Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəzər quruyur, kiçik adalar yaranır... Sakinlərin bir vaxtlar balıq tutduğu yerlərdə indi piyada gəzirlər
Xəzər quruyur, kiçik adalar yaranır... Sakinlərin bir vaxtlar balıq tutduğu yerlərdə indi piyada gəzirlər

Xəzər dənizinin suyunun çəkilməsi təkcə Azərbaycanda yox, Orta Asiya tərəfdə də ciddi müzakirə olunur. Qazaxıstan sahillərində dənizin quruması aşkar nəzərə çarpmağa başlayıb. Türkmənistanın kurort zonaları sudan aralı düşüb. Azərbaycanda da vəziyyət təxminən belədir. Bakı kəndlərində dənizin quruması aydın görünür. Əməlli-başlı kiçik adalar əmələ gəlir.

Bizimyol.info xəbər verir ki, Şüvəlanda, Pirşağıda, Bilgəhdə, Buzovnada, Novxanıda su yaşayış məntəqələrindən xeyli uzaqlaşıb. Sakinlərin bir vaxtlar qayıqla balıq tutduğu yerlərdə indi rahatca gəzmək mümkündür. Qız qalasından baxanda tarixi Bayıl qalasının qalıqlarını görmək olur. Türkmənistan mətbuatında bu haqda çox yazılır. Türkmənbaşı şəhərinin sahillərindən fotolar paylaşılır. Dənizin qurumasını aydın görmək olur. Yeni istifadəyə verilmiş “Avaz” istirahət mərkəzi çətin duruma düşüb. Mərkəzin tikildiyi dövrdə su çəkilməyə başlayıb. Gözləntilər özünü doğrultmur. Hesab olunurdu ki, “Avaz”ın sahildə yerləşməsi müştərilərin seçimində vacib rol oynayacaq. Amma zamanla istirahət mərkəzi su hövzəsindən uzaq düşür.

“Gəmi” mehmanxanasında da bənzər narahatlıq var. Su 50 metrdən çox çəkilib. Durum yalnız pisləşir. Bakı kəndlərinin sakinləri indi suya yetişmək üçün qayalıqları geridə qoymalı olur. Dənizdə yeni təpələr gözə dəyir.

Balıq həvəskarları prosesin yaxşılığa doğru getmədiyini deyirlər. Suyun çəkilməsi balıqların qırılmasına səbəb olur. Balıq tutmaq da mənasız işə çevrilir. Çünki dəniz sakinlərinin sayı kəskin azalıb. Dənizdə tarazlığı çay axınları yaratmalıdır. Xəzəri əsasən Volqa çayı su ilə təmin edirdi. Amma Rusiyada çay hövzələrində kənd təsərrüfatı sahələrinin artırılması təsirsiz ötüşməyib. Xəzərdə suyun çəkilməsində bunu rolu böyükdür.

2000-ci illərin əvvəllərində dənizdə suyun səviyyəsi normallaşmışdı. Son illər vəziyyət yenə korlanıb. Mütəxəssislər durumun müvəqqəti xarakter daşıdığına inandığını deyirlər. Amma hiss olunur ki, bu dəfə dənizin suyunun təbii yolla normallaşmasını gözləməyə dəyməz. Kür çayı da Xəzər dənizini yetərincə təmin edə bilmir. Rusiyada oliqarxların bizdə olduğu kimi, kənd təsərrüfatına ciddi maraq göstərməsi Volqa çayının potensialını aşağı salıb. Sanki Xəzər belə tezliklə özünə gəlməyəcək.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »