Sumqayıtdakı məktəblərdən birinin idman zalında sambo idman növü üzrə keçirilən təlim zamanı məşqçinin 7 yaşlı tələbəsini döyüb öldürməsilə bağlı məhkəmə araşdırmaları başlayıb. Həmin hadisənin videogörüntüləri də sosial şəbəkələrdə yayılmışdı.
Bizimyol.info xəbər verir ki, 7 yaşlı Fərid Bakarovu öldürməkdə ittiham olunan, idmanın sambo növü üzrə məşqçi Mehman Xəlilovun işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyilə baxılır.
Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində uşağın anası Aynurə Məlikova tanınıb.
Sentyabrın 7-də keçirilən məhkəmə iclasında jurnalistlərin iştirakı, çəkiliş aparılıb-aparılmaması məsələsi müzakirə olunub.
1994-cü il təvəllüdlü Mehman Xəlilovun vəkili Anar Qasımlı bildirib ki, məhkəmə prosesinin açıq və ya qapalı keçirilməsinin onlar üçün fərqi yoxdur. Jurnalistlərin də iştirakına etiraz eləmirlər. Amma çəkiliş aparılmasına icazə verilirsə, o halda, bütün proses boyu buna imkan yaradılsın:
“Təqsirləndirilən şəxsə ağır ittiham verilib. Bunun da səbəbi hadisədən sonra idman zalından yayılan videolardır. O videolar yayılandan sonra insanlarda qəzəb yarandı. Amma işdə fərqli hallar var. Bu ağır hadisədir, acını başa düşürəm. Amma işin də obyektiv, hərtərəfli araşdırılması lazımdır. Bizdə cəmiyyətin həqiqəti bilməsini istəyirik. Bizə obyekt kimi yanaşılıb, kiçik bir çəkiliş edilib, bundan böyük səs-küy yaranmasını istəmirik”.
Qarşı tərəf – uşağın anası Aynurə Məlikova isə ümumiyyətlə, jurnalistlərin iştirakına etiraz edib. O, məhkəmənin qapalı keçirilməsini istəyib. Deyib ki, təqsirləndirilən Mehman Xəlilovla aralarında olanların başqalarına aidiyyəti yoxdur. Ona görə məhkəmənin qapalı keçirilməsini tələb edir:
“Aramızda nə olubsa, nə söhbətlər varsa, bizə aiddir. Öz aramızdadır, özümüz bilirik. “Ananın fəryadı” yazırlar, şou qururlar. Mənə lazım deyil. Mənim oğlum var, məktəbə gedir”.
Hakimlər müşavirə edib, məhkəmə prosesinin qapalı keçirilməsi barədə qərar qəbul ediblər.
“Bu cinayət işində şəxsi həyata aid, ailə sirri hesab olunan məsələlər, yazışmalar var. Ona görə hesab edirik ki, məhkəmə istintaqının qapalı keçirilməsi məqsədəuyğundur”, - hakim Fəhmin Hümbətov qərarı əsaslandırarkən bildirib.
Qapalı keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib, ardınca dindirmələr başlayıb.
Mehman Xəlilov Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə qəsdən adamı öldürmə) maddələrilə ittiham olunur.
Lakin o, ittihamlara münasibət bildirərkən deyib ki, qəsdən adam öldürməkdə özünü təqsirli bilmir. O bildirib ki, hadisə qəsdən yox, ehtiyatsızlıqdan baş verib.
Məhkəmə prosesi sentyabrın 21-də davam edəcək.
Bizimyol.info-nun əldə etdiyi məlumata görə, Aynurə Məlikova istintaqa ifadəsində məşqçinin ondan qisas almaq üçün uşağı öldürdüyünü iddia edib. Mehman Xəlilov isə bu iddianın yalan olduğunu bildirib.
Aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarov ağır xəsarətlərlə Sumqayıt şəhər Uşaq Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Aytən, Bizimyol.info