Müharibələrdə heyvanlar da iştirak edib. Tarix boyu belə olub. Makedoniyalı İsgəndər Hindistana çatar-çatmaz... fillərin dirənişi ilə qarşılaşmışdı. Şahmatdakı fil də ordan gəlir. Dünyanın savaş tarixindən. Eləcə də, atlar. Ərəb səhrasında, Ön və Orta Asiyada, hətta elə Afrikanın şimalında da müharibələr dəvə ilə başlar, dəvə ilə bitərdi. Ancaq türk çölündəki atın da, ərəb qumsalındakı dəvənin də, Asiya cəngəlliyindəki filin də üstündə... adam vardı. Əlində silah olan adam!
Bəli, həm döyüş vaxtı, həm dinc dövrdə itin də "hərbi" xidməti insana gərək olub. Kəşfiyyat zamanı, axtarışda, keşikçi kimi... Eləcə də, xilasetmədə. Amma heç bir insanın ağlına gəlməz ki, itin boynuna mina bağlasın, düşmən bildiyi insanın üstünə göndərsin. Belə biri varsa, deməli, insan deyil. O itin boynuna uzaqdan idarə olunan mina bağlayan gün o adam dönüb it oldu, it də dönüb adam oldu. Min illərdir insanla yol gələn, insanın ən sadiq dostu olan bir heyvanı insana düşmən etmək... Mənəvi cılızlığın sonunun sonudur.
Kəşfiyyata gedən it, keşik çəkən it, axtarışa çıxan, xilasetməyə qoşulan it bilir nəyə gedir və niyə gedir. Ağlı var deyə bu işlərin təlimini görüb. Amma boynuna mina bağlanmış it... Nə geosiyasətdən xəbəri var, nə maraq ticarətindən... Onun bir canı var. O kaftar xislətli düşmən bu günahsız canı qaçılmaz sona - ölümə göndərir. Həm də insanı öldürmək üçün. Heyvandan da daha vəhşi heyvan bu olsa gərək...
Bəli, Qarabağdakı erməniəsilli əhalini girov saxlayan terrorçu-separatçı rejim itin boynuna mina bağlayıb, qarşı səngərə göndərəcək qədər mənəvi yoxsul, üstəlik çarəsiz zavallıdır. Sonunun yaxında olduğunu bilir və çırpınır. Özünü elə bir bataqlığa salıb ki, çırpındıqca, daha da dərinə batır. Elə tora düşüb ki, çabaladıqca, daha çox dolaşır.
Düz üç il qabaq Azərbaycan ordusunun qarşısında minalanmış tarlalar vardı. İndi minalanmış it iləmi kəsəcəksiniz yolunu?! Düz üç il qabaq Azərbaycan ordusunun yolunda dərin dərələr vardı, keçilməz meşələr vardı, sıldırım qayalı dağlar vardı, başı göy üzünə dirənən zirvələr vardı. Bunlar dayandıra bilmədi müzəffər ordunu, iki cüt bir tək beton bloklarmı dayandıracaq?! İtin arxasında gizlənəcək qədər cılız zehniyyətdənmi çəkinəcəyik?!
...Necə mənəvi kor, necə gerizəkalı düşmən düşüb bəxtimizə, ilahi!
Bahəddin Həzi, Bizimyol.info