Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağda yaşayan azsaylı ermənilərin hüquqları Naxçıvanla müqayisədə eyni tərəziyə qoyula bilməz"
"Qarabağda yaşayan azsaylı ermənilərin hüquqları Naxçıvanla müqayisədə eyni tərəziyə qoyula bilməz"

Ermənistanın 30 ildən artıqdır ki, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin heç birini icra etmədiyi halda bu qurumda suveren ərazilərimizdə Azərbaycanın hər hansı fəaliyyətini müzakirə etmək anlaşılan deyil. Bu qətnamələrdə Qarabağda yerləşən bütün xarici silahlı qüvvələrin tərk edilməsi tələb edilsə də, hələ də Ermənistana aid qanunsuz ordu birləşmələri orada yerləşməyə davam edir. Eyni zamanda 10 noyabr 2020-ci il razılaşmasına görə, işğalçı qüvvələr qısa müddətdə Azərbaycan ərazilərini tərk etməsi barədə maddə yerinə yetirmir.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Vasif Əfəndi danışıb. Politoloq qeyd edib ki, mövcud durumda BMT Təhlükəsizlik şurasında guya Xankəndində yaşayan bir neçə min erməni milliyətindən olan insanların aclıq çəkməsi və humanitar fəlakətlə qarşı-qarşıya durması barədə səsləndirilən iddialar qeyri ciddidir və birmənalı olaraq ikili standart yanaşmasıdır.

Vasif Əfəndiyev Vasif Əfəndi

Politoloq hesab edir ki, BMT TŞ Azəraycanla Ermənistan arasında sülhün təmin edilməsi niyyətini güdürsə, ilk növbədə bölgədən bütün xarici qanunsuz hərbi strukturların tərk edilməsinə nail olmalıdır.

“Bu mənim 16 avqust tarixli BMT TŞ-də təşkil edilən dinləmələrin keçirilməsinə münasibətimdir. BMT-dəki nümayəndəmiz vəziyyətlə bağlı geniş çıxış edərək, beynəlxalq ictimaiyyəti erməniləri və onun aktiv kor dəstəkçisi Fransanın qeyri konstruktiv və sülhün əldə olunmasına bilərəkdən maneçilik törətməsini diqqətə çatdırması ilə yanaşı bir çox ölkələr bizim mövqeyimizi dəstəkləyən çıxışlar etdilər. Hər zaman olduğu kimi Türkiyə və Albaniya ədalətin yanında dayandılar. ABŞ, İngiltərə və Çin ümumi çağırışlarla sülhə çağırış etdilər. Rusiyanın mövqeyi də indiki şəraitdə qəbulolunandır. Adları çəkilən böyük dövlətlər eyni zamanda Ağdam-Xankəndi alternativ yolun açılmasının mümkünlüyünü deməklə, əslində mövcud durumu qismən də olsa düzgün qiymətləndiriblər”-deyən politoloq bildirib ki, BMT nümayəndəmiz çıxışını daha çox 30 ildən artıq bir zaman çərçivəsində Naxçıvan Muxtar Respublikasının blokadasına yönəltməli idi.

Vasif Əfəndinin sözlərinə görə, bu gündən etibarən bu istiqamətdə geniş siyasi kampaniya başladılmalıdır. Qarabağda yaşayan az saylı ermənilərin hüquqları 462 min əhalisi olan Naxçıvanla müqayisədə eyni tərəziyə qoyula bilməz.

“Bu günlərdə Rusiya Xarici işlər naziri Lavrovun Qarabağ iqtisadi rayonu ərazisində yaşayan ermənilər üçün təqdim etdiyi hüquqlar layihəsi onlara status tanımaq anlamına gələ bilər. Qarabağ bölgəsində yaşayan ermənilər ilk növbədə Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Azərbaycan vətəndaşları üçün bütün hüqüq və azadlıqlar Konstitusiyamızda təsbit olunub. Ermənilər Azərbaycanda yaşayan heç bir millətdən artıq hüquqlara malik ola bilməz”-deyə Vasif Əfəndi vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »