Azərbaycan Respublikasının cənub-şərqində Xəzər dənizi sahillərindən 6-9 km aralıqda möhtəşəm Talış dağları yerləşir. Bu dağlara xüsusi estetik gözəllik verən maddi-mənəvi ekoloji dəyərlərə malik olan meşələrdir. Bu meşələrə Hirkan meşələri deyilir. Hirkan talış mənşəli söz olub, dumanlı məkan mənasını bildirir. Gözəl, zəngin təbiətə malik olan Hirkan meşələri Azərbaycan Respublikasının payına çox az düşür. Bu meşələrin çox hissəsi İran İslam Respublikası ərazisində yerləşir. Bu gözəl möhtəşəm böyük bir ərazinin Azərbaycanın payına düşən hissəsi cəmi 5 faiz təşkil edir. Bunun da, 40 min 358 hektarı dövlət tərəfindən xüsusi mühafizə olunan təbiət ərazisi olaraq, yəni Hirkan Milli Parkı olaraq mühafizə olunur.
Ötən həftəsonu yolumuz Hirkan Milli Parkına düşmüşdü. İstədik ki, ölkəmizin gözəlliklərini sizə göstərək. Hirkan Milli Parkının baş elmi işçisi Həbib Rəhimov bizə Hirkan Milli Parkı haqqında maraqlı məlumatlar verdi. Onun sözlərinə görə, Hirkan Milli Parkının yaradılmasında məqsəd Hirkan tipli endemik və elit bitki növlərinin qorunub mühafizə olunması və gələcək nəsillərə olduğu kimi çatdırılmasından ibarətdir. Eyni zamanda park bölgədə ekoturizmin davamlı olaraq, inkişaf etdirilməsi və bununla bərabər elmi tədqiqat işlərinin aparılması məqsədilə fəaliyyət göstərir.

“Hirkan meşələri çox zəngin meşələrdir. Bu meşələr 3-cü buzlaşma dövründən bizim dövrümüzə gəlib çatan növlər, bitkilərdən ibarətdir. Bu bitkilər buzlaşmaya məruz qalmamışdır. Yəni bu bitkilərə əvvəllər Azərbaycan Respublikasının digər ərazilərində, o cümlədən Avropada rast gəlinən növlər buzlaşmaya məruz qalmış və buzlaşmadan sonra ancaq Hirkan meşələrində mövcud olmuşdur. Bunun isə, bir neçə səbəbi var. Talış dağlarının Xəzər dənizinə çox yaxın yerləşməsi və dənizdən qalxan su buxarları deməli qalxaraq, 1200-1500 yüksəkliyə qalxdıqdan sonra bir növ meşələrin üzərində bir örtük əmələ gətirib. Həmin örtük də bu buzlaşmanın qarşısını alıb. Bu səbəbdən bu bitkilər buzlaşmaya məruz qalmayıb”-deyən Həbib Rəhimov vurğulayıb ki, eyni zamanda talış dağlarının coğrafik relyefi də, buna təsir göstərmişdir. Belə ki, şimaldan gələn küləklərin qarşısını kəsən dağlar, eyni zamanda İran tərəfdən gələn kontinental iqlimin də qarşısını alan hündür dağlar yerləşir. Həmin dağlar bu soyuq hava kütlələrinin əraziyə daxil olmasının qarşısını almışdır. Xəzər dənizindən qalxan rütubətli hava kütlələri, burada bioloji müxtəlifliyin zənginliyinə səbəb olmuşdur.
Hirkan Milli Parkından hazırladığımız video reportajı Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info