Azərbaycanda 11 mindən çox dağ yəhudisi var və təxminən 4 min nəfəri Quba rayonunda yaşayır. Yəhudilər kompakt şəkildə Quba rayonunun Qırmızı qəsəbə adlanan ərazidə yaşayırlar. Bu qəsəbənin özünəməxsus tarixi var. Qeyd edək ki, dağ yəhudiləri dini əqidələrinə görə rəbbanilərdir. Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir.
Qırmızı qəsəbə ilə yaxından tanış olmaq istəyənlər öncə qəsəbənin girişinə yaxın ərazidə yerləşən informasiya mərkəzinə yaxınlaşmalıdır. Burada sizə müəyyən məbləğ müqabilində bələdçi xidməti təklif edilir. Fərdi olaraq gəzmək istəsəniz, elə bu mərkəzdən Qırmızı qəsəbəni xüsusi hazırlanmış xəritəni ödənişsiz şəkildə əldə edə bilərsiniz. Eyni zamanda bu mərkəzdə müxtəlif suvenir və hədiyyəlik əşyaların satışı da təşkil olunur.
Turizm mərkəzindən xəritəni əldə edib, Qırmızı qəsəbənin xüsusi nöqtələrini araşdırdıq. Qəsəbədə Dağ Yəhudiləri muzeyi fəaliyyət göstərir. Biz də ziyarətimizə bu muzeydən başladıq. Öncə qeyd edək ki, muzeyə giriş üçün biletin qiyməti Azərbaycan vətəndaşları üçün - 5 AZN, xarici vətəndaşlar üçün - 10 AZN, 12-16 yaş arası qonaqlar üçün - 3 AZN, 12 yaşdan kiçik uşaqlar üçün giriş pulsuzdur.
Muzey 2020-ci ildə açılıb və dağ yəhudilərinə həsr edilib. Və bu muzey dünyada dağ yəhudilərinə həsr edilmiş ilk və tək muzeydir.
Muzey Qırmızı qəsəbədə XIX əsrə aid Karcoq sinaqoqunda yaradılıb. Sinaqoq XIX əsrdə tikilib fəaliyyət göstərsə də, sonradan sovet dövründə fəaliyyətini dayandırıb. Hətta bir müddət sinaqoqun binasında kənd təsərrüfatı malları üçün anbar kimi də istifadə edilib. Muzeyin yaradılması fikri 2017-ci ortaya çıxıb. Sinaqoqun binası əvvəlki eksiz əsasında bərpa edilib. Muzey biznesmenlər - Qod Nisanov, Zarah İliyev və German Zaxaryayevin dəstəyi ilə yaradılıb.
Muzey dağ yəhudilərini birləşdirən ən böyük təşkilat olan "STMEQİ" təşkilatı tərəfindən eksponatlarla təmin edilib. Muzeyin eksponatları dağ yəhudilərinin adət ənənələrini, həyat tərzini, dinə olan yanaşmalarını, mətbəxlərini əks etdirir. Muzeydə dağ yəhudilərinin həyatı, yaşayış tərzi, dini etiqadı, yeməkləri və digər adət-ənənələrini əks etdirən xüsusi sistemlər quraşdırılıb. Burada əyləşərək, Azərbaycan, ingilis və rus dillərində dağ yəhudiləri haqqında məlumatlar almaq mümkündür.
Muzeydə Qafqazda fəaliyyət göstərən ravvinlərə haqqında məlumatı əks etdirən və Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova həsr edilmiş guşələr də yer alıb.
Azərbaycan multikultural, tolerant bir ölkədir. Azərbaycanda dilindən, dinindən asılı olmayaraq, hər kəsə sayğı duyulur. Onların mədəniyyətlərinin inkişafı üçün, azad şəkildə yaşamaları, dini inanclarını azad şəkildə yaşamağı üçün şərait yaradılır.
Yolunuz Qubadan düşərsə, Qırmızı qəsəbədə yerləşən Dağ Yəhudiləri Muzeyini ziyarət edib dağ yəhudiləri haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info