“Azərsu” açıq səhmdar cəmiyyəti İsrailin “Mekorot Water Company” şirkəti ilə dəniz suyunun duzsuzlaşdırılması layihəsi çərçivəsində texniki məsləhət xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalayıb. İlk baxışdan xəbər təəccüb doğurmur. Amma məsələnin pərdəarxası var. “Azərsu” İsrail şirkətinə məsləhət üçün 2,8 milyon manat ödəyəcək. Dövlət qurumundan belə "duzsuz" lətifə gözləmirdik.
Bizimyol.info xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi hələ bir neçə gün əvvəl bununla bağlı xəbər yaymışdı. İsrailin milli su operatorunun direktorlar şurasının sədri Amir Lanq Bakıya gəlib. Müqavilə imzalanıb, əməkdaşlıq etmək qərara alınıb.
Amir Lanq fəxrlə deyib ki, ölkəsində içməli suya olan tələbatın 90 faizinin təmsil etdiyi şirkət təmin edir. Direktorlar şirasının sədri istehlakçılara verilən suyun təqribən 60 faizinin dəniz suyunun duzsuzlaşdırılması ilə əldə olunduğunu bildirib. Görün vəziyyət nə yerə çatıb! İsrail şirkətindən məsləhət alınacaq, bunun üçün də milyonlar ödəniləcək. Dövlət qurumlarının yarıtmaz işinin bundan yaxşı göstərən mənzərə ola bilməz.
“Azərsu” illərdir bərbad nümunə ortaya qoyur. Bakının az qala yarısı daimi su ilə təmin edilmir. Hələ də paytaxt sakinləri içməli su üçün səhər və axşam xüsusi saatları gözləməli olur. Vətəndaşların öz təşəbbüsü ilə binaların üzərinə qoydurduğu çənlər sökülür. Amma sonradan həmin yaşayış yerlərində içməli su ilə bağlı böyük problemlər yaranır. Ehtiyat suyu olmayan sakinlər çətin vəziyyətə düşürlər. “Azərsu”nun qaynar xətti çevik işləmir, vətəndaşların səsinə hay vermir. Bölgələrdə də vəziyyət yaxşı deyil. Kəndlər susuzluqdan boşalır.
“Azərsu” illərlə zərərlə işlədiyini bildirir. Hər dəfə dövlət büdcəsi əyər-əksiyi aradan qaldırır.
İndi də deyirlər ki, “Mekorot Water Company” şirkətinin bu istiqamətdə böyük təcrübəsi var, dünyanın bir sıra ölkələrində dəniz suyunun duzsuzlaşdırılması ilə məşğul olub. Çox gözəl! 2,8 milyon manat da belə gedəcək. Hələ bilmirik ki, məsələ nə dərəcədə müsbət həllini tapacaq.
Bəs indiyə qədər xərclənən pullar necə oldu? Ölkədə içməli su ilə bağlı ciddi böhran yaşanır. Havaya sovrulan milyonların hesabatını kim verəcək? Suallar xeyli çox, cavab verən isə yoxdur...
Aytən, Bizimyol.info