Şamaxıda Binyətovlar ailəsinin yaşadığı nimdaş evi bizə uzaqdan göstərirlər. Onlar çox çətin vəziyyətdə yaşayırlar. Dörd uşaq atası Zahid Binyətovun bir neçə xəstəliyi var. Vərəm onu lap əldən salıb. Üstəlik, ailəni dolandırmaq lazımdır. Zahid Bünyətov bunun üçün Şamaxı bazarına üz tutur. Gün ərzində araba dartaraq 5-6 manat qazanmağa çalışır.
Bizimyol.info xəbər verir ki, ana Elnarə Binyətova işləyərək həyat yoldaşına kömək etməyə hazırdır. Amma evin qayğıları imkan vermir. Ailə bir müddət əvvələ qədər sosial yardım alırmış. Yardımın kəsilməsi vəziyyəti çox ağırlaşdırıb.
“Həmin pul çox əlimizdən tuturdu. Demək olar, bütün problemləri onun sayəsində həll etməyə çalışırdıq. Bir neçə gün sonra uşaqlar məktəbə gedəcək. Hələ də geyimləri, çantaları yoxdur. Hansı pulla alacağıq? İlin əvvəlindən sosial yardımı kəsiblər. Necə dolanacağımızı bilmirik. Bazardan gələn 5-6 manatla ailə dolanmır axı...”
Ailə bir müddət əvvəl növbəti ünvanlı sosial yardım müraciətinə imtina cavabı alıb. Elnarə xanım ruhdan düşməyərək, yenidən sənədlər toplamağa başlayıb. O, deyir ki, onların ailəsinə yardım verilmirsə, bəs o zaman kimə verilir? Çünki Binyətovlar ailəsi çox ağır şərtlərlə yaşayır. Zahid Binyətov əvvəllər müalicə olunurmuş. İmkansızlıq onu müalicə kurslarından imtinaya məcbur edib. Bazarda işləmək onun sağlamlığına böyük zərbə vurur. Araba ilə ağır yük daşımaq onu çox geri salır. Başqa çarə də yoxdur. Çünki ailəyə əlavə heç bir yerdən pul gəlmir.
Ailənin yaşadığı ev bərbad gündədir. Elnarə Binyətova evin qəzalı olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etdiklərini deyir. Amma bir aydan çoxdur, cavab gəlmir. Elnarə Binyətova bir neçə gün əvvəl Şamaxı Rayon İcra Hakimiyyətində olub:
“Dedim, heç olmasa, uşaqlara geyim alınmasına yardım etsinlər. Əliboş qayıtdım. İnanın, bu dəqiqə evdə yeməyə bir şey yoxdur. Həmişə gözümüz qapıda qalır ki, kimsə gəlib nəsə verəcək”.
Şamaxı rayon İcra Hakimiyyətindən Bizimyol.info xəbər portalına bildirilib ki, müraciət edən vətəndaşlara imkan daxilində kömək etməyə çalışırlar.
Aytən, Bizimyol.info