Elm və təhsil naziri Emin Əmrullayev dünən keçirilən brifinqdə deyib ki, gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür. Sosial şəbəkələrdə bəziləri indidən "xaotik" müzakirə aparmağa başlayıb ki, bu, insan hüquqlarının məhdudlaşdırılmasıdır.
Ümumiyyətlə, ölkədə "insan hüququ" anlayışı get-gedə dayazlaşır. Bu cür düşünən insanlara anlatmaq da olmur ki, telefon işlətmək bir şəxsin hüququ olduğu kimi, təhsil almaq da onun hüququdur. Bir müəllim dərs vaxtı əlində telefon oynadırsa, bu, şagirdlərin təhsil hüququna qarşı hörmətsizlikdir. Eynilə, bir müəllim lövhədə dərs başa salırsa, şagirdin və ya tələbənin masa arxasında telefon qurdalaması, həm o müəllimə, həm oturduğu o yerə, olduğu təhsil ocağına qarşı hörmətsizlikdir. Təhsil sahəsinin ən ciddi və qarşısı alına bilməyən ən bəlalı nöqtəsi intizamsız şagird/tələbə-müəllim problemidir. Bu gün məktəblər, universitetlər özünü apara bilməyən, geyindiyi formaya, daşıdığı kitaba, getdiyi təhsil ocağına zərrə qədər hörmət bəsləməyən, ağlına və ağzına nə gəldi açıb ortaya tökən insanlarla dolub daşır. Belələri digərlərinin də təhsil hüququnu əlindən alır, onlara mənfi təsir göstərir. Məktəbdən, ya universitetdən çıxıb, ictimai nəqliyyata minən bəzi şagirdlərin, tələbələrin geyiminə, özünü aparma tərzinə baxırsan, inana bilmirsən ki, bu adam elm yolçusudur, hər gün təhsil almaq üçün bu yolu gedib gəlir. Bu adamın özünü belə rahat, bivec aparmasına səbəb nədir? Nəyə görə düşünür ki, onun hər şeyə, hətta ətrafdakı insanlara da hörmətsizlik etməyə haqqı çatır? Səbəbi bəsitdir: ailədə və oxuduğu məktəbdə nizam-intizamın olmaması.
Məktəblərdə şagirdlər qədər elə bəzi müəllimlər də intizamsız və məsuliyyətsizdir. Çünki onlar da əllərindəki telefondan qopa bilmirlər. 45 və ya 90 dəqiqəlik dərs vaxtını, şagirdin ya tələbənin o vaxt dilimindəki təhsil hüququnu bir telefona qurban verirlər. Çünki müəllimin də təhsilə həvəsi qalmayıb, marağı itib. Onun üçün ayrılmış 45 dəqiqəlik dərs vaxtını bəs necə yola versin? Köməyinə telefon yetişir. Telefonla vaxt öldürmək, məsuliyyətsiz bir müəllimlə şagirdin ortaq cəhətidir.
Təhsil sahəsi ciddi intizam islahatları tələb edən ən mühüm sahələrdən biridir. Təhsil yeganə sahədir ki, burada insanların öz arzu və istəklərinə görə davranmasına şərait yaratmaq, ölkənin gələcəyini kütləvi savadsızlığa, xaosa təslim etmək deməkdir.
Emin Əmrullayev illərdir həll olunmayan və həll olunması, gündəmə gətirilməsi ciddi cəsarət tələb edən çox mühüm bir məsələyə toxunub. Öncəliklə bir təhsil adamı, daha sonra isə bir nazir kimi O, sələflərindən fərqli olaraq, bu sahədə hansı ciddi çatışmazlıqların olduğunu, hansı problemlərin necə aradan qaldırılması gərəkdiyini bilən ən istedadlı kadrlardan biridir. Telefonlarla bağlı səsləndirilmiş bu fikir təhsil sahəsində intizamın yenidən bərpası üçün ən güclü təkanverici qüvvə ola bilər.
Mətin Şükürlü, Bizimyol.info