“Azərbaycan istəyir ki, bu keçid yumşaq olsun”. Bu cümləni Rusiya prezidenti Vladimir Putin Vladivostokda - “Şərq İqtisadi Forumu”ndakı çıxışında demişdi. Bu cümlə üzərində həm Rusiyanın özündə, həm də Azərbaycanda və Ermənistanda çox mülahizələr quruldu. Müxtəlif şərhlər verildi. Hərə bir yerə yozdu. Amma gerçək budur ki, Azərbaycan Qarabağda yaşayan erməniəsilli əhalinin və onların yaşadıqları ərazinin Azərbaycanın suverenliyi altına yumşaq keçidini istəyir. Əslində, sadəcə, istəmir. Həm də addım-addım bu məqsədə doğru gedir.
Azərbaycan sərt keçidi əvvəldən də istəməyib; 2020-ci ilin sentyabr-noyabr aylarında - 44 günlük müharibə zamanı da Azərbaycan ordusu erməniəsilli əhalinin məskunlaşdığı yaşayış məntəqələrində əməliyyatlar aparmışdı. Elə götürək, Hadrutu. Orda da yerli əhali erməniəsilli idi. Qəsəbədən çıxmaq istəyənlərə Azərbaycan imkan yaratdı, onlar çıxdılar. Çıxmayan bir qadın var idi. Onu da Bakıya gətirib, buradan Ermənistana yola saldılar. O zaman mediada, cəmiyyətin müəyyən kəsimində bu, narazılıq da doğurdu. Ancaq Azərbaycan dövləti öz cəmiyyətinə də, bütün dünyaya da göstərdi ki, o, mülki əhaliyə qarşı hər hansı hərbi güc tətbiq etmir, yalnız və yalnız legitim hərbi hədəfləri yox edir.
Hadrutdan başqa xeyli sayda yaşayış məntəqələri də var idi. Orda da eyni taktika, eyni yanaşma göstərildi; Azərbaycan dinc əhaliyə qarşı zorakılıq hallarına yol vermədi. Belə bir fakt olsaydı, onu qarşı tərəf və arxasında dayananlar əks-təbliğat və pressinq üçün istifadə edərdilər. Xankəndi, Ağdərə və başqa yaşayış məntəqələri ilə də indi oxşar situasiya yaranıb. 44 günlük müharibədə Azərbaycan ordusunun Xankəndinə daxil olaraq nəzarətə götürməsi bir neçə saatlıq, uzağı bir sutkalıq əməliyyat tələb edirdi. Olsun bir neçə gün. Ancaq ordu bunu etmədi; belə bir əmr verilmədi. Əksinə, üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Ermənistan tərəfinin həmin sənəddəki əsas öhdəliklərindən biri Qarabağın erməniəsilli əhalisi yaşayan ərazilərindən öz qoşunlarının qalıqlarını çıxarsın, başqa silahlı ünsürlər də tərkslah olunsun. Bu, nə demək idi?! O demək idi ki, Ağdam, Laçın, Kəlbəcər kimi Xankəndi, Ağdərə, Xocalı rayonları, Şuşanın 32 kəndi, eləcə də, ermənilər yaşayan başqa kəndlər döyüşsüz təslim edilsin.
Ancaq Ermənistan tərəfi bu öhdəliyə əməl etmədi. Eləcə də, Rusiya “sülhməramlı” kontingenti bu prosesi təmin etmədi. Başqasının sənin qarşında götürdüyü öhdəlik sənə qaytarmalı olduğu borcdur. Ermənistan borcunu qaytarmaqdan imtina etdi; öhdəliklərini icra etməkdən yayındı. Ona görə də həmin bənd Azərbaycan üçün istənilən an qüvvədən düşmüş sayıla bilər və Azərbaycan ordusuna bu vəzifəni özünün yerinə yetirməsi əmri verilə bilər. Azərbaycanın Qarabağ iqtisadi rayonunda qondarma “seçki” keçirildikdən sonra belə bir əməliyyat üçün siyasi əsas da var, hüquqi əsas da. Mənəvi əsas da.
Ancaq hər bir halda, bəli, Azərbaycan istəyir ki, proses yumşaq getsin; heç bir tərəfdən itkilər olmasın. Çünki Azərbaycan bölgədə adil və qalıcı sülhün tərəfdarıdır. Bunu təkcə siyasi bəyanatlarla ifadə etmir, həm də əməli addımlarla sübuta yetirir. Elə həmin o “3+3” təşəbbüsünün əsas müəlliflərindən biri Azərbaycan dövlətidir. Cənubi Qafqazı iqtisadi, siyasi, humanitar tərəfdaşlıq cənnətinə çevirməyə çalışır, hərbi qarşıdurma meydanına deyil.
Bəzi sosial şəbəkə istifadəçiləri guya pasifist mövqe tutur: “Müharibə istəmirik” deyirlər. Guya Azərbaycan dövləti müharibə istəyir, kimlərsə də buna qarşı “sülh göyərçini” rolunda çıxış edir. Xeyr! Azərbaycan deyil, Ermənistan, o dövlətin revanşist dairələri müharibə istəyir. Yaddaşı qısa olanlara xatırladıram ki, hətta 44 günlük müharibənin gedişində, həm də Azərbaycan ordusu bir-birinin ardınca qələbələr qazandığı bir vaxtda belə Silahlı Qüvvələrin Ali Baş Komandanı çıxışlarında, müsahibələrində dəfələrlə deyirdi ki, Ermənistan öz qoşunlarını özü işğal etdiyi ərazilərdən çıxarsın, bunun üçün cədvəl versin, qrafik versin, Azərbaycan tərəfi də əməliyyatları dayandırsın. Ancaq qarşı tərəf darmadağın olmağı seçdi. İndi də davamlı təxribatlarla vəziyyəti gərginləşdirir. Dayanmadan silahlanır. Yeni hərbi ittifaqlar qurur. Azərbaycan sərhəddinə qoşun yığır. Azərbaycan ərazilərinə diversiya qrupları göndərir, mina basdırır və sair. Kimdir müharibəyə hazırlaşan?! Təbii ki, Ermənistan tərəfi. Əlbəttə ki, qarşı tərəf hərbi avantüraya əl atırsa, hərbi kampaniyaya hazırlaşırsa, Azərbaycan nə edəcək? Durub seyr edəcək?! Xeyr! Odur ki, “sülhpərvər”, “pasifist” cildinə girib öz dövlətinin əleyhinə bu cür təbliğat aparanların Cinayət Məcəllərində də, el dilində də bədnam bir adı var...
Bahəddin Həzi, Bizimyol.info