Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya sülhməramlılarının Qarabağdakı mandatı fəaliyyətini davam etdirir. O, bu barədə Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında çıxışı zamanı deyib. “Düzdür, mandat hələ də qüvvədədir, lakin humanitar xarakterli, hansısa “etnik təmizləmə”nin qarşısını alan məsələlər, təbii ki, aradan qalxmayıb”, - dövlət başçısı aydınlıq gətirib. O, həmçinin ümidvar olduğunu bildirib ki, Azərbaycan hökuməti Qarabağ ərazisində insanlara etnik zəmində zülm etməkdə maraqlı deyil. Putinin sözlərinə görə, Bakı həmişə Moskvanı əmin edib ki, onun “etnik təmizləmə” planları yoxdur və regionun yumşaq inteqrasiyasında maraqlıdır. Eyni zaamnda Rusiya lideri Ermənistanla ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib. Son zamanlar bir çox müşahidəçilər Moskva ilə İrəvan arasında münasibətləri böhran kimi xarakterizə edirlər. Bununla belə, Putin iki ölkə arasında təmaslarda “heç bir dönüş”ün olmadığını deyib və hər iki tərəfin mövcud vəziyyəti anladığını bildirib. Xatırladaq ki, Rusiya hökuməti Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin edib.
“2020-ci il noyabr sazişinə uyğun olaraq, Rusiya sülhməramlıları fəaliyyət göstərir. Bu sənədin bitmə tarixi 2025- ci ildir. Bu səbəbdən də Vladimir Putinin dediyi kimi Rusiya sülhməramlıları hələ ki, oradadır. Bu “hələ ki” sözünün arxasında başqa anlamlar var. Yəni, getmək ehtimalı böyükdür”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzu Nağıyev danışıb. Onun sözlərinə görə, əgər sülh bərqərar olarsa, hər hansı bir problem yaranmazsa, qarşıdurma yaranmazsa, onlar təbii ki, oranı tərk etməlidir.

Deputatın fikrincə, Rusiya, ətrafdakı dövlətlər və Ermənistan da bunu dərk edir, başa düşür.
“Yəni bu gün bir tək Ermənistanın istəyi ilə, orada sülhməramlıların qalması qeyri-mümkündür. Bu gün humanitar yüklərin daşınmasında böyük rol oynamasına, bəzi qeyri-qanuni hərəkətlər, daha doğrusu separatçı qüvvələrə silahın daşınmasına baxmayaraq, faktiki olaraq, oradadılar. Onların vaxtı gəldiyi zaman, sülh müqaviləsi imzalanandan, artıq qarşıdurma olmayandan sonra onlar ərazini tərk etməlidir”-deyə deputat əlavə edib.
İradə Cəlil, Bizimyol.info