2017-ci ilin mayında Tərtərlə yanaşı, Beyləqanda da əsgər və zabitlərə kütləvi şəkildə işgəncələr verilib. Nəticədə Adil Sabirli adlı baş leytenant aldığı xəsarətlərdən həyatını itirib.
Beyləqanda həbrçilərə qarşı kütləvi işgəncələrə görə həbs olunmuş general-mayor - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin sabiq rəisi Bəkir Orucov və daha 4 nəfərin məhkəməsi 5 aydır ki, davam edir. Onların işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Lakin məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksində keçirilir.
Bəkir Orucov 2017-ci ildə Beyləqan korpusunda qərargah rəisi olub. Onunla birlikdə mühakimə olunan digər təqsirləndirilənlər həmin dövrdə Müdafiə Nazirliyinin qərarıyla Beyləqana ezam edilmiş təhqiqatçı, mayor İntiqam Məmmədov, korpusun təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, snayper bölüyünün keçmiş komandiri Ziya Kazımov və Ülvi Rəşidovdur.
Bizimyol.info xəbər verir ki, avqustun 17-də keçirilən məhkəmə iclasında təqsirləndirilən Ziya Kazımovun vəkili Bəhruz Bayramovun vəsatəti əsasında çağrılmış şahidlər dindirilib. Həmin şahidlər Qulu Mirzəyev, Xaqani Əmrahov, Ceyhun Ərşadlı və digərləri olub.
“Gah dedilər, pilləkəndən yıxılıb, gah dedilər, ürəyi tutub...”
Ziya Kazımova qarşı irəli sürülmüş ittihamlardan biri də Adil Sabirliyə işgəncə verilməsi və nəticədə onun ölməsiylə bağlıdır. Lakin o, bu ittihamı qəbul etmir. O bildirir ki, Adil Sabirliyə işgəncə verilməsində iştirakı olmayıb. Ona zəng edib çağırıblar, gəlib Adil Sabirlinin vəziyyətini görəndə, hətta süni nəfəs verərək, həyatını xilas etməyə çalışıb.
Qulu Mirzəyev deyir ki, həmin vaxt orada təlim keçirdilər: “Bölük komandiri tapşırıq vermişdi ki, heç kim aşağı düşməsin. Həmin vaxt orada maskalılar vardı, görmüşdüm...”
Ceyhun Ərşadlı bildirib ki, mərhum Adil Sabirlinin ölümüylə bağlı müxtəlif fikirlər səsləndirilirdi: “Gah dedilər pilləkəndən yıxılıb, gah dedilər, ürəyi tutub, sonra məlum oldu ki, sorğulamada olub...”
Təqsirləndirilən İntiqam Məmmədov bildirib ki, ailə üzvlərilə telefon danışığı və görüşmək hüququna istintaq dövründə qoyulan məhdudiyyət hələ də davam edir. Onun sözlərinə görə, məhdudiyyət istintaq dövrünə aid idi. Artıq məhkəmə də yekunlaşmaq üzrədir, lakin bu məhdudiyyət aradan qaldırılmayıb:
“Qadağa istintaq başa çatana qədər qoyulmuşdu. İstintaq da fevralda yekunlaşıb. Artıq məhkəmə də qurtarır. Deyirlər ki, məhkəmə icazə verəndən sonra bərpa edəcəyik. Məhkəməyə də bu problemlə əlaqədar müraciət elədim. Nəticə yoxdur. Neyləyim, özümə xəsarət yetirim? Onu özümə yaraşdırmıram. Bu qanunsuzluq nə vaxt aradan qalxacaq?”
Hakim Zeynal Ağayev bildirib ki, Bakı İstintaq Təcridxanasına İntiqam Məmmədovun ailə üzvlərilə telefon danışıqlarına məhkəmə tərəfindən heç bir qadağa qoyulmaması haqda məktub göndəriləcək.
“Mais Bərxudarov məhkəməyə çağırılıb dindirilsin”
İntiqam Məmmədov istintaq dövründə xaricdə yaşadığına görə video-konfrans şəklində dindirilmiş bir sıra şəxslərin məhkəmədə də dindirilməsini istəyib. O həmçinin həmin dövrdə Beyləqan korpusunun komandiri olmuş general-leytenant Mais Bərxudarovun şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb.
Daha sonra təqsirləndirilən general-mayor Bəkir Orucov çıxış edib. O bildirib ki, ona aid telefon anten dairələrilə bağlı məlumatlar dəqiq deyil. Bəkir Orucov da Mais Bərxudarovun məhkəmədə dindirilməsini istəyib:
“Mais Bərxudarov o zaman düşmənlə əməkdaşlıqda şübhəli bilinən şəxslərin siyahısını Baş Qərargah rəisinə göndərib. Xahiş edirəm, o siyahı iş materiallarına əlavə olunsun. Bundan başqa, mən prokurorluğa çağırılanda Mais Bərxudarova zəng elədim. Mənə bildirdi ki, “get, nə necə varsa, eləcə də danış, məni çağırsalar, nə necə olub, kim əmr verib, nə deyib – hamısını açıb deyəcəm”. Ona görə də çağırın, gəlsin, danışsın”.
Onun vəkili də yada salıb ki, təqsirləndirilən Ülvi Rəşidov ifadəsində işgəncə otağının hazırlanması haqda göstərişi Mais Bərxudarovdan aldığını demişdi: “Belə olan halda, niyə Mais Bərxudarov dindirilməyib?”
Generalın vəkili Müdafiə naziri Zakir Həsənov, keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Hərbi prokuror Xanlar Vəliyev, onun müavini Şəfahət İmranov, sabiq Baş prokuror Zakir Qaralov, onun müavini olmuş Rüstəm Usubov və başqa çoxsaylı vəzifəli şəxslərin də dindirilməsinin zəruri olduğunu vurğulayıb. Lakin Bəkir Orucov bildirib ki, vəkilinin adını çəkdiyi şəxslərdən ancaq Mais Bərxudarovun dindirilməsini istəyir.
Vəsatətə münasibət bildirən prokuror Vüsal Mehrəliyev deyib ki, Adil Sabirli öldürüldüyü gün Mais Bərxudarov Beyləqan ərazisində olmayıb, anten məlumatları bunu sübut edir. Həmin gün Bəkir Orucovla Mais Bərxudarov arasında telefon danışığı olub. Bu zaman Mais Bərxudarov hava limanında olub.
Prokurorun sözlərinə görə, Mais Bərxudarov həmin vaxt hadisə yerində olmadığına görə onu dindirməyə də ehtiyac yoxdur.
Məhkəmə prosesi avqustun 24-də davam etdiriləcək.
Aytən, Bizimyol.info