Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kiçik Qafqazda böyük avantüra
Kiçik Qafqazda böyük avantüra

Və ya ölü doğulmuş körpəyə doğum günü təbrikləri haqda

Deyir: “Azərbaycan müharibəyə hazırlaşır”. Kiminsə ya ehtiyatsızlıqdan, ya nadanlıqdan, ya da vicdansızlıqdan çəkib yaydığı görüntünü əlində bayraq edib, uzağa, həm də çox uzağa gedən nəticə çıxarıblar. Kimlər?! Bəllidir: bizə düşmənçilik edənlər, bizi özünə düşmən bilənlər.

Biz Ermənistana çoxdan barışıq əlimizi uzatmışıq; istədiyimiz, gözlədiyimiz sülhün prinsiplərini göndərmişik. O prinsiplər ki, hamılıqla qəbul edilmiş beynəlxalq birgəyaşayış qaydalarına əsaslanır. Əslində o 5 prinsip beynəlxalq hüququn prinsipləridir. Bunlara İrəvanda oturanlar nə “hə” deyə bilmir. “Yox” deməyə də qorxur. Bu susqunluğun özü də beynəlxalq hüquqa sayğısızlıqdır.

Sözügedən prinsiplər dövlət adından, rəsmi möhürlə təsdiqlənmiş, göndərilmiş sənəddir. Bu sənədi oxuyub (ya da oxuyub anlamayıb) bir qırağa qoyublar, düşüblər, sosial şəbəkələrin canına. Daimi dislokasiya - yerini dəyişən hərbi texnikanın  fotosunu tapıb: “Azərbaycan müharibəyə hazırlaşır” deyə hay-küy salıblar. Bu vəziyyət adamın yadına Leonid Qaydayın çəkdiyi “Qafqaz əsiri” komediyasındakı “Qorxaq” obrazının məşhur replikasını xatırladır: “Я не трус, но боюсь”. Tərcüməsi: “Mən qorxaq deyiləm, ancaq qorxuram”.

Dünya erməniliyi, bilirsiniz, üçlü sacayağının üstündə qərar tutub: Ermənsitan Respublikası (dövlət), Qriqoryan kilsəsi (Eçmiədzin) və bütün dünyaya səpələnmiş və təşkilatlanmış erməni diasporu.

İndi bunların davranışlarına baxaq.

Bir yandan baş nazir Nikol Paşinyan vəzifəsinin ona verdiyi bütün məsuliyyəti ilə deyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. O biri yandan bütün məsuliyyətsizliyi ilə Xankəndindəki qondarma separatçı rejimin qurama “müstəqilliyi”ni təbrik edir?! Bu, rəsmən dövlət riyakarlığının son həddidir. Üstəlik, həm də Azərbaycana müharibə elan etməkdir.

Bununla yanaşı Eçmiədzin Kilsəsinin Ali Dini Şurası rəsmən bəyanat verib: “Azərbaycanın ərazi bütövlüyünü tanımağın heç bir tarixi, hüquqi və siyasi əsası yoxdur” deyib və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin “müstəqillik mübarizəsinə” dəstək verib. Diaspora gəlincə, xarici ölkələrdəki soydaşlarımıza, diplomatik nümayəndəliklərimizə qarşı qəddar hücumlar, terror aktları, ən yumşağı, etiraz aksiyaları... bunlar da açıq savaş deyilmi?! Bu yaxınlarda ermənilərin Livanın paytaxtı Beyrut şəhərindəki səfirliyimizə hücumu və daha əvvəl Fransada, ABŞ-da və sair hücumlar oldu. Bunlar açıq-aşkar müharibə elanı, hətta müharibənin özü deyilmi?! Qarabağdakı Ermənistan ordusu qalıqlarının, erməni silahlılarının Azərbaycan daxilində, nizami Ermənistan ordusunun isə Azərbaycan sərhədləri boyu ərazimizi, hərbi postlarımızı atəşə tutması, ərazimizə sızmağa çalışan, sızıb minalama aparan diversiya qruplarının əməlləri... açıq-aşkar Azərbaycana qarşı müharibə deyil də, nədir?!

Bütün bunlardan sonra Azərbaycanda bir hərbi hissənin şəxsi heyətinin, texnikasının təlim məqsədilə yerdəyişməsini: “Azərbaycan müharibəyə hazırlaşır” deyibən dünyaya yayıb, özündən əzabkeş obrazı yaratmaq cəhdi ikiqat ikrah doğurur.

