Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki qadın maşinist bir qatara "sığmadı" - ilk qadın maşinist ikinci dəfə "tarix"ə düşdü
İki qadın maşinist bir qatara "sığmadı" - ilk qadın maşinist ikinci dəfə "tarix"ə düşdü

Avqustun son həftəsində Bakıya gələn payızın gəlişini iki fərqli yerdə hiss elədik. Sədərək və Binə ticarət mərkəzini yağış yudu, Bakı metropoliteni də "yarpaq" tökdü. Yeraltında ağac varmı deməyin. Metropoliten tarixinin ilk "fidanı" - ilk qadın maşinisti tarixə ikinci dəfə düşdü.

İkinci qadın maşinistin gətirildiyi ay tarixə düşən ilk qadın maşinistin işdən çıxarılması şübhə və maraq doğuran bir gündəm oldu. Bakı metropoliteninin rəsmi sözçüsünün rəsmi açıqlaması ilə ilk qadın maşinistin açıqlaması medianın gündəmində toqquşdu.

Diqqətçəkən nüans, tarixə düşən ilk qadın maşinist ikinci qadın maşinistlə bir qatara "sığmadı". İllərlə əldə etdiyi təcrübəni həmkarı ilə bölüşəcəyi bir ərəfədə "əlindəki telefon" açıqlaması ilə qatardan "çıxarıldı".

Bakı metropoliteni tarixinə ilk qadın maşinist kimi düşən vətəndaş, "telefon istifadəsi" səbəbiylə işdən çıxarılan ilk qadın maşinist olaraq da tarix "olundu".

"Metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu” deyə rəsmi qurumdan açıqlama da verilib. Maşinistə necə bir iş təklif edilib, gözlənti nə olub bilinmir. Bilinən odur ki, nə rəsmi qurumun açıqlaması nə də maşinistin cavabı bu hadisənin reallığını yeraltından yerüstünə tam çatdıra bilmədi.

Bugünə kimi ilk və tək olan qadın maşinistə yeni kariyerasında uğurlar diləyirik. Elə ikinci qadın maşinistə də uğurlar diləyirik. O, ilk olmasa da artıq sələfi kimi tək qadın maşinist oldu.

Görünən odur ki, sosial şəbəkədə "klavitura" parçaladan bu gündəm, metropolitenin tarixində "ilk" olmayacaq...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »