Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu yazıda bağ var, bağban var, tar var, şeir var... - Mikayıl Müşfiqin xatirə muzeyindən videoreportaj
Bu yazıda bağ var, bağban var, tar var, şeir var... - Mikayıl Müşfiqin xatirə muzeyindən videoreportaj

Ötən ay yolumuz Xızıdan düşmüşdü. Xızıya gəlib, Mikayıl Müşfiqin evinə baş çəkməmək düzgün olmazdı. Biz də yolüstü muzeyə baş çəkdik. Muzeyin bağbanı Fəxrəddin dayı bizi gülərüzlə qarşıladı. Hətta samovar çayına da qonaq etdi. Xeyli söhbət etdik.

Qeyd edək ki, bir neçə gün əvvəl Tıx çayına sel gəldiyi üçün muzeyin qarşısında olan yolu yuyub, aparıb. Fəxrəddin dayı danışır ki, sel vuran günü muzeyə gələndə gördüklərindən heyrətə düşüb.

“Sanki dizlərim əsdi. Ağaclarımı sel yuyub-aparmışdı. Şükür ki, muzeyə heç nə olmayıb”-deyə Fəxrəddin dayı danışır.

Muzeyi gəzdik, şəkillər çəkdirdik. Ən çox da Fəxrəddin dayının söhbətləri xoşumuza gəldi.

Mikayil Müşfiq ev muzeyi, Xızı / Foto: İradə Cəlil, Bizimyol.info Mikayil Müşfiq ev muzeyi, Xızı / Foto: İradə Cəlil, Bizimyol.info

Qeyd edək ki, Mikayıl Müşfiq ocağı 1988-ci ildə Xızının Sayadlar kəndində yaradılıb. Şairin evi dağıdlığı üçün ev muzeyi atasına məxsus bağ sahəsində salınır. 2004-cü ildə isə, muzey Mikayıl Müşfiqin xatirə muzeyi statusunu alıb. Muzey, Mikayıl Müşfiqin yaradıcılığını və həyatını əks etdirir.

İddialara görə, Mikayıl Müşfiq 1937-ci ildə güllələndikdən sonra, nəşi dənizə atılır. Muzeyin həyətində şairin büstü qoyulub. Bundan əlavə şairin ev muzeyi ilə üzbəüz “Oxu tar” abidəsi qoyulub.

Muzeydə 221 ədəd eksponatla yanaşı, 12493 nömrəli cinayət işinin surəti də yer alıb.

Qeyd edək ki, muzeyə giriş cəmi 1 manatdır.

Yolunuz Xızıya düşərsə, mütləq Müşfiqin ev muzeyini də ziyarət etməyi unutmayın. Muzeydə hər tərəfdə Müşfiqdən bir xatirə var...

P.S. Nədənsə Mikayıl Müşfiqin adı çəkildiyi zaman yadıma “Yenə o bağ olaydı” şeri düşür…

"Yenə o bağ olaydı, yenə qumlu sahil,

Sular ötəydi dil-dil…

Saçın kimi qıvrılan dalğalara dalaydım,

dalıb ilham alaydım…"

Bu yay, başqa bir yay idi. Biz də bu yayı gözəl Azərbaycanımızın zəngin guşələrini gəzərək, gözəlliklərini çəkib sizinlə bölüşmək istədik…

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »