Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Silsilə dağlar, yaşıl meşələr, təmiz hava, insansız kəndlər... - tarix qoxulu Xızıdan videoreportaj
Silsilə dağlar, yaşıl meşələr, təmiz hava, insansız kəndlər... - tarix qoxulu Xızıdan videoreportaj

Xızı rayonu Bakıya dağ rayonları arasında ən yaxın olan rayondur. Bu səbəbdən də Xızılı birinə “haralısan” deyə soruşduqda, “Bakılıyam, Xızılı” deyə rahat cavab verə bilər. Xızı ilə Baknın arasında olan məsafə cəmi 70 km-dir.

Xızı daha çox silsilə dağları ilə ilə tanınır. Burada dağlar çox yüksək deyil. Xızı dağlarında süxurların üzə çıxması rəngarəng görüntü yaradır.

Bu günlərdə yolumuzu Xızıdan saldıq. Dağların arasında irəlilədikcə insana elə gəlir ki, bu sakit yol heç bitməyəcək.

Ötən həftələrdə Tığ çayına sel gəldiyi üçün yolu yuyub, təmiz, göz oxşayan asfaltdan əsər belə qalmamışdı. Mikayıl Müşfiqin ev muzeyinin önündən keçib, irəlilədik.

Yolumuz “Altıağac” Milli Parkının içindən keçir. Quş üzümləri dəyib, parka gələnlər avtomobillərini yolun kənarında saxlayıb, təbiətin verdiyi bu nemətlərdən dadırlar. Gözəl havası var Xızının, yaşıl meşələri… Amma burada yaşayış azdır. Qarşına az insan çıxır….

Bir də yolların kənarlarına vurulmuş şəhid rəsimləri diqqətini çəkir...

Şəhid xatirəsinə hazırlanmış lövhə, Xızı / Foto: İradə Cəlil, Bizimyol.info Şəhid xatirəsinə hazırlanmış lövhə, Xızı / Foto: İradə Cəlil, Bizimyol.info

Xızı rayonu bu günə qədər vətən torpaqlarına 29 igidini qurban verib. Xızı Rayon İcra Hakimiyətinin saytında olan məlumata görə, onlardan 8 nəfəri 2020-ci il 44 günlük Vətən müharibəsi şəhidləridir. Yolun kənarında şəhid Verdiyev Natiq Əlimurad oğlunun xatirəsinə bulaq tikilib. Burada Natiq Verdiyevlə yanaşı digər Xızı şəhidlərinin də fotosu yer alıb.

Şəhid xatirəsinə hazırlanmış abidə, Xızı / Foto: İradə Cəlil, Bizimyol.info Şəhid xatirəsinə hazırlanmış abidə, Xızı / Foto: İradə Cəlil, Bizimyol.info

Və yenə irəliləyirik… Yarımca kənd yolunun üzərində ərazisinin zibilliyə çevrilməsi faktı da gözümüzdən qaçmır. Görünən odur ki, məsul olanlar görməzdən gəlib...

Xızıda dəmiryolunun yanından keçərkən keçən əsrdən qalmış tikililər diqqətimizi çəkir. Sakinlər deyir ki, bu tikililərdə əvvəldə su saxlanılırmış və paravozlar bu suyun buxarı ilə hərəkətə gətirilirmiş. İndi isə bu tikililər sadəcə keçən əsrin yadigarıdır…

su buxari tikilisi, Xızı / Foto: İradə Cəlil, Bizimyol.info su buxari tikilisi, Xızı / Foto: İradə Cəlil, Bizimyol.info

Beləcə Xızıda olan bir neçə saatlıq səfərimiz başa çatır. Vaxt ayırıb Xızını ziyarət etsəniz, yazdıqlarımızdan və çəkdiklərimizdən daha çox gözəllik görəcəksiniz...

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »