Quba Soyqırım Memorial Kompleksində 5-6 il əvvəl olmuşdum. Ötən günlərdə yenidən yolum Qubadan düşmüşdü. Qubaya gəlib, soyqırım kompleksinə baş çəkməmək "günah" olardı. Həm də bərpasından sonra kompleksi görməmişdim.
Kompleksə daxil olub, informasiya şöbəsinə yaxınlaşdıq. Kompleksin məsul əməkdaşı kompleks haqqında bizə ətraflı məlumat verdi. Qeyd etdi ki, əvvəllər bu ərazidə stadion olub. Sonradan 2007-ci ildə qazıntılar zamanı kütləvi məzarlıq aşkarlanıb. Və araşdırmalar nəticəsində məlum olub ki, bu məzarlıq 1918-ci ildə erməni quldur dəstələri tərəfindən Qubanın müsəlman əhalisinə qarşı törədilmiş soyqırımın sübutudur.
Qubada ermənilər tərəfindən törədilmiş soyqırımın dünyaya tanıdılması məqsədilə, 2009-cu ildə prezident İlham Əliyev “Soyqırım Memorial Kompleksi”nin yaradılması ilə bağlı sərəncam verir. Qubada qeyd edilən ərazidə kompleks tikilməyə başlanılır və 2013-cü ildə açılış həyata keçirilir.
Kompleks ərazisində simvolik məzarlıq və alma bağı da salınıb. Alma ağacları Qubanın simvolu hesab edilir. Simolik məzarlıq isə, 1918-ci ildə soyqırıma məruz qalan şəxslərin xatirəsinə salınıb.
Quba “Soyqırım Memorial Kompleksi”ndə Azərbaycanın müxtəlif bölgələrində ermənilər tərəfindən törədilmiş soyqırımların görüntüləri yer alıb. Muzeydə soyqırımlarda vəhşicəsinə öldürülən, yandırılan, dənizə atılan soyqırım qurbanlarının xatirəsinə böyük mərmər daş ucaldılıb. Daşın üzərində acını ifadə edən insan siluetləri yer alıb. Muzeyin mərkəzində divara insan baxışlarını əks etdirən dəmir tablo vurulub. Burada müxtəlif yaş qrupundan insanların - gənclərin, yaşlıların soyqırıma baxışı, qorxu, heyrət, təəccüb, kin və s. hissləri yer alıb.
Muzeydə eyni zamanda 1918-ci ildə Bakıda həyata keçirilən soyqırımla bağlı məlumatlar da yer alıb. Muzeydə ümumiyyətlə tarix boyu ermənilərin Azərbaycana qarşı törətdikləri cinayətlər, işgəncələr, soyqırımlar haqqında ətraflı məlumatlar xüsusi formatlarda təqdim edilib. Əgər hərhansı bir əcnəbi Ermənistanın Azərbaycana qarşı törətdiyi əməllərdən xəbərsizdirsə, heç bir şey düşünmədən onu Memorial Kompleksə dəvət etmək lazımdır. Burada Azərbaycanın yaşadığı soyqırımlar, ermənilərin törətdiyi vəhşiliklər, hadisə şahidlərinin xatirələri və s. sənədlər, sübutlar yer alıb.
Etiraf etməliyəm ki, Azərbaycanda Memorial Kompleks qədər ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin yer aldığı ikinci mükəmməl muzey görməmişəm. Kompleksin əməkdaşları da çox nizam-intizamlı, davranışlarında professional insanlar idi.
Muzey haqqında ətraflı məlumat aldıqdan sonra kütləvi məzarlığın aşkarlandığı yerə də baş çəkdik. Alma ağaclarının altında gəzib, Quba almasından da iki ədəd götürdük. Muzey əməkdaşlarının sözlərinə görə, bağın məhsulları şəhid və qazi ailələrinə paylanır. Yəni kiminsə ürəyi istəsə, buradan pay götürə bilər.
Mənə elə gəlir ki, xaricdən bir qonağınız gələrsə, Azərbaycan tarixini öyrənməsi üçün onu götürə biləcəyiniz xüsusi yerlərdən biri Quba Soyqırım Memorial Kompleksidir. Əgər yolunuz Qubadan düşsə, mütləq kompleksə baş çəkin. Bu, həm də uşaqlarınızın tariximizi daha dərindən öyrənə bilməsi üçün hazırlanmış mükəmməl, vizual bir məkandır…
İradə Cəlil, Bizimyol.info