Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tofiq Qasımovun gözləri güldü...
Tofiq Qasımovun gözləri güldü...

30 avqust - Azərbaycan istiqlalına gedən yolun başlanğıc nöqtəsidir

Xeyli müddətdir ki, Ali Sovetin (indi Milli Məclis adlanır) bir qrup deputatı tarixi sənəd üzərində çalışırdı. Hər şeyin olmasa da, çox şeyin şahidiydim. Sənədin redaksiya heyəti hər cümlə, hər söz, az qala hər durğu işarəsi üzərində müzakirə aparır, ağıllarda sual qoymamağa çalışırdı.

Bu sənədi həm tez bir zamanda hazırlayıb Ali Sovetdə qəbul etdirmək lazım idi; həssas dövr idi, hadisələr bir-birini sürətlə əvəz edir, situasiya tez-tez dəyişirdi. Sovet İttifaqının həyatında nəhəng "siyasi zəlzələ"dən - hərbi qiyam - dövlət çevrilişi cəhdindən heç bir həftə keçməmişdi. O "zəlzələ"nin "afterşok"ları hələ də davam edirdi. Şər İmperiyası dağılma npqtəsinə çatmışdı. Ona görə də köhnə, nəhəng qəzalı binanın dağıntıları altında qalıb əzilməmək üçün xalqlar öz seçimini etməliydi. Çox tələsmək də, çox gecikmək də təhlükəli idi; tarix Azərbaycan xalqına 71 ildən sonra ikinci dəfə öz müstəqil dövlətini qurma şansı vermişdi. Dövrün siyasi xadimləri, dövlət adamları bu şansı əldən qaçırsaydılar, millətin əleyhinə ağır cinayət törətmiş olardılar. Ona görə də ağır və gərgin iş gedirdi. Bu sənədin hazırlanmasında Tofiq Qasımov başda olmaqla milli-azadlıq hərəkatını təmsil edən deputatlar, eləcə də, ekspertlər çox çalışırdılar. O zamankı Ayaz Mütəllibov hakimiyyəti sənəddəki hər cümlədən, hər sözdən ehtiyat edirdi. Bir yandan köhnə partiya nonenklaturasının müqaviməti vardı, bir yandan formalaşmaqda olan yeni elitanın təzyiqi, bir tərəfdən xüsusi xidmət orqanlarının təhdidi, bir tərəfdən də meydan hərəkatının təsiri vardı. Hakimiyyət həm Moskvadan, həm də müxalifətdən çəkinirdi; iki zidd qüvvə arasında manevr etməyə çalışırdı. Bu səbəbdən və gedən proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyini bəyan etmək şansı yaranmışdı. Bu işin lokomotivi olaraq sonradan "istiqlalçı deputatlar" adlandırılacaq millət vəkilləri çıxış edirdi.

Axır ki, o gün - 30 avqust gəlib çatdı; deputat, tarixçi alim, akademik Tofiq Köçərli tribunaya çıxıb Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannaməni təqdim etdi. Səsvermə keçirildi və tarixi sənəd qəbul olundu. Tofiq Qasımovun yorğunluqdan və yuxusuzluqdan şişkinləşmiş və qızarmış gözlərinin içi gülürdü. Millət 71 ildən sonra öz tarixi xəyalının gerçəkləşməsi yolunda ilk addımını atmışdı. Oktyabrda ikinci addım atılacaqdı - həmin ayın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı Ali Sovetdə qəbul olunacaqdı. Sonuncu hüquqi prosedur isə 29 dekabrda istiqlal Aktının ümumxalq səsverməsinə (referenduma) çıxarılması idi (ki, baş tutdu). Bütün bunlar 30 avqust bəyannaməsindən başladı. Bəyandan referendumda təsdiqə qədər 4 ay keçdi. Bu dörd ay Azərbaycan üçün heç də asan olmadı. Çox ağır hadisələr baş verdi. Ən ağırı isə noyabrın 20-də Qarabağda - erməni-rus birləşmələrinin nəzarəti altında olan Qarakənd səmasında helikopterin vurulması idi. Həmin terror nəticəsində Azərbaycanın dövlət katibi başda olmaqla respublikanın üst səviyyəli dövlət adamları, hüquq-mühafizə orqanları rəhbərləri, hərbçilər, jurnalistlər həlak oldu. Azərbaycan bu zərbə ilə sarsılsa da, səndələsə də, müvazinətini itirmədi. Müstəqillik yolunda sonadək irəlilədi və nəticədə bu günkü müstəqil Azərbaycan dövlətinin əsası qoyuldu. 30 avqust, əslində, ən önəmli tarixi günlərdən biri kimi rəsmən təsbit olunmalı, qiyməti verilməlidir. Tofiq Qasımovla yanaşı bir çox istiqlalçı deputatlar - istiqlalın memarları, ən çox mübarizə aparıb əziyyət çəkən insanlar artıq aramızda yoxdur. Dünyadan köçənlərə Allahdan rəhmət, qalanlara can sağlığı diləyirəm. Allah heç birinin əziyyətini yerdə qoymasın!

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »