Kələxana türbələri, Şamaxı rayonu Kələxana kəndində yerləşən məzar kompleksidir. Əvvəllər burada 9 məzar olsa da, bu günümüzə onlardan 8-i gəlib çatıb.
Düzünü desək, Kələxana kəndi Şamaxıdan 6-7 km uzaqda olsa da, kəndə gedib çıxmaq, o qədər də asan deyil. Kəndə bir neçə yol gedir və maraqlısı budur ki, naviqasiya hər dəfə bir yol göstərir. Qısacası 15 dəqiqəlik yolu, bir saata həyəcanla gedib çıxa bilirsən.
Bu dəfə də elə oldu. Naviqasiyanın göstərdiyi istiqamət bizi səhv yerə götürdü. Sonradan yerli sakinlərdən soruşa-soruşa Kələxanaya gedib çıxıdıq. Biz çatanda artıq gün düşmüşdü. Xəfif bir qaranlıq çökmək üzrəydi. Bu da türələri daha əsrarəngiz və sehrli göstərirdi. Hər zamankı kimi qumrular türbələrin üzərində uçuşurdu. Ətrafda bir qrup sakin gəzir, türbələrə baxırdı.
Əvvəllər burada bulaq vardı, deyirdilər müqəddəs bulaqdır. Bu dəfə bulağa yaxınlaşdığımız zaman müasir üsulla turbalar vasitəsilə çəkilmiş olduğunu gördük. Türbələri gəzdik. Bu sehirli aləmin sehrini dərindən anlamağa çalışdıq.
Türbələrdən birinin üzərində olan kitabəyə görə, türbə 1663-1664 cü ildə memar Əmir Əbdüləzim Əli oğlu tərəfindən inşa edilib. Türbələrdən bəzilərinin müdafiə divarları dağılsa da, bəziləri günümüzə qədər gəlib.
Maraqlısı budur ki, Kələxana türbələrinin qəribə aurası var. Deyilənə görə bu türbələrdə dəfn edilən şeyxlər dövrünün ruhani insanları olub. Türbələrin yerləşmə forması, bir-birinə olan məsafəsi və tikiliş forması o qədər qeyri-adidir ki, bura gəldiyin zaman özünü başqa aləmdə hiss edirsən. Türbələr əhəngdaşından tikilib. Demək olar ki, hamısı eyni quruluşdadır, ancaq girişlərində memarlıq bölgüləri türbələrə fərqlilik verir.
Xatırladaq ki, Kələxana türbələri 1960 illərdə bərpa edilib. Həmin dövrdən 60 ildən çox keçməsinə baxmayaraq, sonradan türbələrdə bərpa işləri aparılmayıb.
Əvvəllər bura pir kimi qəbul edilirmiş. İnsanlar bu əraziyə gələr, qurbanlar kəsərmiş. İndi isə, sadəcə uzaqdan baxmağa gəlirlər. Əslində bu türbələr bərpa edilsə, turistlərin diqqətini çəkən bir məkana çevrilə bilər. Ancaq görünən odur ki, Mədəniyyət Nazirliyi sadəcə olaraq türbələrin üzərindəki lövhələri yeniləməklə işini bitmiş hesab edir...
Kələxana türbələri bizə tariximizin yadigarıdır... Sakit, səssiz və sehrli...
İradə Cəlil, Bizimyol.info