Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zubr, maral, itburnu, "Ögey ana"... - “Şahdağ Milli Parkı”nın İsmayıllı bölməsindən video reportaj
Zubr, maral, itburnu, "Ögey ana"... - “Şahdağ Milli Parkı”nın İsmayıllı bölməsindən video reportaj

“Şahdağ Milli Parkı”nı Azərbaycanın əsrarəngiz ərazilərindən hesab etmək olar. Parkın İsmayıllı rayon Buynuz kəndinə olan şöbəsinə getmək üçün Bakıdan yola çıxırıq. Böyük bir ərazidə yolda sürət həddi saatda 60 km qoyulub. Bir təhər bu ərazilər keçib, nəhayət yola davam edəcəyimizi düşünürük ki, yollarda həyata keçirilən təmir işləri qarşımızı kəsir. Kələ-kötür qaşınılmış yollar, tikinti işlərini həyata keçirən ağır texnika yolda sürət həddinin təkrar azaldılmasına səbəb olur. Elə ərazilər var ki, həmin yerlər üçün sürət həddi saatda 30 km təyin edilib. Getmirsən, avtomobil idarə etmirsən, rəsmən sürünürsən. Bəzi sürücülər isə, sanki qızmar yay havasında, tozlu, kələ-kötür yollardan zövq alırmışlar kimi bu sürət həddini bir qədər də aşağı salıb, 20 ilə sürünürlər. Həqiqətən maraqlıdır ki, ölkədə bu yol təmiri nə zaman bitəcək. 3-4 ildir ki, İsmayıllı-Qəbələ yolu təmir üçün sökülüb-tökülüb, ortada nə fal var, nə yumurta... Nə isə... Mətləbdən çox uzaqlaşmayım. Bu qədər narahatlıqların içində Şahdağ Milli Parkının ürəyimizi açacağını düşünürəm. Ümidliyəm...

Nəhayət “Şahdağ Milli Parkı”na çatırıq. Parkın əməkdaşı Rafael Musayev bizi qarşılayıb, parkın bütün ərazisini gəzdirir. Deyir ki, “IDEA” İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “WWF” İctimai Birliyi,-in Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana “Şahdağ Milli Prkına” zubrlar gətirilib. Gətirilən zubrlar bir müddət volyerlərdə saxlanılır, adaptasiya prosesini başa çatdırdıqdan sonra Parka buraxılacaq.

Rafael Musayev Rafael Musayev

Rafael Musayev qeyd edir ki, layihə 2028-ci ilə qədər davam etdiriləcək. Onun sözlərinə görə, layihəyə 2019-cu ildə başlanılıb. Parkın ərazisində zubrlar üçün xüsusi ərazi ayrılıb. Zubrlar parkın ərazisində otlar və ağac yarpaqları ilə yanaşı, gündə iki dəfə əlavə yem ilə də qidalandırılırlar. Daha sonra Rafael Musayev bizi zubrların saxlanıldığı əraziyə aparır. Burada zubrları canlı şəkildə görürük.

Qeyd edək ki, hazırda parkda 48 baş zubr var.

Rafael Musayev həmçinin bildirib ki, 2022-ci ilin noyabr ayında Şahdağ Milli Parkının İsmayıllı bölməsində nəcib maralların reintroduksiyası layihəsi çərçivəsində ilk marallar gətirilib.

“IDEA” İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən reintroduksiya layihəsi çərçivəsində marallar ilkin olaraq Şahdağ Milli Parkında xüsusi ayrılmış yerdə adaptasiya dövrü keçəcək, bundan sonra ölkənin müxtəlif bölgələrində təbiətə buraxılacaq. Hazırda parkda maral balaları da var. Və ziyarətçilər marallara və zubrlara böyük maraq göstərirlər.

maral, Şahdağ Milli Parkı / Foto: İradə Cəlil, Bizimyol.info maral, Şahdağ Milli Parkı / Foto: İradə Cəlil, Bizimyol.info

“"Qırmızı kitab"a daxil edilən marallar Böyük və Kiçik Qafqazda, Talış dağlarının meşələrində, Kür və Araz çaylarının tuqay meşələrində yaşayıblar”-deyən Rafael Musayevin fikrincə, nəcib marallar Azərbaycanda biomüxtəlifliyin daha da zənginləşdirilməsində böyük rol oynayacaq.

Rafael Musayev marallar haqqında da ətraflı məlumat verir. Milli Parkda yetişən böyürtkənlərin də dadına baxa bilirik. Ətrafa çox sayda itburnu, böyürtkən kolları yayılıb. İtburnu hələ yetişməyib. Parkda bir çox evlərdə “nəzərdən qorumaq” üçün asılan qaratikan koluna da rastlayırıq. Bu barədə sonrakı məqalələrdə danışacağıq.

Rafael Musayev deyir ki, Şahdağ Milli Parkını kəşf etmək və onun haqqında yazmaq üçün saatlar yetməz. Bunun üçün günlər, bəlkə də aylar lazımdır. Çünki Şahdağ Milli parkı o qədər zəngin təbiətə malikdir ki, yazmaqla, gəzməklə bitməz. Park ərazisində kanyonlar, yüzlərlə şəlalələr, sözün əsl mənasında möcüzələr var.

“Şahdağ Milli Parkı”na dövlətin xüsusi qayğısı və nəzarəti var. Elə parkın əməkdaşları da bura xüsusi önəm verir. Təkcə, iş yeri kimi deyil, evləri kimi yanaşırlar. Məsələn, elə Rafael Musayev, havanın qızmar isti olmasına baxmayaraq, saatlarını bizə ayırıb, parkı gəzdirir, məlumatlar verir və “yoruldum” demir.

Qeyd edək ki, “Ögey ana” filmi, məhz Şahdağ Milli Parkının indiki ərazisində lentə alınıb. Bu barədə Rəfael Musayev bizə ətraflı danışıb. “Ögey ana” filminin çəkilişləri zamanı yaşanan maraqlı hadisələr haqqında növbəti yazı və videolarımızda tanış ola biləcəksiniz.

İradə Cəlil, Bizimyol.info 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi.

Son xəbərlər
Bütün xəbərlər »