Qızılağac Milli Parkı 2018-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Parkın ərazisi 99 min 60 hektardır. Parkda müxtəlif heyvanlar, quşlar, eləcə də fərqli bitkilər və ağaclar var.
Qızılağac Milli Parkına səfərimiz həftənin bazar gününə düşmüşdü. Bu səbəbdən də bizi parkın mühafizə yegeri Sahib Bəşirov qarşıladı. O, çəkilişlə əlaqəli gəldiyimizi bildirdiyimiz zaman qeyd etdi ki, bazar günü qeyri-iş günü olduğu üçün bu gün xüsusi formada deyillər və bu formada qarşılamaq onları narahat edir. Bildirdik ki, “bu gün bazar günüdür, iş günü deyil. Odur ki, sizin formasız olduğunuz sizi narahat etməməlidir. Buna görə, sizə heç kim hansısa irad da bildirə də bilməz. Digərləri həftəsonu istirahət etdiyi halda, siz bu istidə öz vəzifənizi ürəkdən icra edirsiniz”…
Qızılağac Milli Parkına səfərimizi Sahib Bəşirovla kiçik körfəz gəzintisi ilə başlatmağa qərar verdik. Sahib Bəşirovun müşayiəti ilə körfəzə açıldıq. Burada müxtəlif quşlar, flaminqolar, su qunduzu, su tısbağaları və digər canlılar kameramızın hədəfinə düşdü.
Sahib Bəşirov deyir ki, milli parka gələn turistlər məhz bu marşurut xəttinə üstünlük verirlər. Onlar qayıqla körfəzi gəzir, təbiətin bəxş etdiyi gözəllikləri gözləri ilə görməyə üstünlük verirlər. Biz də qayıqla körfəzə çıxdıq. Hava isti olsa da, körfəzi gəzməyin fərqli zövqü vardı. Sahib Bəşirov ara-sıra qayığı saxlayır, bizə körfəz haqqında ətraflı məlumat verirdi. O, deyir ki, noyabr ayından sonra yağıntılar artdığı zaman körfəzin də suyu artır. Bu dövrdə su heyvanlarının, bitkilərin də sayı artır. Qayıqla səyahət də asanlaşır. Bu ərazilərdə əsasən bataqlıq quşları çox olur. Bu dövrdə miqrasiya quşları bu ərazilərə baş çəkir, onlardan bəziləri gedir, bəziləri də yuva qurub qalır.
“Payız aylarında yağıntılar artır, çaylar daşır, bu körfəzin də suyu artır. Körfəz 10 min hektara yaxın ərazini əhatə edir. Həmin dövrdə suda hərəkət də asanlaşır. Burada ördəklər, qızılqazlar (flaminqolar) və digər su quşları yaşayır”-deyən Sahib Bəşirov əlavə edir ki, turistlərin ən çox sevdiyi yer də məhz bu ərazilərdir.
Sahib Bəşirov bizi körfəzdə bir qədər gəzdirdikdən sonra hava isti, su az olduğu üçün geri qayıtmağı təklif edirik. O, bizə parkın qaydalarından da söz açır. Bildirir ki, parkın ərazisində tonqal qalamaq, ov etmək və tütün məhsullarından istifadə qəti qadağandır. Parkda yanğın hallarının baş verməməsi üçün təhlükəsizliyə ən yüksək səviyyədə nəzarət edilir. Parkın ziyarətçilərinə də girişdə parkın qaydaları haqda məlumat verilir. Milli parkda müxtəlif xəbərdaredici, eyni zamanda məlumatlandırıcı lövhələr yer alıb. Burada parkın ərazisində olan quşlar, heyvanlar, bitki örtüyü və ağaclar haqqında məlumatlar yer alıb.

Parkda iki körfəz var. Kiçik körfəzi gəzdik. Böyük körfəz də Xəzər dənizinə açılır. Xəzər dənizinə çıxmaq isə, ancaq payız aylarında mümkün olur. Çünki bu aylarda su artır.
Daha sonra milli parkın mühafizə xidmətinin əməkdaşları ilə söhbətləşirik. Asif, Seymur və Sahib müəllim - hər biri çox mehriban və səmimi insanlardır. Söhbət edə-edə parkın dünənindən, bugünündən danışırıq. Deyirlər ki, yaxşılığa doğru çox dəyişikliklər olub, xüsusən də Aqil Siracov təyin edildikdən sonra. Bu insanlarla biz söhbətlərimizdə onların təbiətə necə bağlı olduqlarını hiss etdik.
Reportaj zamanı parka ziyarətə gələnlər də də olur. Parkın əməkdaşlarının onlarla davranışları o qədər doğmadır ki… Biz bu doğmalığı Şahdağ Milli Parkının əməkdaşı Rafael Musayevin ziyarətçilərlə davranışlarında da görmüşdük. Təbiəti sevən insanların təbiətlə iç-içə çalışması heyranedicidir.
Park haqqında bir qədər məlumat aldıqdan sonra, növbəti marşuruta qərar veririk…
Növbəti marşurutumuz isə “Turac” marşurutu olacaq. Burada Parkın quru ərazilərinin sakinləri ilə tanış olacağıq…
Siz də zamanınız olanda Qızılağac Milli Parkına gəlib, həm kiçik körfəzdə səyahət edə bilərsiniz, həm də burada çalışan səmimi insanlarla həmsöhbət ola bilərsiniz. Məncə, şəhərin səs-küyündən bircə günlük uzaqlaşıb, bura baş çəkməyə dəyər...
Qızılağac Milli Parkındakı kiçik körfəzdən hazırladığımız video reportaja Bizimyol.info xəbər portalının rəsmi YouTube səhifəsində baxa bilərsiniz.
İradə Cəlil, Bizimyol.info
Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi.