Bir neçə gün əvvəl Aİ geniş bəyanat yayaraq, Azərbaycan və Ermənistanı növbəti insidentlərdən çəkinməyə, danışıqlara qayıtmağa çağırıb. Həmçinin qeyd edilib ki, Laçın dəhlizi açılmalıdır.
Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqının bu çıxışı əslində gözlənilən idi və kifayət qədər neytral çıxış olduğu üçün Azərbaycan tərəfindən də qəbul edilməlidir. Belə ki, çıxışda ilk dəfə Ağdam Xankəndi yolu da nəzərə alınıb. Yəni təktərəfli deyil. Amerika Birləşmiş Ştatlarının, Rusiyanın və bəzi ölkələrin, səfirlərin verdiyi açıqlama kimi ancaq Laçın yolunun açılması tələb edilmir. Eyni zamanda Ağdam yolu dəyərləndirilib, bu istiqamətdə işlər görülməsinin vacibliyi də vurğulanıb.

Politoloqun fikrincə, Azərbaycan dövləti də bunu etiraz etmir.
“Çünki bizdə bunu dəfələrlə bildirmişik ki, Ağdam-Xankəndi yolu açılan kimi, cəmi bir gün ərzində Laçın-Xankəndi yolu açacağıq. Burada kifayət qədər həm Ermənistanın, həm Azərbaycanın maraqları qorunub. Və ilk dəfə belə deyək, Azərbaycana qarşı qərəzli mövqe görmürük”-deyə Turab Rzayev qeyd edib. O, bildirib ki, bu bəyanatda Xankəndi-Bakı dialoquna çağırış da var. Azərbaycan bu diaoloqa etiraz etmir və Azərbaycan çalışır ki, reinteqrasiya prosesi sürətli şəkildə baş versin.
“Biz hətta Yevlax və Bakıda erməniləri görüşə çağırmışıq. Amma separatçı rejim bunu 3-cü bir ölkədə keçirməyə çalşır. Yəni faktiki olaraq Azərbaycanın tərkib hissəsi yox, sanki 2 fərqli dövlət və fərqli qurum danışıqlar aparırmış, münasibət qururmuş kimi göstərməyə çalışır. Biz bunu qəbul etmirik. Əgər Avropa İttifaqı burada gərginliyin azalmasını nəzərdə tutursa, biz bunu dəstəkləyirik. Amma yox Avropa İttifaqı burada seperatçı rejimə hansısa hüquqi sifət qazandırmağa çalışırsa, biz bunun əleyhinə olacağıq”-deyə Turab Rzayev əlavə edib. Onun sözlərinə görə, Qarabağda erməni hüquqları və təhlükəsizlik məsələsi, Azərbaycanın da diqqətində olan məsələdir.
“Ermənistanın baş naziri Paşinyan da bu yaxınlarda bununla bağlı açıqlama vermişdi ki, ermənilərin təhlükəsizliyi və hüquqları müdafiə olunmadığı müddətdə separatçı rejimi davam etdirilməlidir. Azərbaycan dövləti açıq şəkildə bəyan etdi ki, biz ermənilərin hüquqlarını və təhlükəsizliyini Azərbaycan vətəndaşlarında olduğu kimi təmin etməyə hazırıq. Ona görə də separatçı rejimin davam etdirilməsinə ehtiyac yoxdur. Yaxşı olar ki, Avropa İttifaqı da, Ermənistan da bunu nəzərə alsınlar. Azərbaycan ermənilərin hüquq və azadlıqlarını, təhlükəsizliklərini təmin etməyə söz verib və bunu öz öhdəsinə götürüb. Amma Azərbaycan öz ərazisində ikinci bir erməni dövləti yaratmağa icazə verməyəcək. Yəni bütün bunlar Azərbaycanın konsititutsiyası, qanunvericiliyi daxilində və Azərbaycanın unitar dövlət forması daxilində olmalıdır”-deyə politoloq vurğualyıb. O, bildirib ki, Bakı-Xankəndi dialoqu olarsa, separatçı rejim, inteqrasiyaya razılıq verərsə, həm Ağdam-Xankəndi yolu, həm də Laçın-Xankəndi yolu açılar. Bütün problemlər qarşılıqlı şəkildə həll oluna bilər.
İradə Cəlil, Bizimyol.info