Kiminsə 09:00-17:00 iş rejimindən və ya yorucu bir həftədən sonra qolf oynamaq üçün istirahətə getdiyini görmüsünüzmü? Yəqin ki, yox. Çünki qolf adətən tələskən deyil, bol vaxtı olan zəngin insanların oynadığı idman növüdür. Əslində, çoxlu boş vaxtın olması qolf oynamaq üçün yeganə meyar deyil. Bu idman onu oynayan insanlara, yəqin ki, ağlınıza belə gətirməyəcəyiniz fərqli qapılar açır.
Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, ümumiyyətlə, 100 ildən artıqdır ki, Amerika iş adamları ilə əlaqəli olan qolf, bir nəzəriyyəyə görə, məşhur milyonçu Rokfellerin həvəsi ilə iş adamlarının sevimli idman növünə çevrilib. Digər tərəfdən qolfun mənşəyi dəqiq bilinməsə də, bəzi tarixçilər qolfun Roma İmperiyasında oynanan “paganica” adlı oyundan ilhamlandığını düşünürlər.
Paganica adlanan bu oyun dəri topa əyri çubuqla vurularaq oynanılırdı və o zaman bütün Avropada oynanılan bir oyuna çevrilmişdi.
Qolfun yaranmasına dair başqa bir baxış Çində oynanan “çuivan” adlı oyunla bağlıdır. 8-14-cü əsrlər arasında kiçik top və çubuqla oynandığı bilinən çuivan orta əsrlərdə Avropada geniş şəkildə oynanılırdı. Bütün bu nəzəriyyələrə əlavə olaraq, qolfun mənşəyi ilə bağlı ən çox qəbul edilən fikir bu oyunun 12-ci əsrdə Şotlandiyada çobanların dovşan yuvalarına daş atması ilə başlamasıdır. Zamanla 19-cu əsrdə qolf Hindistan, Kanada, Honq Konq kimi ölkələrdə geniş yayıldı və qolf klubları sürətlə yayılmağa başladı.
Qolf necə varlı iş adamlarının idmanına çevrildi?
İş adamlarının nəzərində qolf əslində idmandan çox fərqli məna daşıyır. Onlar üçün bu fəaliyyət bəzən stressdən uzaqlaşmaq cəhdi, bəzən də işgüzar əlaqələrini gücləndirmək üçün bir fürsətdir. Gün ərzində iclas otaqlarında olduqca gərgin və formal münasibət sərgiləyən bu insanlar yaşıl sahələrə çıxdıqda özlərini daha sərbəst hiss edir və çox daha təbii hərəkət edirlər. Bundan əlavə, bu uzun oyun zamanı onlar üzərində işlədikləri layihələr haqqında ətraflı düşünmək imkanı əldə edirlər. Əslində, qolf işgüzar idman növünə çox meyllidir. Çünki qolf, çox yavaş irəliləyən, yorucu olmayan və vuruşlar arasında boş vaxtdan ibarət bir oyundur. Bu 4 saatlıq oyunu oynayanların əksəriyyəti, iş stresindən uzaqlaşır və oyunun sürəti və müddəti oyunçuların bir-biri ilə ünsiyyət qurmasına da şərait yaradır. Belə bir mühitdə müxtəlif ideyaları müzakirə etmək və mühüm qərarlar qəbul etmək xeyli asanlaşır. Bundan əlavə, qolf avadanlıqlarının digər idman avadanlıqlarından xeyli yüksək qiymətə sahib olduğunu da nəzərdən qaçırmaq olmaz. Bundan əlavə, qolf klubuna üzvlük haqları müəyyən büdcə tələb edir və bu idman istər-istəməz çox ağır hobbiyə çevrilir.
Bəzi insanlar bir idman kimi deyil, yeni insanlarla əlaqə yaratmaq üçün qolf oynayırlar. Çünki qolf klubları müxtəlif investorlar, iş adamları və siyasətçilərlə doludur. Burada yeni insanlarla tanış olmaq, müzakirə etmək və müxtəlif layihələrdə iştirak etmək daha asandır. Bundan əlavə, bu idman çox fiziki səy tələb etmir. Ümumiyyətlə, varlı iş adamlarının əksəriyyəti müəyyən yaşdadır və təbii ki, basketbol, futbol və ya tennis kimi idman növləri onların sevimlisinə tam olaraq çevrilə bilmir.
İlahin, Bizimyol.info