Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Həyat yoldaşımı məndən alan güllənin sındırdığı pəncərəni hələ də dəyişməmişəm" - Tovuz "əfsanə"si
"Həyat yoldaşımı məndən alan güllənin sındırdığı pəncərəni hələ də dəyişməmişəm" - Tovuz "əfsanə"si

Tovuz rayonunun Şəhidlər Xiyabanında uzanıb gedən iri və hündür divardakı şəkillərə baxırdım. O, təkcə bir divar yox, həm də sanki bir film lenti idi. Bu "lent"ə baxanda, az öncə şəhərə daxil olarkən, girişdə böyük bir qala ilə məni qarşılayan Tovuzun "həyat hekayəsi"ni də öyrənirdim. Əksəriyyəti 20-li yaşlarda gənclərin qara fonlu, ağ-qara rəsimləri ilə dolu olan bu divarda həm də hələ yaşı 15-ə çatmayan yeniyetmələrin, körpə uşaqların gah gülən, gah kəskin baxışlarla baxan, gah da heç bir məna verə bilmədiyim lal nəzərlərlə məni süzən fotoları əks olunmuşdu. Özüm belə fərqində olmadan bu insanların rəsimləri önündən elə keçirdim ki, sanki bir əsgər tribunadan ona baxan generalların önündən keçir. Hər hansı bir əl tərpənməsi, baş çevirməsi, telefona gələn zəngə, mesaja veriləcək hər hansı bir reaksiya, cavab bu insanlara qarşı böyük bir hörmətsizlik olacaq. Göz işlədikcə uzanıb gedən bu şəhid divarı tən ortadan iki hissəyə bölünmüşdü - Birinci və İkinci Qarabağ şəhidlərinin rəsimlərinin yer aldığı əziz xatirə divarına çevrilmişdi...

Birinci hissə artıq tamamlanmışdı. Divarın ikinci hissəsində isə hələ də bu "həyat lenti"ndə öz yerini tutacaq olan qəhrəmanların fotoları ora asılmağı gözləyirdi. Hər verilən şəhidə görə divar daha da uzanır, rəsimlər daha da çoxalırdı. Divarın ikinci hissəsində - İkinci Qarabağ müharibəsi və ondan sonra şəhid olanların rəsimlərini görəndə, düşünürsən ki, nə xoş divarın birinci hissəsinə ki, daha uzanmır...

Tovuz Şəhidlər xiyabanı / Foto: Mətin Şükürlü, Bizimyol.info Tovuz Şəhidlər xiyabanı / Foto: Mətin Şükürlü, Bizimyol.info

Əlindəki otbiçən maşını ilə xiyabanın uzun, yaşıl otlarını kəsən yaşlı, amma gümrah görkəmli bir qocanın kənardan təbəssümlə məni izlədiyini gördüm. Mənim də ona baxdığımı görəndə, xırıldayan otbiçən maşınını qapadı. Hələ də gözünü çəkmədən mənə baxırdı, amma yenə də o qəribə, içdən gələn təbəssümü ilə. Ətrafda şəhid məzarları da var idi, düşündüm ki, axı, bura təbəssümün itdiyi, kədərin başladığı yerdir, bəs bu ağsaqqalın üzündə təbəssüm yaradan nədir? Daha sonra biləcəkdim ki, bu təbəssüm qocanın min bir zülmlə keçən, acı həqiqətlərlə yoğrulan həyatına qarşı əlində qalan sonuncu zirehi, müdafiə vasitəsidir.

Yaxınlaşıb, salamlaşdım, adını soruşdum, həmin səmimi təbəssümünü heç pozmadan cavab verdi ki, adı Sadiqdir. Sadiq Əliyev. Tovuz rayonunun məşhur Əlibəyli kəndinin sakini. İş vaxtı bitmişdi və evinə getməyə hazırlaşırdı. Əlindəki otbiçən maşını Şəhidlər Xiyabanından xeyli aralıya - İcra hakimiyyətinin yanında yerləşən anbara salıb, evə elə getməli idi. Həmin yolu birlikdə getdik, yolda uşaqdan böyüyə onu görən tovuzlular dərin ehtiramla salam verib, keçirdilər. Sən demə, Sadiq əmi sıravi bir rayon adamından, kənd sakinindən çox daha "böyük" imiş. Məni Əlibəylidəki evinə dəvət etdi. Kəndin girişindəki Nəzarət Buraxılış Məntəqəsindən keçib, kəndə daxil olduq. Kəndi qala kimi mühasirəyə alan bütün təpəliklərdə mövqelər yerləşirdi - hər düşmən postunun qarşısında bir postumuz qurulmuşdu. Sanki hər post düşmənə öz varlığı ilə "həddini bil" mesajı verirdi. Sadiq əminin evi də düz düşmən postlarının ortasında yerləşir. Həyətə keçməzdən əvvəl kiçik hasarın qarşısında iri dəmirlər düzülmüşdü. Soruşdum ki, bu, nədir? Dedi ki, bu, tank əleyhinə dəmir maneələrdir. Özü düzəldib ki, düşmən tərəfdən tank hücumu olsa, qarşısını ala bilsin. Daha sonra həyətə daxil olduq, evin divarları, pəncərələri kiçik və iriçaplı güllə izlərindən dəlik-deşik idi. Həyətdə bir tank mərmisi, bir neçə RPQ-7 mərmisi, minaatan mərmisi, bir neçə DŞK pulemyotunun iriçaplı güllələri və divarlara sancılıb qalmış kiçik 7-62 çaplı avtomat güllələri. Sadiq əminin ailəsi ilə yaşadığı bu yerin sadəcə adı ev sayıla bilərdi. Hansımızın evinin divarlarında daşdan çox, güllə izləri, tank və minaatan mərmiləri var ki? Sanki düşmən hər dəfə Azərbaycan əsgəri qarşısında aciz qalanda, öz acığını, hirsini bu evdən çıxırdı.

Bir gün bu ev yenə öz acizliyi ilə barışa bilməyən düşmən mövqelərindən birinin gülləsinə tuş gəlmişdi. Həmin gün Sadiq əmi evdə deyilmiş. Pəncərədən daxil olan "DŞK" gülləsi onun həyat yoldaşının üzünü yaralayaraq, otağa keçir və divarda iri bir dəlik açır. Qorxduğu üçün özündən gedən xanım xəstəxanaya çatmamış yolda vəfat edir. Vəfat etməsinə səbəb isə pulemyot gülləsinin onun üzündə açdığı yara yox, güllə səsinin yaratdığı qorxu, təzyiq imiş. Sadiq əminin həyat yoldaşı güllə yarasından yox, onun vahiməsindən qorxduğu üçün təzyiqi qalxmış və ürəyi dayanmışdı. Qızı isə həmin gündən sonra ciddi psixoloji sarsıntı keçirib və hələ də əsəbləri yerində deyil.

Qarşıda düşmən postları ilə üz-üzə olan mövqelərimizdən birini göstərdi və dedi ki, o postun adı "Sadiq postu"dur: "Həmin postu düşməndən özüm almışam. Hələ Birinci Qarabağ müharibəsi ərəfəsində öz evimin ətrafında səngər qazıb, tüfəngimlə evimin keşiyini çəkirdim. Bu müharibə məndən çox şey aldı, ancaq mənə çox şey öyrətdi. 1988-ci ildən bəri bu ev gülləboran altındadır. Həyat yoldaşımı məndən alan güllənin sındırdığı pəncərəni hələ də dəyişməmişəm, qalır. Borulardan top, dəmirlərdən güllələr düzəltdim. Kustar üsullarla qaynaq etdiyim, dəmir ləvazimatlarla hazırladığım raketlər "Alazan" mərmiləri kimi gedirdi. Yanacaq maddələrdən, avtomobil amorizatorlarından əl qumbaraları, partlayıcı vasitələr hazırlayıb, düşmənə qarşı istifadə etmişəm. Dəfələrlə onların texnikasını vurub sıradan çıxarmışam. Onların bu evi, bu kəndi götürmələrinə heç vaxt icazə verməmişəm, verməyəcəm də".

Sadiq Əliyev bu evdə qızı və iki nəvəsi ilə yaşayır. Böyük nəvəsi bir qədər orduda müddətdən artıq hərbi qulluqçu kimi xidmət etsə də, indi işsizdir. Balaca nəvəsi Əli isə hələ körpədir. Onların yaşadığı bu evdə təmir-tikinti işləri həm düşmən mərdiməzarlığından, həm də yerli qurumların laqeydliyi ucbatından illərdir ki, yarımçıq qalıb. Bir tərəfdən düşmən güllələri, digər tərəfdən isə aidiyyəti qurumların laqeydliyi ilə döyüşən, ailəsinə baxmaq, onları dolandırmaq üçün həm də həyatla mübarizə aparan Sadiq Əliyevin nə az, nə çox, düz 78 yaşı var. Bu evdə işləyən, evi dolandıran bircə özüdür. Tovuzun adlı-sanlı qəhrəmanlarından, el ağsaqqalı, canlı tarix olan Sadiq əmi indi öz ailəsini rayonun parklarında bağbanlıq etməklə dolandırır.

Sadiq Əliyevi tanımaq, onun "qazi" evində bir stəkan çay içmək, onun kimi canlı əfsanə ilə bir neçə kəlmə söhbət etmək, mənə həyatın ən xoş və unudulmaz sürprizlərindən biri oldu. Uşaqlıqdan əfsanəvi azərbaycanlı partizan Əhmədiyyə Cəbrayılovla bağlı tarixi faktları, xatirələri oxuyanda deyirdim, kaş, onunla oturub danışmaq, ona çoxlu suallar vermək imkanım olaydı. Bir neçə gün öncə bu arzum baş tutdu - mən adı və xarakteri Sadiq, ruhu və iradəsi "Əhmədiyyə" olan Sadiq Əliyevlə həmsöhbət oldum. "Sadiq postu"nun Sadiqi 78 illik həyatında öz el-obasına, vətəninə daim adıtək sadiq olub, sədaqətini ailəsi və həyatı bahasına isbat edib. Əzazil, qaniçən, "repressiya maşını" adlandırılan sovet hökuməti Əhmədiyyə Cəbrayılovu gec də olsa dəyərləndirə bilmiş, onu xidmətlərindən dolayı mükafatlandırmışdı. İndi həyatın ironiyasına bax ki, milli dəyərlərə bağlı, müstəqil və müzəffər bir ölkənin qəhrəman vətəndaşı hələ də düşmən postları arasında, qara suvaqlı, çürük taxtalı, deşik divarlı, sınıq şüşəli bir "ev"də, 78 yaşında bağbanlıq edərək, yaşamağa çalışır.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »