Respublika Xarici İşlər Nazirliyinin Rusiyanın yeni regionlarında seçkilərin keçirilməsi ilə bağlı bəyanatına görə Rusiya Azərbaycana diplomatik demarş bildirib, bu cür bəyanatlar ölkələr arasında müttəfiqliyin xarakterinə uyğun gəlmir.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Biz bu cür qiymətləndirmələri qəbul edə bilmərik, bunlar qəbuledilməz qiymətləndirmələrdir və ölkələrimiz arasında münasibətlərin müttəfiqlik səviyyəsinə uyğun gəlmir. Ona görə də Azərbaycan tərəfi qarşısında diplomatik demarş həyata keçirilib. Biz bununla bağlı hər şeyi ifadə etmişik”, - deyə o, Şərq İqtisadi Forumunda keçirilən brifinqdə bildirib.
“Biz ondan çıxış edirik ki, Bakı ölkəmizin ərazi bütövlüyü məsələlərinə Azərbaycan Respublikasının ərazi bütövlüyünə gəldikdə tərəfdaşlarımızın bizdən gözlədiyi hörmətlə yanaşmalıdır. Hesab edirəm ki, azərbaycanlı dostlarımız yeni bölgələrin tarixini yaxşı bilirlər”, - diplomat əlavə etdi.
Qeyd edək ki, diplomatik demarş elan edən Rusiya XİN-i Azərbaycan ərazisində belə bir ərazi vahidinin olmamasına və bu barədə rəsmi Bakının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq hələ də rəsmi sənədlərdə "Dağlıq Qarabağ", "Stepanakert" və s. kimi digər yer adlarını ermənilər sayaq yazmaqda davam edir.
Eyni zamanda, xanım Zaxarovanın xətrinə dəyib ki, Azərbaycan Kremilin qərarı ilə Ukraynadan işğal edilmiş yerləri Rusiyanın ərazisi kimi tanımayıb. Bəli, Azərbaycan məhz işğal olunmağın (Rusiya tərəfindən və ya onun köməyi ilə) tarixini unutmayıb. Azərbaycan ərazisində münaqişə ocağı yaradaraq ərazisini 20%-ni işğal etdirən, onu 30 ildən artıqdır təzyiq vasitəsi kimi saxlayan Rusiyanın "xidmətini" unutmaq olarmı?
XİN nümayəndəsi yaddan çıxarmasın ki, elə bu günlərdə Ermənistan onun "sevimli prezidenti" (ifadə Mariya Zaxarovaya aiddir) barədə həbs qərarını qəbul etməyə hazırlaşır. Bu onun üçün daha vacib məsələ olmalıdır.
Qadir, Bizimyol.info