IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı son illərin rezonans doğuran, nüfuzlu film festivallarında nümayiş edilən, mükafatlı sənədli filmlərini Azərbaycan auditoriyası üçün gətirir.
Qadınların haqq və azadlıqları uğrunda mübarizə hekayələrini, müxtəlif həyat təcrübələrindən bəhs edən sənədli filmləri “Festivallardan seçmələr” ("Best of Fests") adlı xüsusi proqramda nümayiş etdirəcək festival bu il də 15-22 sentyabr tarixlərində Bakı, Şəki və Lənkəran şəhərlərində eyni anda keçiriləcək.
IDFA - Amsterdam Beynəlxalq Sənədli Filmlər Festivalında əsas mükafata layiq görüldükdən sonra böyük beynəlxalq maraq əldə etmiş“Apoloniya, Apoloniya” ( Leo Qlob) filmi Danimarkanın növbəti Oskar film mükafatları üçün qısa siyasında yer alır. Sundance Film Festivalında yarışmış Sirenalar (Rita Bağdadi), Xarkov beynəlxalq Film Festivalının qalibi “Mənim adım Mutludur” (Ayşe Toprak & Nik Rid), Hot docs Beynəlxalq Sənədli Film Festivalının qalibi İran Xanımın əri (Mərcan Xosravi), nüfuzlu Venesiya film festivalının müsabiqədən kənar proqramında nümayiş edilmiş “Aradüzəldən” (Benedetta Argentieri), Berlin Beynəlxalq Film Festivalının qalibi “Tehranda yeddi qış”(Steffi Niderzol) kimi filmləri festival çərçivəsində ölkə sənədli filmsevərləri ilə qovuşacaq.
Həmçinin seçki komissiyası tərəfindən dünyanın bir çox ölkəsi və yerli rejissorlar tərəfindən göndərilmiş çoxsaylı sənədli filmlər içərisindən xüsusi etina ilə seçilmiş və “Beynəlxalq qısametraj sənədli film”, “Yerli qısametraj sənədli film” və “Tammetraj sənədli film” kateqoriyaları üzrə” nümayiş ediləcək olanfilmlər zəngin müsabiqə proqramında yer alır.
Həmçinin bu il festival çərçivəsində Dünya kino tarixinin əfsanələrindən olan və Sənədli film tarixində silinməz izə sahib dünya şöhrətli rejissor Anyes Vardanın retroperspektivi baş tutacaq ki, izləyicilər rejissorun yaradıcılığında xüsusi yer tutan dörd sənədli filmi geniş ekranlarda izləmək fürsəti əldə edəcəklər.
Festivalın bu il də dünyanın bir çox ölkəsindən dəvət etdiyi çoxsaylı nüfuzlu xarici mütəxəssislər festival günlərində müxtəlif ustad dərsləri və panel müzakirələr fonunda yerli rejissorlar, kinosevərlər ilə görüşəcəklər. Dünya şöhrətli Azərbaycanlı Fotoqraf Rəna Əfəndi ilə yerli auditoriyanın görüşü və Dünya kino tarixinin əfsanələrindən kinorejissor Anyes Qodarın masterklassı bu baxımdan xüsusi yerə sahibdir.
IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı bu ilki şüarı “Sizin bölgədə əlçatmazdır”la texnoloji yeniliklərin sərhədsizliyi fonunda müzakirəyə məhkum edilmiş fundamental insan və qadın hüquqlarının müxtəlif regionlarda prioritetə çevrilməməsini diqqət mərkəzinə alır.
Festivalımız inkişaf edən dünya kontrastında həllini tapmamış gender problemlərini, yaşamaq və insan hüquqları kimi təməl ehtiyaclara əlçatımlığın məhdudluğunu xatırladır, hüquq və azadlıqlara əlçatımlıqda bərabərhüquqluluğun önəmini vurğulayır.
Rəna Əfəndi, “Boru xəyalları: Boru kəməri boyunca həyatların salnaməsi” və “Maye torpaq” adlı iki foto-monoqrafiyanın müəllifidir. Onun fotoşəkilləri insan ruhunun qüdrətini sükunətlə şərəfləndirir, dərin empatiya hissi ilə xarakterizə olunur. Əfəndi Prins Klaus Fondu mükafatının laureatıdır. Fotoqrafiya və Davamlılıq üzrə prestijli “Prix Pictet” mükafatının qısa siyahısına daxil edilib. Fotoqraf Davosda keçirilən Dünya İqtisadi Forumunda iki dəfə çıxış edib və Forumun Mədəni Liderlik şəbəkəsinin üzvüdür. Əfəndinin əsərləri Viktoriya və Albert Muzeyi, Saatçi Qalereyası, İstanbul Modern, Venesiya Biennali və Nyu York Müasir İncəsənət Muzeyi kimi nüfuzlu məkanlarda nümayiş olunub. Rəna Əfəndi “National Geographic Magazine” və “Monocle” jurnalları ilə mütəmadi əməkdaşlıq edir. Onun həmçinin “New Yorker”, “Time”, “New York Times”, “The Sunday Times” və bir çox başqa beynəlxalq media qurumları ilə əməkdaşlığı mövcuddur.
2013-cü ildən bəri Kino Sənətləri və Elmləri Akademiyası ("Oskar" mükafatını təqdim edən qurum) və Fransa Quruluşçu Rejissorlar dərnəyinin üzvü olan Anyes Qodar, 1951-ci ildə Fransada doğulub. Yaradıcılığa Vim Vendersin “666 nömrəli otaq” sənədli filmi ilə başlayan Anyes sonradan Cozef Losi, Piter Qrinvey, Alen Rene kimi mötəbər rejissorlarla işləyib.
Qodarın rejissor Kler Deni ilə quruluşçu operator olaraq uzunmüddətli əməkdaşlığının ilk nümunəsi “Şokolad” filmidir. 1990-cı ildən birlikdə işləyən bu iki usta “Günəş içəri dolsun”, “Bicbalalar”, “Dəvətsiz qonaq”, “Vendredi Soir”, “Hər gün bir bəla”, “Nenette və Boni”, “Yata bilmirəm”, “Özün üçün saxla” kimi filmlərə imza atıb. Deninin “Gözəl iş” (1999) filmindəki göstərdiyi ustalıq ona çoxsaylı mükafatlar qazandırıb.
Ursula Mayerin Berlin Beynəlxalq Film Festivalında mükafat qazanmış “Bacı”(2012) və “Ev”(2008), Vim Vendersin “Arzunun qanadları” (1987) filmləri Qodarın yaradıcılığında xüsusi yer tutur. Anyes Vardanın rejissoru olduğu “Nan şəhərindən Jako”(1991) bədii filmi isə iki möhtəşəm Anyesin dostluq və əməkdaşlıq həyatının başlanğıcı olub. Uzun illər Anyes Vardanın yaradıcı heyətində yer alan Anyes Qodar “Sevil”in tamaşaçıları, rejissorlar və kinosevərlər ilə öz sehrli və ilhamverici təcrübəsini paylaşacaq.
Daha ətraflı məlumat üçün: https://www.instagram.com/sevilfest/