Xankəndi ətrafında yaranmış yeni hərbi-siyasi vəziyyət həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində gərginliyin yaranmasına səbəb olub. Ermənistan hərbi rəhbərliyinin şərti sərhədə əlavə hərbi zirehli texnika və canlı qüvvə yerləşdirməsi, intensiv atəşlərlə Azərbaycan Ordusunun mövqelərini atəşə tutması və yeni səngərlər qazıb, mövqelər qurması Azərbaycan Müdafiə Nazirliyinin adekvat tədbirlərlə qarşılıq verməsinə səbəb olub. İndi şərti sərhəddə hərbi vəziyyət gərgin olaraq qalır. Digər bir tərəfdən isə İranın Zəngəzur dəhlizi yaxınlığına tanklar cəlb etdiyi haqda məlumatlar var.
Azərbaycanın keçirəcəyi mümkün anti-terror əməliyyatları fonunda İran birbaşa Ermənistana dəstək üçün hərbi müdaxilələrə baş vura bilərmi?
Rusiya və Qarabağdakı sülhməramlılarının baş vermə ehtimalı "yüksək" olan hərbi toqquşmalar zamanı mövqeyi nə olacaq?
Məsələ ilə əlaqədar hərbi ekspert Elxan Şıxəliyev Bizimyol.info xəbər portalının suallarını cavablandırıb:
"Biz sentyabr ayının əvvəlindən bölgədə gərginliyin artdığını müşahidə edirik. Bu isə onunla əlaqədardır ki, Ermənistan şərti sərhəddə atəşkəsin pozulmasını həyata keçirdi, hərbçilərimizi yaraladı. Xüsusən, indi Kəlbəcər istiqamətindən atəşkəsin pozulması təxribatları Naxçıvanın Şərur, Ordubad rayonları istiqamətinə yönəldilib. Bunlar şərti sərhəddə Ermənistanın provakasiyalarıdır. İndi daxildə - Qarabağ ərazisində seperatçı rejim tərəfindən müxtəlif mövqelər hazırlanır. Dünən Ağdam istiqamətində yeni mövqelər hazırlayıblar və daşımalar həyata keçirirlər.
Ermənistanın məqsədləri çoxşaxəlidir: xüsusilə şərti sərhədə aid olan hissəsi ondan ibarətdir ki, cənub istiqamətindən atəşkəsin pozulması ilə gərginliyi Ordubad istiqamətinə çəkirlər. Beləliklə, İranla Azərbaycanı mümkün əməliyyatlar fonunda üz-üzə gətirmək planları da var. Bu da Ermənistanın növbəti hiyləgərliyidir. Azərbaycanla İran arasında baş verən siyasi gərginliyi hərbi müstəviyə daşımaq istəyirlər. Ancaq onlar buna nə qədər cəhd etsələr də, biz bu vəziyyəti idarə edə bilirik.
Digər bir məsələ; seperatçı rejimin tabeliyindəki qeyri-qanuni hərbi birləşmələrdir ki, onlar da fəaliyyətləri ilə Azərbaycanı təhrik edirlər. Həm Azərbaycan, həm də Ermənistan cəmiyyəti indi müharibə öncəsi bir gərginlik yaşayır. Xüsusilə, indi sosial şəbəkələrdə hərbi kolonların hərəkətini, cəmləşmə rayonlarına çıxarılmalarını müşahidə edirik. Ermənistan öz ehtiyatında olan bütün artilleriya və reaktiv yaylım-atəş sistemlərini birinci eşalon korpuslarının alaylarının müdafiə rayonlarına yeridir. Bu, hərbi gərginlik öncəsi yaranmış bir vəziyyətdir. Bu gərginliyin yaranma səbəbi də siyasi şəxslərin anlaşa bilməməsidir. Ermənistan sülh sazişinə dair təkliflərimizi qəbul etmirsə, məsələ hərbçilərin danışmağına qalır. Hərbçilər də təbii ki, silahların gücü ilə danışa bilərlər. Gərginlik indi son həddədir və sentyabr ayı düşünürəm ki, olduqca gərgin keçəcək.
Qaldı ki, İranın mümkün hərbi əməliyyatlara qarşı reaksiyasına, İran 44 günlük müharibədə, xüsusən də Zəngəzur koridorunun açılması zamanı biz öz istəklərimizi ortaya qoyanda, onlar bildirdi ki, Ermənistanın təhlükəsizliyi İranın, İranın təhlükəsizliyi Ermənistanın təhlükəsizliyidir. İndi bunların yanaşması ondan ibarətdir ki, əslində Ermənistanın şərti sərhəddə mümkün ola biləcək provakasiyaları üzərinə hərbi əməliyyatlar başlasa, Ermənistanı dəstəkləyəcəklər. İran Ermənistanı müəyyən hərbi vasitələrlə, xüsusilə də pilotsuz uçuş aparatları və digər zirehli texnikalarla dəstəkləyə bilər. Fors-major hallarda İran, Ermənistanın yanında olacağını bəyan edib və bu, bizim üçün gözlənilməz bir məsələ deyil. Amma son siyasi müzakirələr, Türkiyənin XİN başçısının İrana səfəri, orda danışıqların aparılması, Rusiya ilə Ermənistanın münasibətlərinin kəskinləşməsi üzərinə İranın Rusiya ilə münasibətlərinin müsbət olması yönündə İran neytrallıq da nümayiş etdirə bilər. İndi mövcud vəziyyətə görə, baxaq görək İran nə əldə etmək istəyəcək.
O ki, qaldı Rusiya sülhməramlılarının mümkün hərbi əməliyyatlar fonunda göstərəkləri fəaliyyətə, biz nə qədər onları sülhməramlı adlandırsaq da, onlar Rusiya Cənub Hərbi Dairəsinin hərbçiləridir və Rusiya Müdafiə Nazirliyinə tabe olan qurumdur. Baş Qərargaha siyasi direktiv olaraq nə göstəriş gələcəksə, onlar da Qarabağdakı sülhməramlılara bu göstərişi ötürəcəklər.
Bildiyimiz kimi Ermənistan-Rusiya münasibətləri son zamanlar gərginləşib. Xüsusilə də Ermənistan Baş nazirinin "Rusiya ilə siyasi müttəfiqlik bizim strateji səhvimiz idi" açıqlamasından sonra Rusiya Ermənistandan qisasını almalıdır. Çünki Rusiya bu məsələləri boş buraxa bilməz. Buna görə də Ermənistanı cəzalandırmaq üçün bölgədəki rus sülhməramlılarına bitərəf qalmaları haqda göstəriş verilə bilər" - deyə, hərbi ekspert qeyd edib.
Mətin Şükürlü, Bizimyol.info