta qardaş da deyilik. Türkiyə biz özümüzük. Türkiyə xarici işlər naziri Hakan Fidan İrana getmişdi. İrana nə dedi?! Dedi: “Azərbaycana ediləcək hücumu Türkiyəyə hücum hesab edəcəyik və anında cavab verəcəyik”. 44 günlük müharibədə Türkiyə nə demişdi?! Yaddaşı qısa olanlar üçün xatırladıram: “Türkiyə Cümhuriyyəti dövləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq”.
Bundan artıq daha nə desin?! Daha nə etsin?! Bir NATO ölkəsi gəlib sənin dövlətinlə Şuşada Bəyannamə imzalayır ki, Azərbaycana kəm baxan qarşısında Türkiyəni görəcək. Bundan artıq nə istəyirsən?! Səni qətliamdan, qərətdən, işğaldan, soyqırımdan xilas edən, sənin müstəqil yaşamağın üçün hər cür dəstək verən dövlətə, onun tarixi şəxsiyyətlərinə böhtanlar və həqarətlər yağdıran adam kim olursa-olsun, nankor və naşükürdür. Ancaq onlar millətimizin gerçək duyğularını təmsil etmirlər. Rus, fransız, erməni, fars... agentlərini bir qırağa qoysaq, biz – Azərbaycan cəmiyyətinin tam çoxluğu 15 sentyabrın da qədrini bilir, Şuşa Bəyannaməsinin də dəyərini anlayır. 105 il əvvəl bu günü bizə yaşadan qəhrəman türk əsgərlərinin (həm Anadolunun, həm Qafqazın igid oğullarının), Ənvər Paşa, Nuru Paşa kimi böyük sərkərdələrin uca ruhlarına bir daha şükranlığımızı bildirir, bu gün də Azərbaycanda xidmət göstərən şanlı Türk Silahlı Qüvvələrinin qəhrəman generallarına – Bəxtiyar Paşaya və əmrindəkilərə millət olaraq minnətdarlıq duyğularımızı ifadə edirik və deyirik: “Öz Vətəninizə xoş gəlmisiniz. Biz dost, müttəfiq deyilik. Biz qardaş da deyilik. Sizinlə biz elə özümüzük”.
Bahəddin Həzi, Bizimyol.info