Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Metropoliten "asan keçid" üçün kod tətbiq edəcək, seçim sizin: "Qaqa, məni də keçirt" yoxsa QR?
Metropoliten "asan keçid" üçün kod tətbiq edəcək, seçim sizin: "Qaqa, məni də keçirt" yoxsa QR?

Əgər harasa tələsirsinizsə və "Bakıkart"ınızda gediş yoxdursa və ya ümumiyətlə kartı götürməyi unutmusunuzsa, narahat olmayın, Bakı Metropoliteninin rəhbərliyi vətəndaşların bu çətin vəziyyətini nəzərə alaraq, olduqca "operativ" yenilik edib. Deməli, əgər kartınız üzərinizdə deyilsə, "QR" kodla bir gediş etmək üçün telefonunuzda bank tətbiqinə daxil olmalı, ordan "Bakıkart"ı seçib, gedişhaqqını karta yükləyə bilərsiniz (nəzərə alın ki, pul kartınıza bir saatdan tez köçməyəcək). Ancaq bununla bitmir: daha sonra "QR" kod yaratmalı, həmin kodu cəmi beş dəqiqə ərzində istifadə etməlisiniz. Əgər beş dəqiqə ərzində bunu etməsəniz, əməyiniz boşa çıxacaq və kod deaktiv olacaq. Yenə də bitmir: yüklədiyiniz miqdar kartınızda qalıb, bloklanır. Gedişhaqqı isə həmin bloklanan məbləğdən çıxılır, ardınca 72 saatlıq müddət tələb olunur ki, pul yenidən balansa qayıtsın.

Bəli, yuxarıda diliniz dolaşaraq oxuduğunuz ödəniş əməliyyatı qaydalarını Bakı Metropoliteni rəhbərliyi bizim rahatlığımızı, asan gedişimizi təmin etmək məqsədilə tətbiq etdiyini deyir. Allah can sağlığı versin, Tağı Əhmədov metropolitenin rəhbərliyindən ayrılıb, təqaüdə çıxanda, elə bil bu qurumun bütün ciddiyyətini də özü ilə götürüb apardı.

Metropolitenin yuxarıdakı anekdot kimi qərarını oxuyanda, "Bakılı Oğlanlar Klubu"nda Tağı Əhmədov parodiya edilən zaman deyilən bir ifadə yadıma düşdü: "Dünyada ən utancaq peşə sahibləri elə metro işçiləridir. Çünki onlar hər gün utandıqlarından yerə girirlər".

Görəsən, bu gün Metropoliten rəhbərliyi vətəndaşları bu cür barmağına doladığı, ələ saldığı üçün "yerə girir"mi? Zatən adamların çörəyi elə yerə girməkdən çıxır, ancaq bu dəfə gərək tuneli daha da dərində qazsınlar.

Keçmiş kişilərdən biri deyib ki, gördün hamı danışır və sənin danışmaq üçün savadın yoxdursa, onda sakit dur. Qoy, hamı elə bilsin ki, sən də savadlısan. Danışıb, özünü biabr etmə. Uzun illərdir ki, Bakı Metropoliteni səssiz-səmirsiz öz tunelində relsinə düşüb gedirdi. Hamı da elə zənn edirdi ki, bu qurum savadlı, dünyagörüşlü, işinə ciddiyətlə yanaşan kadrlardan təyin olunub. Bu da dərin metropolitenin dayaz ciddiyyəti. Çingiz Abdullayev demiş, "ölmürlər də utanmaqdan..."

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »