“Ögey ana” filmini necə həyacanla izlədiyinizi xatırlayırsınızmı? Kəndə yeni gələn Dilarə, anasını itirmiş, "dəcəl" uşaq İsmayıl, Cəmilə... İsmayılın dünyasını dəyişmiş anasının şəkili ilə söhbəti... Bilirdinizmi, “Ögey ana” filmi indiki “Şahdağ Milli Parkı”nın ərazisində, yəni İsmayıllı rayonunun Buynuz kəndində çəkilib?! Filmin əsas obrazlarından balaca İsmayılın “Kəndimiz” mahnısını ifa etdiyi səhnə, Şahdağ Milli Parkına bu gün də xüsusi cazibə verən ağacda çəkilib.
Parkın əməkdaşı Rafael Musayev deyir ki, 1958-ci İldə Ögey ana filmi bu ərazidə çəkilib. Bu gün "Şahdağ Milli Parkı"na, xüsusilə yerli turistləri cəlb etmək üçün ağaca “İsmayıl”-ın 3D fotosu yerləşdirilib.

“Hazırda da həmin ərazi milli parkın mühafizəsinə düşdüyü üçün və gələn turistlərin bu ağaca olan diqqətini çəkməkdən ötrü simvolik burada 3D formatda şəkil qoymuşuq. Gələcəkdə həmin filmdən maraqlı epizodları burada canlandırmağı planlaşdırırıq ki, turistlərin bu ərazilərə maraq və diqqətini daha çox artıra bilək”-deyə Rafael Musayev əlavə edib.
Rafael Musayev, "Şahdağ Milli Parkı"ndakı gəzinti zamanı bizə göy-göl çayı haqqında da məlumat verdi.
“Filmdə balaca İsmayıl öz ögey bacısı ilə körpünü keçən vaxtı yıxıldığı çay - “göy-göl” çayı o vaxtdan necə görmüşüksə, o cür qalıb və öz təbiiliyini qoruyub saxlayıb. Qarşıda dağın çılpaq hissəsi var. “Ögey ana” filmi çəkilənə qədər, yəni 1958-ci ilə qədər dağın arxasında olan 3 kəndə maşın yolu olmayıb. Yalnız və yalnız çayın içindən piyada yolu, at yolu olub. Kino çəkilişində dağ partladıldıqdan sonra o kəndlərə artıq texnika ilə getmək mümkün olub”-deyə Rafael Musayev qeyd edib. O, bildirir ki, filmdə təhlükəli səhnələrdə İsmayılın dublyoru Qalacıq kənd sakini Vaqif Babayev oynayıb. Qısaca, Həbib İsmayılovun lentə alındığı “Ögey ana” filmi üçün Buynuz, Qalacıq, İstisu kəndlərinin sakinləri səfərbər olub.
Film çəkildiyi dönəm kifayət qədər tanınıb, izlənilib və sevilib. Bu gün üçün filmdən qalan sadəcə xatirələrdir...
“Ögey ana” filminin çəkildiyi əraziləri görmək istəsəniz, bunun üçün “Şahdağ Milli Parkı”na gəlmək kifayət edir...
İradə Cəlil,Bizimyol.info