Naşirdən nazirə məktub var... (Replika)
"Qanun" nəşrlər evinin sahibi, çoxumuzun "kitab adam" dediyi Şahbaz Xuduoğlu mədəniyyət naziri Adil Kərimliyə müraciət edib. Naşir nazirə deyib ki, Azərbaycanda kitab reanimasiyadadır. Yəni kitabın kitabı bağlanmaq üzrədir.
Xəstəxanada, reanimasiyada müalicə alan xəstələr bəlkə bilmir, amma reanimatoloq həkimlər bilir: reanimasiyaya düşənin hər iki tərəfə bileti var. Bu sətirlərin müəllifi də reanimasiyadam keçib; nə demək olduğunu öz acı təcrübəsindən bilir. Sağalmaq qalma şansın da olur. Sağ qalmamaq risqin də.
Bax, indi naşirin də nazirə dediyi gerçək tam olaraq budur; dövlət cərrahi müdaxilə etməli, yardım əlini uzatmalıdır. Yardım deyəndə, dövlətdən pul istəyən yoxdur. Çarə tapmaq istəyən olsa, variant çoxdur. Hərçənd, Şahbaz Xuduoğlunun da xatırlatdığı kimi, hətta Almaniya, Fransa kimi ölkələrdə də dövlət nəşriyyatlara qrantlar ayırır, banklar çox minimal faizlərlə kreditlər verir. Azərbaycanda bu, yoxdur. Azərbaycan dövləti kitab sənayesini taleyin ümidinə buraxıb. Sanki belə bir düşüncə var: ədəbiyyat olsa da olar, olmasa da.
Əslində, məsələ heç təkcə kitab sənayesində də deyil. Yaradıcılıq motivasiyasının düşməsindədir. Bəli, sənaye normal işləsə, kitab bazarı canlansa, bu yazıçıdan, redaktordan tutmuş çapçıya, korrektora qədər çox insanın normal qazanmağına yol açar. Eləcə də, naşirin. Amma kitabın boğulması, yaxud sanki öz xoşuna boğulmasına şərait yaratmaq daha böyük bir bəla ilə nəticələnir. Bu da odur ki, bütövlükdə ölkədə və hər sahədə yaradıcılıq motivasiyası aşağı düşür. Məsələn, çoxmənzilli bina tikən inşaatçı-mühəndis öz işinə daha az yaradıcı məsuliyyətlə yanaşacaq.
Bir məmləkətdə yaradıcı Sözün, yaradıcı fikrin meydanı daralanda meydan qaragüruhun dağıdıcı stixiyasına qalır. Yaradıcılar yorulub, ya da qırılıb yolda qaldıqca, dağıdıcılara yol açılır. Naşiri və düşüncə adamlarını, vicdanlı hər kəsi rahatsız edən nöqtə burasıdır. Yoxsa naşir ilin-günün bu vaxtında naziri niyə narahat etsin ki?!
Doğrudan da, durum naşirin yazdığı kimidir: kitab reanimasiyadadır. Anlayacağınız: Şekspirdəki "Hamletsayağı" suala cavab axtarır, ölüm-qalım savaşı aparır. Şahbaz Xuduoğlu isə "həkim"ə müraciət edib, üstəlik reseptini də özü yazıb verib.
Əslində bu, naşirin harayı deyil, Ədəbiyyatın özünün fəryadıdır: "Qoyma ölüm, mən ölüm!".
Bahəddin Həzi, Bizimyol.info