Bir neçə gün əvvəl yolumuz Xızı rayonundan düşmüşdü. Əslində Xızının Qars kəndindən reportaj hazırlamaq üçün Xızıya üz tutmuşduq. Deyilənə görə, kənddə vəziyyət yaxşı olmadığı üçün əhali zamanla kəndi tərk etməyə başlayıb. Xızı Rayon İcra Hakimiyyətinin məlumatına görə, hazırda Qars kəndində heç kim yaşamır.
Kənddə yaşayış 1972-73-cü illərə qədər olub. Sonradan sakinlər başqa ərazilərə köçmək məcburiyyətində qalıb. Çünki kənddə normal yaşamaq üçün şərait olmayıb. Nə məktəb, nə xəstəxana demək olar ki, kənddə heç nə yoxdur. Sakinsiz kənddə nə ola bilər ki? Bunun səbəbləri isə müxtəlifdir.
Biz də istədik ki, kəndi görək, kənddə qalmış kimsə varsa, onunla söhbətləşək. “Sən saydığını say, gör fələk nə sayır” -deyib atalarımız. Biz də Xızının Yarımca kəndinə qədər gəlib çata bildik. Yarımcada qarşılaşdığımız sakinlər bizə dedi ki, bir neçə gün əvvəl baş verən sel, bütün yolları yuyub. Yəni hazırda kəndə keçmək mümkün olmayacaq.
Yarımcanın sakinləri təsərrüfatla məşğul olur. Kənddə daha çox sakinlər arıçılıqla məşğul olurlar. Son statistik məlumatlara görə, Yarımca kəndinin 86 nəfər sakini var. Yarımca dağın ətəyində sakit bir kənddir. Kənddə bir neçə ev və daxma var.
Xızı Rayon İcra Hakimiyyətinin saytında olan məlumata görə, hazırda Xızının 3 kəndində Qars, Əngilan və Yuxarı Əngilan kəndlərində heç kim yaşamır. Əvvəllər, yəni sovet dövründə bu kəndlərdə yaşayış olsa da, sakinlər öz yurd-yuvalarından başqa ərazilərə köç etməyə məcbur qalıb. Çünki qış aylarında bu kəndlərdə yaşamaq mümkün deyil…
Xızının Əmbizlər kəndində 24, Tüdar kəndində 25 nəfər yaşayır. Vərdah kəndinin 13, Güneyqışlaq kəndinin 6, Təzəkəndin və Qızılqazma kəndlərinin 19 sakini var.
İradə Cəlil, Bizimyol.info