Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan absurdu : “Bizim problemimiz deyil, bizə tabe olan qurumun problemidir”
Azərbaycan absurdu : “Bizim problemimiz deyil, bizə tabe olan qurumun problemidir”

Biləcəri qəsəbəsində yaranmış problemlər nə bitib tükənmək bilir, nə də ardı-arası kəsilir. İşıq, yol nişanları, kommunal problemlər bu qəsəbədə cəmləşsə də, aidiyyəti qurumlardan heç biri yerli sakinlərin dərdinə əlac olmaq, qəsəbəyə diqqət ayırmaq, investisiya ayırmaq istəmirlər.

Yaxın vaxtlarda Biləcəri qəsəbəsində, "20 Yanvar" şəhidlərinin xatirəsinə salınmış parkın yaxınlığında  lövhəsi olmayan yol keçidi nişanı barədə görüntüləri izləyicilərimizlə bölüşmüş, problemi işıqlandırmışdıq. Ancaq təəssüf ki, heç bir qurum bu problemin aradan qaldırılması üçün hər hansı fəaliyyət göstərmədi.

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayevlə əlaqə saxladıq. Cənab polkovnik-leytenantla problemlə bağlı etdiyimiz müzakirəni oxucularımızla bölüşürük:

Mübariz Ağayev Mübariz Ağayev

- Salam, Mübariz müəllim.

- Biləcəri qəsəbəsində bir sıra yol nişanları sıradan çıxıb, yol keçidi lövhəsi yoxdur, vətəndaşlar yolu keçməkdə çətinlik çəkirlər, axşamları qəza şəraiti yaranır. Bu problemlə əlaqədar bir tədbir görüləcəkmi?  İstərdik, yaranmış problemlə əlaqədar sizdən açıqlama alaq.

- Diqqətinizə çatdırım ki, paytaxt ərazisində bu məsələ ilə bağlı Bakı Şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi var və paytaxtın rayonları ilə bağlı ilkin məsələlərə onlar cavab verirlər. İkinci məsələ isə odur ki, paytaxt ərazisindəki küçə və yollarda həmin yol nişanları, onların cizgiləri, xətləri ilə bağlı nöqsanlar aşkar ediləndə, biz aidiyyəti üzrə müraciət edirik və ora yerli icra hakimiyyətinin balansındadırsa, yol onlara məxsusdursa onlara, AYNA-ya (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi – red.) aiddirsə, onlara və sair kimi biz bu məsələləri qaldırırıq və problemi yerində həll edirlər. Hər bir halda həmin ərazidə konkret olaraq hansı işlər görülür, hansılar görüləcək kimi məsələlərin icraatı haqda məlumatlar BŞDYPİ-də daha çox olur. Ona görə də bu haqda həmin İdarəyə müraciət edin və onlar problemi aidiyyəti üzrə yönəltsinlər. Biz mütəmadi olaraq bu problemlərlə əlaqədar monitorinq aparırıq. Bəzən olur ki, nişanlama vasitələrinin üzəri ot, ağac örtüyü ilə, kollarla bağlanıb. Belə olanda da bizim ağac kəsmək, kol budamaq kimi səlahiyyətimiz yoxdur. Bu, polisin səlahiyyəti deyil. Bu, əgər Siqnal İdarəsinin sahəsidirsə, onlara göstəriş verilir. Siqnal İdarəsi isə respublika üzrə olur. Paytaxtda isə bunu adətən, yerli icra hakimiyyəti və ya AYNA edir.

- Mübariz müəllim, siz Dövlət Yol Polisinin rəsmi əməkdaşısınız, biz də yol problemi ilə əlaqədar sizi narahat edirik ki, belə bir problem var və məlumatınız olsun. Əgər məlumatınız varsa, bununla bağlı bir tədbir görüləcəkmi?

- Öncəliklə təşəkkür edirəm. Mən də sizə aidiyyətçiliyi deyirəm ki, bu məsələ ilə bağlı BŞDYPİ-nə müraciət edəsiniz.

- Deməli, bu problemlə bağlı açıqlama sizin səlahiyyətinizdə deyil.

- Mətin Şükürlü, siz hansı cavabı almaq istəyirsiniz, siz onu mənə deyin.

- Biz bilmək istəyirik ki, problemin həlli istiqamətində siz açıqlama verə bilirsiniz, ya yox?

- Bir daha qeyd edirəm ki, sizin qaldırdığınız məsələ Bakı Şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə aiddir. Siz aidiyyəti üzrə müraciət edin, ordakı əməkdaşlarımız araşdırsınlar, sizə detallı məlumat versinlər.

- Yəni siz bu haqda məlumat verə bilmirsiniz, biz qeyd etdiyiniz yerə müraciət etməliyik.

- Bəli, mən sizi struktural quruma yönləndirirəm ki, dəqiqləşdirilsin və paytaxt ərazisi olduğuna görə media olaraq sizə rəsmi cavab versin.

- Aydındır, təşəkkür edirəm.

Nəticə: Bakı şəhəri ərazisində maşınla adan vurub öldürsələr və siz də əlinizin altında olan nömrəyə, məsələn, Mübariz Ağayevə zəng etsəniz, deyəcək ki, Bakı şəhəri DYPİ-yə zəng edin, bizlik deyil. Yəni ölkənin Baş Yol Polisinə təhlükə barədə məlumat verirsiniz, aşkar qəza vəziyyəti barədə faktları təqdim edirsiniz, o isə dərhal qeydlərini götürüb müvafiq qurumları ayağa qaldırmaq əvəzinə təxminən belə deyir ki, “bu məsələ bizə yox, bizə tabe olan quruma aiddir”. Əzizim, sizə tabe olan quruma aiddirsə, elə sizin ayıbınız deyilmi? Adam demək istəyir ki, Həsən keçəl deyil, keçəl Həsəndir. Həm də dediklərini “başa düşmədiyimizə” görə bizə əsəbiləşməkdə də bir qüsur görmür...

Baxaq görək, sağ olun.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »