Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaşlar guya acdır. Biz onlara "vətəndaş" deyirik. Ancaq orda özünü deputat hesab edən 22 nəfər özünə "prezident" "seçib". Hər halda Azərbaycan oradakı qondarma rejimi tanımır. Əslində heç bir dövlət tanımır. Heç Ermənistanın özü də.
Hərçənd sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı qondarma rejimin "müstəqillik" gününü təbrik etmişdi. Tanımır, ancaq təbrik edir! Bu da başqa bir məntiqsizlik, daha doğrusu, riyakarlıq!
Eləcə də, başqa bir məntiqsizlik (yenə də, əslində, riyakarlıq) göz önündədir: Qərb, xüsusilə, Fransa, Avropa İttifaqının və ABŞ-ın bir sıra yüksəkçinli siyasətçiləri qanunsuz, qondarma rejimin Ağdam-Xankəndi yoluna düzdüyü beton blokların... legitimliyini tanıyır, ancaq Azərbaycanın öz qanunları, eləcə də, beynəlxalq hüquq çərçivəsində Laçında qurduğu sərhəd-buraxılış məntəqəsini tanımır, ya da tanımaq istəmir. Qərbdən belə çağırışlar edilir (hətta həddini aşanlar tələb səsləndirir) ki, Laçından bütün yüklər maneəsiz buraxılsın. Bundan əvvəl də yazmışdım: özü Şimali Afrikadan, Suriyadan... sahilinə üzən miqrant dolu qayığı dənizdə batıran Avropa, Meksika ilə öz arasında divar tikən Amerika Azərbaycana deyir: "Qapılarını aç, Ermənistan Qarabağa nə istəyir, daşısın".
Hətta "humanitar" karvanla gəlib, Laçın postunun qarşısında "reallıq" yaradırlar da.
"Reallıq" demişkən, başqa bir məntiqsizlikdən danışmaq istərdim. Yadınızdadırsa, 44 günlük müharibəyə qədər - Azərbaycan torpaqları hələ işğaldaykən, keçmiş Minsk Qrupu həmsədrləri Azərbaycana: "Reallıqla barışın" demirdimi?! Yəni işğal faktına göz yumub, "Ermənistanın yaratdığı hərbi reallıqları məzərə almaq lazımdır" deyə məntiqsizliyin dibinə düşürdülər. Eyni zamanda Azərbaycana təzyiq edirdilər ki, Qarabağdakı qondarma qurumla birbaşa danışıqlara getsin və sair. Uzun müddət separatçıları "üçüncü tərəf" qismində danışıqlara qatmağa çalışırdılar. Buna imkan verilmədi. İndi vəziyyət dəyişib; bu dəfə qalib ölkə Azərbaycandır.
Dünən bizdən separatçı rejimlə birbaşa danışıqlar tələb edənlər bu gün bu danışıqlara imkan vermək istəmirlər. Necə olur ki, Ermənistan gəlib Azərbaycanın ərazisinin bir hissəsini işğal edəndə, bu, mütləq barışılması lazım olan reallıq olur, ancaq Azərbaycan öz ərazilərini azad edəndə, Ermənistanla bütün sərhədlərinə nəzarəti bərpa edəndə reallıq olmur. Ermənilər yaradan reallıq olur, Azərbaycan yaradan yox?!
Bu, necə bir reallıq hissidir? Beynəlxalq hüquq pozulanda bunu reallıq saymaq, beynəlxalq hüquq bərpa olunanda saymamaq... axı bu necə bir işdir?!
Azərbaycan tərəfi Qarabağdakı erməniəsilli əhalinin təmsilçiləri ilə Bakıda və başqa şəhərlərimizdə görüş keçirməyi təklif edir, ancaq qondarma rejim bu dəvətlərdən boyun qaçırır.
Qərb dairələri hətta Beynəlxalq Qızıl Xaç Komitəsinə belə təzyiq edirlər; əvvəl Azərbaycanın özünün, indi isə Rusiyanın göndərdiyi humanitar yardımı Qarabağa buraxmırlar.
Sual olunur: Xankəndində, Ağdərədə, Əskəranda və sair ermənilərin ac olduğuna "inanan" Qərb siyasiləri niyə Azərbaycan ərazisindən gedən yardım karvanına mane olur?! Bu, necə humanizmdir?! "Ac olduğunuzu bilirəm, ancaq yemək yeməyinizi istəmirəm" deməkdir bu.
Deməli, bu acları düşünən siyasət deyil, öz maraqlarını düşünən geosiyasi acgözlükdür. Qarabağdakı erməniəsilli əhalini öz geosiyasətinin girovuna çevirməkdir. Geopolitik möhtəkirlikdən başqa bir şey deyil.
Mən əvvəl də yazmışam, yenə deyirəm: Xankəndində Azərbaycan bayrağının dalğalanacağına daha ümid etmirəm.
Niyə?
Çünki qəti əminəm.
Azərbaycan o günü yaxınlaşdırmaq üçün çalışır. Bunun üçün Ermənistanla barışmaq istəyir. Barışmaqdan yaxşı yol yoxdur. Qarşı tərəf barışmasa, vuruşmaqdan başqa yol qalmayacaq.
İndiki reallıq: Ermənistan və onun arxasından, daha doğrusu, üzərindən Qafqaz geosiyasəti quranlar sülhdən danışa-danışa, müharibə yetişdirirlər. Sülhün yoluna beton bloklar düzüb barışığın perspektivini əngəlləyirlər. Ancaq anlamırlar: bununla özlərinin Qafqaza gedən ən qısa yollarını bloklayırlar. Cənubi Qafqazın ən böyük dövləti olan Azərbaycanla deyil, subregionun siyasi və iqtisadi dalanı olan Ermənistanla işləmək necə bir "qlobal" ağlın göstəricisi sayılsın?! Zamanında Gürcüstana qoyduqları "geosiyasi sərmayə" necə batdısa, Ermənistan üzərində qurulan siyasi xülyalar da elə o cür dağılacaq. Bunu görmək çoxmu çətindir?! Əgər Azərbaycanla işləməyi seçsəydilər, Gürcüstanı da, Ermənistanı da çoxdan qazanmış olardılar. Ancaq hələ ki özləri reallıq haqda danışsalar da, reallıqdan uzaq siyasət qururlar. Ötən əsrin 90-cı illərinin zəif Azərbaycanı ilə nəhəng layihələri birgə işləyib nəhəng fayda götürənlər, 2020-ci illərin qalib və qüdrətli Azərbaycanından niyə imtina etsin ki?! Bu, olsa-olsa, nəhəng bir məntiqsizlikdir.
Dünyanın indiki liderlərinin İQ ("ay-kü") göstəricisi bu qədərmi düşmüş?!
Bahəddin Həzi, Bizimyol.info