Türkiyənin voleybol üzrə qadınlardan ibarət milli komandası Avropa çempionu oldu. “Filenin sultanları” İtaliyada keçirilən yarışın finalında Serbiyanı beş setlik mübarizədə məğlub etdi. Beləcə, Türkiyə milli komandası tarixində ilk dəfə Avropa çempionluğunu rəsmiləşdirdi. Türkiyəlilər bundan əvvəl iki dəfə gümüş, üç dəfə bürünc medal qazanmışdılar.
Bizimyol.info xəbər verir ki, qardaş ölkənin qadınlardan ibarət milli komandası qitə çempionatlarında 1963-cü ildən çıxış edir. Türkiyə 40 il kölgədə qalıb. 2003-cü il Avropa çempionatında isə uğur gəlib. Həmin il “sultanlar” gümüş mükafata layiq görülüb. O vaxtdan Türkiyə milli komandasını hər qitə çempionatında görmək olur. Türkiyəli voleybolçu qadınlar, təkcə Avropa çempionatında uğurlu çıxış etmir. Komanda bu il ikinci böyük naliyyəttə imza atır. Türkiyə milli komandası az əvvəl ABŞ-ın Arlinqton şəhərində Millətlər Liqasının da qalibi olmuşdu.
Bir vaxtlar dünya voleybol səhnəsində Azərbaycan milli komandası da xüsusi seçilirdi. Dünyaya səs salırdıq. Klub səviyyəsində ciddi uğurlar qazanmışdıq. “Azərrreyl” qitə səviyyəli turnirin qalibi olmuşdu. Milli komanda iki dəfə Avropa çempionatında yarımfinal oynamışdı. Təsəvvür edin, bizim qızlar qitə çempionluğunun bir neçə addımlığına qədər gəlmişdi. Amma indi…
Türkiyənin çempion olduğu yarışda biz də vardıq. Azərbaycan milli komandası qrup mərhələsində keçirdiyi 5 oyundan 3-də məğlub oldu. O cümlədən, Türkiyəyə də uduzduq. Turnir cədvəlində yalnız Estoniyanı geridə qoya bildik. Beləcə, növbəti mərhələyə vəsiqə qazanmaq alınmadı.
Azərbaycanda qadın voleybolu göz qabağında məhv olur. Adicə milli çempionat keçirilmir. Yığma komandaya keyfiyyətsiz legionerlər cəlb olunur. Axırıncı Avropa çempionatı problemlərin ciddiliyini bütün çılpaqlığı ilə ortaya qoydu. Niyə belə olur? Çünki idman funksionerləri gələcəyi düşünmür, bu günlə yaşayır. Komanda idman növlərində də belə yanaşma sonda uğursuzluq gətirir.
Azərbaycanda həmişə qadın voleybolunun ənənələri olub. Nə etmək lazım idi? İnkişaf etdirmək. Aşağı yaş qruplarına xüsusi diqqət ayrılmalıydı. Milli çempionatın keçirilməsi çox vacibdir. Aşağı yaş qruplarında istedadlı qızlar ortaya çıxacaqdı, bu da milli komandanın gələcəyini təmin edəcəkdi. Bütün bu işlər görülmədiyindən, Azərbaycan voleybolu belə günə qaldı.
Zamanla milli komandamız daha da geriləyəcək. Bu gedişlə, bizim qızları heç Avropa çempionatının final mərhələsində də görməyəcəyik...
Aytən, Bizimyol.info