Qarabağ erməniləri “müstəqil” olacaqmış?! Bir qarın çörəyə belə möhtac olanlar hansı “müstəqillik”dən danışa bilər?! Əgər, doğrudan da, hətta çörəklə də özlərini təmin edə bilmirlərsə, necə müstəqil olurlar?!

Belə yerdə deyirlər: “Axmaq baş ayaqların düşmənidir”. Bu cür səfil, həm də rəzil duruma üstəlik İrəvandan, Eçmiədzindən təbrik də gəlib!

Ölü doğulan körpəyə də ad günü keçirərlər?! Uğursuz abortu da təbrik edərlər?!

Və... Bu cür rəzalətdən sonra hələ durub deyirlər: “Qoymayın, Azərbaycan müharibəyə hazırlaşır”.

Bəli, Azərbaycan müharibəyə hazırdır. Ondan da öncə sülhə hazırlığını bəyan və isbat edib. Bizə faktik müharibə elan etmiş, hətta bu müharibəni aparan Ermənistanla, bizə düşmən kimi baxan başqa aktorlarla qonşuyuqsa, müharibəyə həmişə hazır olmalıyıq. Müharibəyə hazır olmaq isə hazırlaşmağı tələb edir. Bu qədər sadə, elementar məntiqdən də uzaq bir toplumla yanaşı yaşayırıq.

Bəli, Ermənistan Rusiyanın Ukrayna bataqlığında çabalamasından uzağagedən nəticələr çıxarıb. ABŞ, Fransa kimi dövlətləri, Avropa İttifaqını və sair (kollektiv Qərbi) öz ərazisinə - Azərbaycanla öz arasındakı münasibətlərə daxil edib, o güclərə arxalanıb, Rusiyanı sıxışdırmaq, bölgədən çıxarmaq istəyir. Bunun da məsuliyyətini Rusiyanın özünün, üstəlik də Azərbaycanın üzərinə qoymağa cəsarət edir. Paşinyan: “Rusiyanın atdığı və atmadığı addımlar onun bölgədən çıxmasına səbəb ola bilər” deyir. Deməklə də qalmır: “Rusiyanın NATO-su” adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) nümayəndəsini geri çağırır. Bu, az qala Rusiyadakı səfirini geri çağırmağa ekvivalent hərəkətdir.

Ermənistan dəfələrlə Azərbaycanla sərhədlərində hərbi və terror-diversiya xarakterli hücumlar apardı və aparır da. KTMT-ni bu sərhədlərə - münaqişəyə daxil etmək üçün əlindən gələni də, hətta gəlməyəni də etməyə çalışdı. Olmadı. Avropa İttifaqının qarışıq (mandatı heç özlərinə də məlum olmayan) missiyasını sərhədlərə cəlb etdi. Bir şey çıxmadı. Zəngəzur dəhlizi ətrafında qaraqışqırıq saldı, rəsmi Tehranı küyləyib üzərimizə yönəltdi. Nəticə sıfır. Xarici diplomatları öz avantürist planlarına şərik elədi; gah sərhəd şəhərində “dost” ölkələrin konsulluqlarını açdı, gah İrəvandakı səfirləri toplayıb sərhədə gətirdi, gah xarici diplomatları “humanitar karvan”ın quyruğuna qoşdu. Laçın sərhəd nöqtəmizdə humanitar və siyasi təxribatlar törətdi. Bir sözlə, hər cür oyundan çıxdı. Bir fayda ala bilmədi. Hətta BMT Təhlükəsizlik Şurasında belə məsələ qaldırdı. Ancaq arzuladığı qərarı keçirə bilmədi. Daha doğrusu, arxasında dayanan güclərin də gücü çatmadı.

İndi Ermənistanın arzuladığı (daha doğrusu, arxasındakı güclərin ondan istədiyi) bir məsələ var: Rusiyanı bölgədən çıxarmaq. İrəvan Moskvanı bölgədən sıxışdırmaq, əvəzində ABŞ, Fransa və sair böyük gücləri bölgəyə gətirmək, BMT TŞ qətnaməsinə ehtiyac olmadan da Azərbaycana qarşı siyasi, diplomatik və hətta mümkün olarsa, hərbi komponenti özündə daşıyan addımlara sövq etmək kimi boyundan hündür, başından böyük oyuna girişib. Bunun üçün hər fürsətdə Azərbaycanı Rusiyanın yanında, özünü Rusiyanın qarşısında göstərməyə çalışır. Beləliklə, Ermənistan kollektiv Qərbin Rusiyaya və Rusiyanın da Qərbə olan hazırkı düşmənçilik münasibətlərini öz xeyrinə (və həm də Azərbaycana qarşı) çevirmək istəyir. O arada “Azərbaycan”, “Qarabağ”, “xolokost” kəlmələrini də eyni cümlədə işlədib İsraili də şantaj etməyə, dünya yəhudilərinin Azərbaycana dəstəyini öz aləmində əngəlləməyə çalışır. Bunlar öz cavabını, təbii ki, aldı. Ancaq Qərbin qarşısında İrəvanın əsas kartı Rusiyanın ordusunun, o cümlədən, “sülhməramlı” kontingentinin bölgədəki varlığıdır.

Doğrudur, şəxsən bu sətirlərin müəllifi də olaraq biz də Rusiyanın Ukraynaya müdaxiləsini hərbi təcavüz adlandırmışıq və indi də bu fikirdəyik. Eyni zamanda Rusiya “sülhməramlı”larının Qarabağdan çıxarılmasının tərəfdarıyıq. Ümumiyyətlə, ölkəmizin ərazisində başqa bir dövlətin qoşunun olmasını istəmirik. Əgər belə bir istəyimiz olarsa, bunu qardaş millət və təbii müttəfiq dövlət olan Türkiyədən yana reallaşdırmaq istərdik. Ancaq Rusiyanın Ermənistanda qalıb-qalmaması bizim həll edəcəyimiz məsələ deyil. Onu zaman göstərər. Rusiya özü bölgədən çıxmayacağını deyir. Açığı, bunu biz də real hesab etmirik; Rusiyanın yaxın zamanlarda və ya ümumiyyətlə, Cənubi Qafqazdan çəkiləcəyi illüziyası qurmuruq. Bununla belə, Azərbaycanın hərbi-siyasi anlamda Rusiyasızlaşdırılmasına tərəfdarıq. Ancaq Rusiyanın indiki durumunu Qərb qarşısında öz xeyrimizə hər hansı formada istifadə etməyi doğru bilmirik. Rəsmi Bakı bu məsələdə mümkün qədər təmkinli və düşünülmüş gedişlər etməlidir və edir.

Bu sətirlərin müəllifi olaraq biz həmişə demişik və deyirik: daxili siyasətdə çox şeylə razı deyilik; bir çox məsələlərə tənqidi yanaşırıq. Xarici siyasətdə isə, demək olar ki, hər şey doğrudur. Diplomatiyamız ölkənin milli maraqları və öz siyasi resursları çərçivəsində, əsasən, səhvsiz işləyir. Xüsusilə, Rusiya məsələsində bacardıqca diqqətli və ardıcıl olmaq lazımdır. Rusiyanın xeyli zəiflədiyini Rusiyanın özü də daxil hamı görür. Ancaq onun tezliklə çökəcəyi, dağılacağı, xüsusilə, Ukraynada çox tezliklə uduzacağı kimi xəyallar, illüziyalar üzərində siyasət qurmaq Azərbaycan kimi ölkələr üçün təhlükəli olar. Müsbət haldır ki, Azərbaycan belə bir illüziya içində deyil. İşğalçı Rusiya hər nə qədər Ukrayna bataqlığında çabalasa da, yenə Avropa və Avrasiya regionunda, xüsusilə, bizim subregionda ciddi gücdür. Adam ac və sərxoş ola bilər, ancaq əlində darağı güllə ilə dolu, atəşə hazır silah var. Rusiyanın bölgədən çıxması, ya da çıxarılması Azərbaycanın maraqlarına tam uyğndur. Ancaq bu məsələdə impulsiv qərarlar vermək də doğru deyil. Bir dəfə qabağa düşdük və zərbə aldıq. Bu dəfə qabağa Ermənistan düşürsə, qoy düşsün. Zərbəsini də alacaq. Bunlar olacaqsa, qoy olsun; etiraz etmirik. Bir şərtlə: Rusiya bizdən Ermənistana qarşı dəyənək kimi yararlana bilməsin. Necə ki zamanında Ermənistanı bizə qarşı zopa olaraq işlətmişdi...

Biz Rusiyanın nə yanındayıq, nə qarşısında. O, bizi qarşısına almayınca... İndilik doğru olanı da budur.

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »