Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Statistika xəyal "qurur" - "İşsizlər ordusu" bir qarın yeməyə möhtacdır
Statistika xəyal "qurur" - "İşsizlər ordusu" bir qarın yeməyə möhtacdır

Azərbaycanda əhali işsizlikdən böyük əziyyət çəkir. Məhz iş imkanlarına görə ölkədə yaşayanların az qala yarısı paytaxtda toplaşıb. Bölgələrdə heç iş yoxdur. Kəndlərdə işsizlər ordusu toplaşıb. Amma hökumət deyir ki, ölkədə işsiz çox azdır.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda iqtisadi fəal əhalinin 5,2 milyon nəfərdən çox olduğu bildirilir. Guya bu qədər insanın 94,5 faizi işləyir. İşsizlik faizinin yalnız 5,5 olduğu iddia edilir.

Buna necə inanmaq olar? Hökumət pandemiya dövründə də işsizliyin aşağı-yuxarı bu qədər olduğunu deyirdi. Amma 190 manat üçün müraciət edənlərin sayının dəfələrlə çox olduğu üzə çıxdı. Özü də bu insanların əksəriyyətinin çoxdan işsiz qaldığı dəqiqləşmişdi. Hətta deputat Əli Məsimli parlamentdə saxta statistikanın axırına çıxmağın, Azərbaycanda real işsizlərin sayını ortaya qoymağın vaxtının çatdığını dilə gətirmişdi.

Azərbaycanda əhalinin 46 faizi kəndlərdə yaşayır. Hər halda rəsmi statistika belə deyir. Yəni 4,6-4,7 milyon nəfərdən söhbət gedir. Necə iddia eləmək olar ki, Azərbaycanda cəmi 289 min nəfər işsizdir? Hamıya məlumdur ki, kəndlərdə böyük "işsizlər ordusu" yaranıb. Guya hər 15-16 nəfərdən 1-i işsizdir. Heç inandırıcı səslənmir. Kəndlərdə, ümumiyyətlə, bölgələrdə vəziyyətin bu istiqamətdə çox pis olduğunu bilirik. Hökumət ortaya fərqli statistika qoya bilər. Bilirik ki, bölgələrdə insanlar işsizlik üzündən çox sıxıntı çəkir. Böyük ehtimalla hökumət günəmuzd çalışanları da əhalinin məşğul kateqoriyasına aid edib. Bu nə dərəcədə doğrudur?! Günəmuzd çalışanların böyük əksəriyyətinin əmək müqaviləsi yoxdur. Hamımız vəziyyətin necə olduğunu bilirik. Həmin şəxslər bir qarın yeməyə işləyirlər. Nə sığorta var, nə işin davamlı olacağına zəmanət. Bir gün işləyirsən, bir neçə gün işsiz qalırsan. Bunun harası məşğulluq oldu?

Həqiqətən də, saxta işsizlik statistikasına son qoymaq lazımdır. Real durum etiraf edilməli, problemdən çıxış yolları axtarılmalıdır. Ölkədə bu qədər işsiz olmamalıdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »