Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Savadlı həkim "köhnələr"ə uduzdu, ölkədən getdi... - Belə davam etsə, müalicə üçün həkim qalmayacaq
Savadlı həkim "köhnələr"ə uduzdu, ölkədən getdi... - Belə davam etsə, müalicə üçün həkim qalmayacaq

Həkimlər ölkədən gedir. Son vaxtlar sosial mediada bu haqda çox danışılır, çox yazılır. Gedənlərin çoxu da xaricdə oxuyub gəlmiş cavanlardır. Xaricə üz tutan həkimlərin sayı bilinmir. Cürbəcür rəqəmlər deyilir. Ancaq bu tendensiyanı dəqiq göstərən bir statistika yoxdur. Hər halda insanlar - yəni həkimlərin pasiyentləri bunu öz canında hiss edir.

Bir neçə il əvvəl Türkiyədə oxuyub uzman olmuş gənc uroloq Azərbaycana gəldiyinə peşman olduğunu deyirdi. İstanbulda oxuduqdan sonra ABŞ-da - Klivlenddəki klinikalardan birində bir il işləyib. Müxtəlif vaxtlarda Türkiyədə, Amerikada, Almaniyada, İngiltərədə qısamüddətli kurslarda olub. İştirak etdiyi təlim, konfrans və simpoziumların "sayını itirib". Deyir: "Qazancımın yarısından çoxunu bu kurslara, trenniqlərə sərf edirəm". İşlədiyi klinikalarda həmişə otağının qarşısında növbələr vardı. Dəfələrlə Türkiyədən, Almaniyadan, İsveçrədən iş dəvətləri aldığını deyirdi. Ölkəsini tərk etmək istəmirdi. "Burda xeyli insan mənə inanır, xeyli daimi pasiyentim var, çoxu ilə dostlaşmışıq. Onları qoyub necə gedim?!" deyirdi. Ancaq günlərin bir günü çıxıb xaricə getdi. Almaniyada bir klinikada işləyir. Səbəbini soruşduqda, "köhnələr"ə uduzduğunu dedi. Əsasən, sovet təhsilli yaşlı həkim "kastası" ona dəfələrlə torba tikib. Haqqında Səhiyyə Nazirliyinə, başqa cürbəcür qurumlara "donos" yazıblar. O da bezib, çıxıb baş götürüb ölkədən gedib.

Bəli, ölkədə bir azdan savadlı həkim tapmaq olmayacaq. Gənc, savadlı, bacarıqlı həkimlər intriqaların qurbanı olur. Quru sərhədlər açıq olanda insanlar Rusiyaya, İrana, Türkiyəyə, Gürcüstana gedirdilər. Azərbaycanda müalicə üçün güvəndiyi həkimi olmayanlar Qazaxıstana və başqa yaxın ölkələrə də üz tuturdu. İndi bu imkan da yoxdur. Bir yandan da az-çox savadlı həkimlər də çıxıb xaricə gedir. Bu millətin halı necə olacaq?! Bir Allah bilir. Allah səhiyyəmizə "şəfa" versin!

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »