Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yol keçidi lövhəsi var, amma yoldan keçmək üçün istifadə etmək olmur...
Yol keçidi lövhəsi var, amma yoldan keçmək üçün istifadə etmək olmur...

Yol nişanı problemləri sanki süni şəkildə yaradılmış, qəsdən aradan qaldırılmayan və insanların həyatına, sağlamlığına qəsd üçün hazırlanmış layihədir. Sürücülər gizlədilmiş işıqforlardan, piyadalar isə lövhəsi qopmuş, xətləri yoxa çıxmış yol keçidi nişanlarından əziyyət çəkirlər və bu haqda deməkdən, şikayətlənməkdən boğaza yığılıblar.

İndi də eyni problem düz Yasamal İcra Hakimiyyətinin yaxınlığında yaranıb. Deməli, yolun kənarına yol keçidi nişanı qoyulub, Allahdan onun başı gövdəsindədir. Ancaq problem budur ki, valideynlər uşaq arabalarını, əlillər isə öz əlil arabalarını bu yoldan qarşı tərəfə keçirə bilmirlər. Çünki xətlər hündür səkinin altından başlayır və qarşıdakı beton yol ayrıcında bitir. Səkidən birbaşa piyada zolağına enmək üçün şərait yoxdur, gərək əlindəki arabanı ya kiminsə köməkliyi ilə, ya da öz gücünə, ölüm-qalım mübarizəsi verərək, qarşı tərəfə keçirəsən.

Təsəvvür edirsinizmi, buradan yerimə məhdudiyyətli bir vətəndaş öz əlil arabası ilə qarşı tərəfə keçmək istəsə, hansı bədbəxtlikləri gözə almalıdır? Onsuz da Yasamal İcra Hakimiyyətinin əlil vətəndaşları görəcək gözü yoxdur, harda əlil görsə, gedib qapısını uçurur, evinə soxulur, "istədiyini" almamış əl çəkmir. İndi də belə bir yol keçidi probleminin yaranması və dəfələrlə deyilməsinə baxmayaraq, aradan qaldırılmaması, görünür, icra hakimiyyətinin də ürəyinə yağ kimi yayılıb.

Görünür, bu yol keçidini özləri keçiddən istifadə etməyən, heç vaxt piyada olmayan insanların göstərişi ilə icra ediblər. Yoxsa belə bir absurd görüntü ola bilərdimi? Yaxşı olar ki, bir gün icra başçısı və DYP rəhbərliyi əlil arabasına oturub, bu yolu keçməyə cəhd etsinlər. Bir şərtlə ki, yollar əvvəlcədən nəqliyyata qapadılmasın.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »